Yeganə Hacıyeva: “Təbii ki, Azərbaycan Ermənistana da şamil oluna biləcək heç bir əməkdaşlığa qol qoymayacaq”
İran paytaxtında üç ölkə başçısının görüşdüyü zirvə toplantısından sonra prezidentlər mətbuat konfransında bəyanatla çıxış ediblər. İran Prezidenti Həsən Ruhani bildirib ki, bu görüş İranla Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addım sayıla bilər:
“Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Əslində, bu iki qitəni “Şimal-Cənub” nəqliyyat dəhlizi birləşdirəcək. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Bu tranzit marşrutu Azərbaycan, Rusiya, Şərqi və Şimali Avropadan keçir. Eləcə də avtomobil yolları və dəniz nəqliyyatı sahəsində də əməkdaşlığın genişləndirilməsini istəyirik. Biz Xəzərin sahilində yerləşən üç ölkə bu dənizin regionda sülh dənizi olaraq imkanlarından istifadə edib ölkələrimizin inkişafına nail olmalıyıq.
Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Biz bu sahədə çox önəmli bir addım atmışıq. Avrasiya İttifaqına birləşmək üçün biz mühüm bir addım atmışıq. Bu, İranla Avrasiya İttifaqı arasında əlaqələrin genişləndirilməsi üçün çox mühüm bir addımdır.Həmçinin, biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik”.
Zirvənin İran-Avrasiya İttifaqı yaxınlaşmasına nə kimi təsiri ola bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, İran prezidenti bu məsələdə yəqin ki, sırf Rusiya ilə yaxınlaşmanı nəzərdə tutur: “Çünki məlumdur ki, Azərbaycan həmin qurumda təmsil olunmur. Belə olan təqdirdə, Azərbaycanın da iştirakı ilə keçirilən zirvəni Avrasiya İttifaqı ilə yaxınlaşma kimi qeyd etmək doğru olmazdı. Çünki bu formatda Avrasiya İttifaqı ilə əməkdaşlıq perspektivləri müzakirə edilməyib. Bilirsiniz ki, Avrasiya İttifaqı sırf Rusiyanın layihəsidir və həmin qurum daxilində dominantlıq Moskvaya məxsusdur. Yəqin ki, İran Prezidenti məsələyə bu kontekstdən yanaşıb ki, Rusiya ilə əldə olunan nəticələr həm də İran-Avrasiya İttifaqı münasibətlərinə də şamil edilə bilər. Məhz bu səbəbdəndir ki, məsələyə İranla qurum arasındakı münasibətlər kontekstindən qiymət verib. Azərbaycanın Avrasiya İttifaqı ilə bağlı mövqeyi bir qədər fərqlidir və inanmıram ki, belə bir formatda ölkəmiz həmin qurumla da əməkdaşlığı önə çəksin. Çünki Avrasiya İttifaqında işğalçı Ermənistan da təmsil olunur ki, bu da Azərbaycan üçün məqbul deyil. Biz haqlı olaraq Ermənistanı təcavüzkar siyasətinə görə bütün layihələrdən qıraqda saxlayırıq. Ola bilsin ki, İranla Rusiya həmin ölkə ilə hansısa əməkdaşlığı nəzərdən keçirir. Bu, Avrasiya İttifaqı çərçivəsində də olar bilər. Biz buna qol qoya bilmərik. Azərbaycanın Avrasiya İttifaqına daxil olan ölkələrin hər birilə ayrıca siyasi, iqtisadi, mədəni münasibətləri var və bu bizim üçün yetərlidir. Ruhaninin Avrasiya İttifaqı ilə İran arasında yaxınlaşma barədə dedikləri yalnız Rusiya ilə Tehran arasında razılaşdırıla bilər. Təbii ki, Azərbaycan Ermənistana da şamil oluna biləcək heç bir əməkdaşlığa qol qoymayacaq”.
Məhəmmədəli QƏRİBLİ