Azərbaycan üçün ən önəmli məsələlərdən biri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsinin aparılması və ən əsası, bu məsələnin yekun bəyannamədə öz əksini tapması idi. Bunu “Trend”-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib: "Bəyannamədə deyilir ki, Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması regional inteqrasiyaya maneədir. Bəyanatda problemin bu günə qədər beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar əsasında həll edilməsi də vurğulanır. Bu olduqca əhəmiyyətli detaldır. BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi qətnamələrdə erməni işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur".
Deputat bildirib ki, bundan başqa, görüşdə çoxsaylı iqtisadi, nəqliyyat-kommunikasiya, ticarət, terrorizmlə mübarizə, Xəzər dənizində narkotik malların daşınmasının qarşısının alınması, hər üç ölkənin enerji xətlərinin birləşdirilməsi və paralel fəaliyyəti kimi olduqca mühüm məsələlər müzakirə edildi ki, bütün bunlar tərəflərə böyük iqtisadi və siyasi dividendlər vəd edir: "Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionun gələcək inkişafı və təhlükəsizlik məsələlərinin təmin olunması baxımından mühüm əhəmiyyətli görüş idi. Diplomatiyada üçrərəfli format kimi qiymətləndirilən yeni format ideyası Azərbaycana məxsusdur və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatından sonra Azərbaycan-Rusiya-İran formatı ikinci belə əməkdaşlıq və tərəfdaşlıq formatdır. Bu format çərçivəsində İranda baş tutan zirvə görüşü də Bakı zirvəsindən sonra ikinci belə görüş idi. Tərəflərin razılığına əsasən, üçüncü belə görüş Rusiya Federasiyası prezidentinin təşəbbüsü ilə gələn il Rusiyada baş tutacaq".
H.Babaoğlu qeyd edib ki, tərəflər arasında belə görüşləri vacib edən çoxsaylı səbəblər var: "Birincisi, bu tipli görüşlərdə hər üç ölkənin milli maraqlarına uyğun olan məsələlərin müzakirə və eyni zamanda koordinasiya edilməsidir ki, bu olduqca vacib məqamdır. İkincisi, hazırda beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb siyasi-iqtisadi proseslər regionumuza ciddi şəkildə təsir göstərir ki, belə təsirlərdən qorunmağın ən effektiv yolu birgə fəaliyyətdir. Qlobal təsirlərdən və təhdidlərdən bir ölkənin təkbaşına qorunması indiki şəraitdə olduqca çətindir. Üç ölkə prezidentlərinin görüşlərində qarşılıqlı inteqrasiya, yeni nəqliyyat dəhlizinin yaradılması, Xəzər ekvatoriyasında təhlukəsizlik, regionun enerji təhlükəsizliyi və s. məsələlərlə yanaşı, bütövlükdə regional təhlükəsizlik məsələləri də müzakirə predmeti oldu”.
Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Bunu isə Agentliyə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirovun sözlərinə görə, Tehranda keçirilmiş budəfəki görüşün əhəmiyyəti onunla bağlıdır ki, dövlət başçıları üçtərəfli əməkdaşlıq formatına sadiq qaldıqlarını nümayiş etdirdilər: “Görüşdə bundan sonra da üçtərəfli formatda müxtəlif istiqamətlərdə, o cümlədən enerji, təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişafı ilə bağlı konkret mövqelər ortaya qoyuldu”.
Deputatın fikrincə, eyni zamanda, görüşün ən mühüm iqtisadi əhəmiyyəti isə ondan ibarət idi ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu üç ölkə ilə xüsusilə bağlıdır: “Yüklər Pakistandan İrana, İrandan Azərbaycana, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Avropaya daşınacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin ən mühüm birləşdirici ölkələri Azərbaycan, Rusiya və İrandır. Azərbaycan paytaxtında keçirilən ilk görüşdə bu üçtərəfli əməkdaşlığın əsası qoyuldu və İranda bu əməkdaşlıq daha da genişləndirildi”.
E.Nəsirov vurğulayıb ki, Bakı-Tiflis-Qars dəmir yolunun ardınca Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı atılmış bu addım hər üç dövlətin Avropa ilə Asiya arasında nəqliyyat daşımalarında rolunu və çəkisini daha da gücləndirir: “Hesab edirəm ki, bu görüş təkcə üçtərəfli deyil, ikitərəfli əlaqələr baxımından da əhəmiyyətlidir. Belə ki, Azərbaycan dövlət başçısının həm Rusiya, həm də İran prezidenti ilə ikitərəfli görüşləri keçirildi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıldı, ortaq mövqelər ortaya qoyuldu. Belə görüşlərin keçirilməsi regionda əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir”.
Xatırladaq ki, prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin ilk üçtərəfli görüşü 2016-cı il avqustun 8-də Azərbaycanda keçirilib.