Elşən Həsənov: “Yekun bəyannamədə belə bir müddəanın qeyd olunması müsbət haldır”
Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü başa çatdıqdan sonra dövlət başçıları Tehranda keçirilmiş üçtərəfli görüşün yekunlarına dair Birgə Bəyannamə də qəbul ediblər.
Bəyanatda, həmçinin, qeyd olunur ki, həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir: “Tərəflər bölgədə həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli maneə olduğunu təsdiqləyərək, münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında, danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırlar”. Tərəflərin belə bir razılığa gəlməsi həll olunmamış münaqişələrin həlli prosesinə necə təsir edəcək?
Ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, baş tutan görüş formatı buna ümid yaradır: “Qəbul edilən bəyannamənin mətnindən görünür ki, tərəflər nəinki onları, ümumilikdə bütün bəşəriyyəti narahat edən konfliktlərin tezliklə həllində maraqlıdırlar. Rusiya ilə İran dünyanın böyük ölkələrindən sayılır. Bu ölkələrin yaranmış konfliktlərin həllinə təsir imkanları böyükdür. Təbii ki, bu xüsusda ilk olaraq Dağlıq Qarabağ konflikti nəzərdə tutulur. Mümkün konfliktlər deyəndə ilk növbədə bunu nəzərdən keçirməliyik. Çünki bu konflikt həm miqyasına, həm də hər üç ölkənin təmsil olunduğu regionda yerləşdiyinə görə narahatlıq doğurur. Rusiya problemin həlli ilə məşğul olan həmsədr ölkələrdən biridir. Eyni zamanda, Ermənistana ciddi təsir imkanlarına malikdir. İran da Ermənistanla birbaşa quru sərhədlərə malikdir. Son vaxtlar İran hakimiyyətinin də konfliktin həllilə bağlı ümidverici bəyanatlarının şahidi oluruq. Ancaq biz istərdik ki, hər iki ölkənin bu istiqamətdə səyləri gözə dəysin. İstək yalnız kağız üzərində ifadə edilməsin. Dağlıq Qarabağ konfliktinin həlli çox sadədir. Bunun üçün Ermənistana təzyiq etmək lazımdır. Biz İran və Rusiyadan bunu gözləyirik. Hər iki ölkənin Suriya konfliktinə də təsir imkanları var və onlar Yaxın Şərqdə gedən proseslərin əsas oyunçuları sayılır. Hətta mən deyərdim ki, müttəfiqlik münasibəti də ortaya qoydular. Azərbaycanın da Suriya ilə bağlı mövqeyi tam aydındır və zirvədə iştirak edən ölkələrdən dərin fərqlənmir. Yekun bəyannamədə belə bir müddəanın qeyd olunması müsbət haldır. Ümid edək ki, sənədə imza atanlar praktik olaraq da öz vədlərinə sadiq qalacaqlar”.
Məhəmmədəli QƏRİBLİ