“Bakı-Tiflis-Qars dəmir yolu nəqliyyat xəritəsində Çin və Avropa İttifaqı arasında orta dəhlizdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Tiflisdə keçirilən Gürcüstan-Estoniya biznes forumunda deyib.
“Gürcüstan Avropa və Asiyanı birləşdirən strateji nəqliyyat dəhlizlərini inkişaf etdirir. Tarixi “İpək yolu”nun bərpası çərçivəsində iki gün əvvəl Türkiyə və Azərbaycan prezidentləri, Qazaxıstan və Özbəkistan baş nazirləri ilə birgə Bakı-Tiflis-Qars dəmir yolunun açılışını etdik”, - deyə baş nazir qeyd edib.
G. Kvirikaşvili bildirib ki, Qara dəniz sahilində inşa olunacaq yeni Anakliya dərin dəniz limanı Çindən Avropaya olan ən qısa yol üzərində yerləşir: “Bu liman “İpək yolu”nun çox vacib qapılarından biridir”.
Türkiyə professoru: “Ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır”
”Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir”. Bu sözləri Bakı-Tiflis-Qars dəmir yolunun açılışını APA-ya şərh edən Türkiyənin tanınmış iqtisadçısı, keçmiş millət vəkili, ”Yeniçağ” qəzetinin iqtisadi məsələlər üzrə şərhçisi, professor Esfender Korkmaz deyib.
E. Korkmaz xatırladıb ki, bu layihə 1980-ci ildən sonra gündəmə gəlmişdi: “Qars-Ardahan və İğdır İnkişaf Vəqfi olaraq biz daima bu layihəni gündəmdə saxlamışıq. Layihəni həyata keçirmək Türkiyə və Azərbaycanın hörmətli prezidentlərinə qismət oldu. Böyük uğurdur. Bir vaxtlar layihəni xoş niyyətlə dəstəkləməsinə baxmayaraq, Gürcüstanda yol təhlükəsizliyinin lazımi şəkildə olmaması və ölkənin büdcə imkanlarının məhdudluğu işlərin bir müddət gecikməsinə səbəb oldu. Bu layihə dünya miqyaslı bir iş olduğuna görə, onun önəmi ikiqat artıqdır. Ancaq burada ən mühüm məsələ dəmir yolu xəttinin Türkiyə ilə Azərbaycanı bir-birinə bağlamasıdır. Türkiyə və Azərbaycan bu fürsətdən çox yaxşı istifadə etməlidir. Çünki qloballaşan dünyada əməkdaşlıq edən, imkanlarını birləşdirən ölkələr daha çox uğur qazanırlar. Türkiyə və Azərbaycanın iqtisadi xüsusiyyətləri bir-birini tamamlayıcı xarakterdədir. Ona görə də imkanların birləşdirilməsi hər iki ölkənin lehinədir. Bundan əlavə, dəmir yolu xətti hər iki ölkənin Orta Asiya türk respublikaları ilə iqtisadi əlaqələrinin inkişafında önəmli imkanlar yaradacaq”.
Aydın Hüseynov BTQ-ni tarixi və strateji əhəmiyyətli qlobal layihə adlandırdı
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bunu “Trend”-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu proses bir daha Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət yürütdüyünü sübuta yetirdi: "Bu layihənin reallaşmasını istəməyən qüvvələr var idi. Bu layihədə Azərbaycan təkcə tranzit ölkə kimi deyil, aparıcı dövlət rolunu oynayacaq. Layihə Avropa ilə Asiyanı birləşdirən coğrafi məkanda yerləşən Azərbaycanın qeyri-neft sektorunun inkişafına da töhfələr verəcək".
A.Hüseynov qeyd edib: "Azərbaycan dövlətinin maraqlarına xidmət edən bütün layihələr reallaşdırılacaq. BTQ-nin reallaşdırılmasına maneələr olsa da, layihə həyata keçirildi. Bu, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində baş tutdu".
BTQ bölgədə sabitliyin və təhlükəsizliyin təminatı olacaq
Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq və bölgədə sabitliyin, təhlükəsizliyin təminatı olacaq. Bunu isə ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, regionda daha bir strateji əhəmiyyətli və qlobal layihə reallaşdırıldı: "Bu layihə XXI əsrin ən mühüm layihəsi olaraq qiymətləndirilə bilər. BTQ dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur və eyni zamanda, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".
Ekspert qeyd edib ki, belə qlobal layihənin iştirakçı dövlətlərin daxili hesabına maliyyələşməsi həm də bu qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan yaxın gələcəkdə də əsas təşəbbüskar olaraq, növbəti irimiqyaslı layihələri reallaşdırmaq gücünə malik ölkələrdəndir: "Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, eləcə də uğurlu siyasəti sayəsində son illər mühüm layihələr həyata keçirilib. Biz daim əminliklə bildirirdik ki, bu kimi layihələr ardıcıl xarakter alacaq".
O vurğulayıb ki, BTQ-nin istifadəsi zamanı bir çox sahələrdə əhəmiyyətli uğurlar əldə ediləcək: "Buraya turizmin inkişafını da əlavə etmək mümkündür. Həmçinin, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyəsi və qarşılıqlı sərmayə qoyulması artacaq. Ölkələr arasında əməkdaşlıq dərinləşəcək".
B.Quliyev layihə iştirakçıları olan dövlətlərin – Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə siyasi-iqtisadi mövqelərinin regiona yalnız səmərə verə biləcəyini bildirib: “BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan da hədsiz maraq göstərir. Orta Asiya ölkələri ilə də münbit əməkdaşlıq mühiti formalaşacaq. Eyni zamanda, Avropa ölkələri də BTQ layihəsinin verdiyi imkanlardan maksimum yararlanacaqlar. Bütün bunlar Azərbaycanın istər regionda, istərsə də beynəlxalq siyasi arenadakı mövqeyini gücləndirir. BTQ Azərbaycanın siyasi və iqtisadi potensialının növbəti göstəricisi olaraq, ölkəmizin bütün sahələrdəki təməllərini daha da möhkəmləndirmiş olacaq”.
Gürcüstan ekspertləri BTQ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyaya gətirəcəyi tərəqqidən danışdı
“Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsinin Cənubi Qafqaz regionu üçün çox mühüm əhəmiyyəti var. Bu yol Gürcüstan üçün faktiki olaraq Avropa ilə birinci dəmir yolu əlaqəsidir. Gürcüstan bu dəmir yolu ilə iqtisadi gücünü möhkəmləndirməyə nail olacaq”.
Bu sözləri APA-ya açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebiya deyib. O bildirib ki, BTQ həm də Çin tərəfindən elan olunmuş “Bir kəmər, bir yol” layihəsinin bir mərhələsidir: “Biz Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionunda yeni tərəqqiyə şahid olacağıq. Gələcəkdə Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələrinin təmsil olunacağı yeni iqtisadi birliyin yaradılacağını istisna etmirəm”.
B. Naçkebiya BTQ dəmir yolunun regionda siyasi vəziyyətə də müsbət təsir edəcəyini hesab edir: “Bu dəmir yolu regionda sabitliyi daha da möhkəmləndirəcək”.
Gürcüstanın İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli də BTQ dəmir yolunun böyük iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bakı-Tilis-Qars dəmir yolu həm Gürcüstan, Türkiyə, Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına artıq təsir edir. Gələcək nəsillər də bu layihənin əhəmiyyətini çox yüksək qiymətləndirəcək. Azərbaycan və Gürcüstan tərəfdaş ölkələrlə birgə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsinə nail olub”.
Ekspertin fikrincə, BTQ region ölkələrinin siyasi vəziyyətinə müsbət təsir edəcək: “Dəmir yolunun istifadəyə verilməsi bizə çox da dost olmayan ölkələr üçün zərbə oldu”.
Xəbər xidməti