Uzun illərdir həllini tapmayan Xəzərin hüquqi status problemi ilə bağlı vəziyyət artıq dəyişməyə doğru gedir. Belə görünür ki, yaxın tezlikdə dənizin sahilyanı ölkələr arasında bölünməsi tam başa çatacaq və bu, Xəzərdə enerji hasilatı sahəsində mübahisəli problemlər məsələsinə də birdəfəlik son qoyacaq. Belə vəziyyətdən ən çox uduşlu çıxan ölkələrdən biri qismində isə Azərbaycan çıxış edir.
Xatırladaq ki, Türkmənistan və İranla mübahisə predmeti olaraq qalan yataqların hələ də işlənməməsindən ən çox Azərbaycan əziyyət çəkir. Bundan başqa, sahilyanı ölkələr arasında da müəyyən layihələrin həyata keçməməsi məhz dənizin statusunun müəyyən olunmamasının nəticəsidir. Amma son vəziyyətin təhlili dənizin status məsələsində ciddi yeniliklərin olmasını istisna etmir. Bunu Tehran şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli zirvə görüşü zamanı səslənən fikirlər də deməyə əsas verir.
Qeyd edək ki, görüşdə üç ölkə arasında əlaqələrin hazırkı durumu və gələcək inkişaf perspektivləri müzakirə olunub. Dövlət başçıları enerji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Bu sıraya dənizin hüquqi statusu da aiddir. Rusiya prezidenti Vladimir Putin görüş fonunda tezliklə status məsələsində ciddi irəliləyişlərin olacağının ilkin anonslarını verib: "Yaxın zamanlarda Xəzərin statusu ilə bağlı bütün məsələlərin razılaşdırılacağına ümid edirik. Biz doğrudan da üçtərəfli formatın vacib məsələlərini müzakirə etmişik. Əminəm ki, bu cür açıq, müsbət nəticəyə yönümlü işləməklə bizim fəaliyyətimiz ölkələrimizə, dövlətlərimizə və xalqlarımıza xeyir gətirəcək. Biz digər sektorlarda münasibətlərin inkişafından da danışmışıq. Bizim nöqteyi-nəzərimizcə humanitar, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, dövlətlərimizin regionları arasında əlaqələr və təbii ki, mədəniyyət sahəsində əlaqələr olduqca mühümdür. Təbii ki, mənim həmkarlarım da bu barədə danışdılar. Biz hamımız Xəzəryanı dövlətlərik. Ümidvaram ki, biz Xəzər problematikası, Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda imzalanacaq razılaşmalarımızın bütün parametrlərini uyğunlaşdıracağıq".
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də dənizin statusu ilə bağlı nikbin fikirlər səsləndirir. Qeyd olunan xüsusda o bildirir: "Xəzəryanı ölkə başçılarının sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin isə dekabrda Moskvada sammitə hazırlığı müzakirə etməsi gözlənir. Bu istiqamətdə iş gedir. Hazırda biz bu sənədin müəyyən detallarını bitirməyə çalışırıq. Ola bilsin, xarici işlər nazirlərini bu ilin dekabrında Moskvada bir araya gətirməyə nail olaq ki, gələn il yaza yaxın həlledici sammiti təşkil edək. Bu dəfə sammit Qazaxıstanda, Astanada keçirilməlidir". Karasın vurğulayıb ki, Xəzər dənizi böyük beynəlxalq problemlər, gözlənilməz fərqli yanaşmalar fonunda əməkdaşlıq nümunəsi olmalıdır: "Bu bütün beş ölkəyə regiondan kənar oyunçulardan mehribanlıq gözləməməyə, müstəqil hərəkət etməyə və yaxşı regional əməkdaşlıq nümunəsi olmağa imkan verəcək". Bütün bunlar fonunda Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın Xəzəryanı ölkə başçılarının növbəti sammitində imzalanması tam gözlənilən sayılır. Azərbaycan tərəfi də məsəəlyə nikbin yanaşır. Xarici işlər naziri Elmar Məmmədyarov tezliklə bu istiqamətdə mühüm addımların atılacağını bildirir: "Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Gələn il Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək. Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Bu istiqamətdə irəliləyişlər var".
İran tərəfi də məsələyə müsbət yanaşma sərgiləyir. Elə bu günlərdə prezident Həsən Ruhani bildirib ki, İran Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiqdir. Energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran prezidenti ümid etdiyini bildirib ki, Xəzərin statusu ilə bağlı səyləri əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür. Həsən Ruhaninin fikirlərindən də aydın görünür ki, İran dənizin status məsələsinin həllində artıq maraqlı tərəf kimi çıxış edir. Eyni sözləri Türkmənistan barədə də demək olar. O da bildirilir ki, artıq Azərbaycanla Türkmənistan "Kəpəz" neft yatağı ilə bağlı mübahisənin aradan qalxmasında müvafiq addımlar atmağa hazırlaşır. Bunun bir səbəbii də Azərbaycanın sahilyanı ölkələr üçün tranzit baxımından müstəsna əhəmiyyət kəsb etməsidir. Belə ki, Azərbaycan qonşu ölkələrin karbohidrogen ehtiyatlarını daşıması üçün özünün mövcud olan və digər yarana biləcək infrastrukturlarını açıq elan edib. Bu fonda Türkmənistan Azərbaycana daha çox maraq göstərir və məhşur "Transxəzər" kəmərinin reallaşması üçün Bakı ilə təmaslarını intensivləşdirir. Bu fonda Xəzərin hüquqi statusunun müəyyən edilməsi isə daha da asanlaşır. Ekspertlərin fikrincə, Xəzərin statusu ilə bağlı məsələnin həlli bütün sahilyanı ölkələrə sərf edir. Verilən rəsmi açıqlamalar isə yaxın tezlikdə artıq status probleminə birdəfəlik son qoyulacağını deməyə əsas verir.
Tahir TAĞIYEV