Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Ermənistanda narahatlıq yaradan daha bir məsələ “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir. Düşmən ölkədə hesab edilir ki, bu dəhlizin əsas təşəbbüskarlarından biri olan Azərbaycan “Şimal-Cənub”un işə salınması ilə Ermənistanın təcridinin daha da dərinləşməsinə nail olacaq. Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə “Şimal-Cənub”un müzakirəsi isə Ermənistanın narahatlıqlarını daha da artırıb.
Məsələ ilə bağlı prezident İlham Əliyev bildirib ki, nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir: “Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikib istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb. Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılıb. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Bu yol “Şimal-Cənub” nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatıb”.
Qeyd edək ki, Astara-Astara dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri bir qədər əvvəl yekunlaşıb, Astara çayı üzərində dəmir yolu körpüsünün inşası da başa çatdırılıb. “Şimal-Cənub” nəqliyyat dəhlizinin bir hissəsi olan bu yolla yük qatarlarının hərəkətinə noyabrın sonunda başlanacaq. İran prezidenti Həsən Ruhani də bu fonda bildirib ki, hər üç dövlət iqtisadi maraqlarını əks etdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tam şəkildə başa çatması üçün səylərini artıracaq. Onun sözlərinə görə, dəhlizin mühüm hissəsini təşkil edən Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilməsi İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək: “Qərara alınıb ki, dəhlizin formalaşması istiqamətində aparılan işlər daha da sürətləndirilsin. Bu dəhliz həm iqtisadi baxımdan səmərəlidir, həm də xalqların daha da yaxınlaşması üçün zəmin yaradacaq. “Şimal-Cənub” dəhlizi hər üç dövlət üçün strateji xarakter daşıyır”. Beləliklə, bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən yeni bir meqalayihənin istfifadəyə verilməsi Azərbaycana yeni əlavə üstünlüklər qazandıracaq. Hesablamalar göstərir ki, bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından isə 800 kilometr daha az məsafə qət ediləcək. Elə bu da “Şimal-Cənub” dəhlizinə beynəlxalq marağın da kifayət qədər yüksək olacağına tam təminat yaradır. Bu durum həm də ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə yeni töhfələr deməkdir. “Şimal-Cənub” nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır.
Yuxarıda qeyd olunduğu kimi, yaranmış vəziyyət Ermənistanda ciddi təşviş yaradır. Məsələn, “İravnuk” qəzeti yazır ki, Bakı-Tiflis-Qarsdan sonra “Şimal-Cənub” dəhlizinin işə salınması Azərbaycanı gücləndirdiyi halda, Ermənistanı yeni problemlərə düçar edəcək. İlk növbədə ona görə ki, Ermənistanın həyata keçirmək niyyətində olduğu layihələrin üzərindən “Şimal-Cənub” dəhlizi ilə birdəfəlik xətt çəkilir. Məsələn, məlumdur ki, Ermənistanın ortaya atdığı İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri ilə bağlı təşəbbüsləri elə bundan sonra da təşəbbüs olaraq qalacaq. Hesab olunur ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi isə, Ermənistanın fantastik təşəbbüsləri ilə yanaşı, bu təşəbbüslərdən yararlanmağa çalışan dairələrin iddialarını da sıradan çıxarır və region dövlətlərinin real perspektivlər üzərindən əməkdaşlığına zəmin yaradır. Ermənistan mətbuatı yazır ki, bu durumda ölkədə hansısa inkişafdan danışmağa dəyməz və belə vəziyyətdə əhali üçün yeganə çıxış yolu başqa ölkələrə üz tutmaqdır. Elə indinin özündə də, mətbuatın yazdığına görə, Ermənistanda əhalinin sayı sabit qaydada azalır ki, bu da ölkənin gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.
Nahid SALAYEV