Qabil Hüseynli: “Əlində kifayət qədər təzyiq resursları olan təsisatlar bu istiqamətdə bir iş görə bilmirsə, bunlar əbəs yerə özlərini niyə yorurlar ki?”
Gürcüstanın paytaxtı Tiflis şəhərində “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın I Qurultayı keçirilib. Qurultay iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan prezidenti Serj Sarkisyana müraciət ünvalayıblar.
Müraciətdə deyilir: “30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk Qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb. Ona görə də biz bu yeni yaranan “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” adından sizə müraciət edirik.
SSRİ-nin dağılmasından sonra öz müqəddəratını təyinetmə hüququndan istifadə edən Azərbaycan və Ermənistan müstəqil dövlət oldular. Lakin çox təəssüflər olsun ki, beynəlxalq hüquq və Avropada qəbul olunan Helsinki Yekun Aktı əsasında dövlətlərarası sivil əlaqələr Cənubi Qafqaz regionunda əsas meyara çevrilə bilmədi. İki ölkə arasında baş verən qanlı müharibənin fəsadları regionda hələ də sülh və sabitliyin bərqərar olmasına imkan vermir. On illiklər ərzində yaşından, cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq, müharibə odunun hər iki ölkəyə vurduğu maddi və mənəvi zərəri, o dəhşətləri yalnız statistik məlumatlarla ifadə etmək qeyri-mümkündür. Bu gün bütün təmas xəttində və hər iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri boyu səngərlər qazılıb və İkinci Dünya Müharibəsini xatırladan minalanmış ərazilər var. Səngərlərdə gənc erməni və azərbaycanlı əsgərlər snayper tüfənglərinin optik nişanlarından bir-birlərini izləyirlər. Hər iki ölkədə böyüyən gənc nəslin bir-birləri haqqında təsəvvürləri müharibə və onun gətirdiyi ağrı əsasında formalaşır. Məlum aprel hadisələri bir daha göstərdi ki, müharibənin bərpa olunması faciəvi nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq, hər iki ölkənin hərbi arsenalının genişlənməsi və hərbi risq amilinin ballistik raketlərə qədər artması müharibə təhlükəsinin dəhşətli hüduda çatmasının göstəricisidir. Hərbi məqsədlər üçün xərclənən bütün bu resurslar bizim xalqlarımızın rifahı və həyatlarının çiçəklənməsinə xidmət edə bilərdi.
Ermənilər və azərbaycanlılardan başqa bu münaqişəni kiminsə həll edəcəyinə inanmaq sadəlövhlükdür. Bundan irəli gələrək bildiririk ki, münaqişənin qısa vaxtda dinc yolla həlli üçün nəticəyə hədəflənmiş danışıqlara başlamağın vaxtı çatıb. Beynəlxalq hüquq normaları və beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər çərçivəsində münaqişənin tezliklə və ədalətli həlli bütün regionun iqtisadi inkişafına təkan verəcək ki, bu da iki ölkə arasında sülh və əməkdaşlığa qiymətsiz töhfə olacaq. Bu halda nə qalib, nə də məğlub olacaq. Bu həm Ermənistan, həm də Azərbaycan xalqı üçün yalnız məğlubiyyətsiz nəticə əldə etməyə imkan verir. Belə bir ağrılı problemin həllində biz sizlərə hərtərəfli yardım etməyə, hər iki ölkənin ictimaiyyətini sülhə hazırlamağa hazırıq.
Buna görə də biz bu gün yenidən təşkilatlanaraq çox mühim və eyni zamanda çətin bir missiyanı - sülh quruculuğunu üzərimizə götürdük. Bilirik ki, bu yolda bizi çox çətin sınaqlar, təzyiqlər və hətta təhdidlər gözləyir. Buna baxmayaraq, biz inandığımız bu nəcib işdən, iki xalqın sülh və əminamanlıq şəraitində yaşaması istiqamətində apardığımız müqəddəs missiyadan bir addım da olsa geri çəkilməyəcəyik”.
Qurultay “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın Tiflisdə, İrəvanda və Bakıda mənzil-qərargahlarının yaradılması, Ermənistanda və Azərbaycanda geniş ictimaiyyətlə görüşlərin keçirilməsi haqqında qərar qəbul edib.
Bu müraciətin mətnini məqbul saymaq olarmı?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Dağlıq Qarabağ probleminə belə yanaşmaq ya cahillikdən, ya biclikdən, ya da kimlərəsə xoş gəlməkdən irəli gəlir: “Müraciətin mətnindən görünür ki, problemin mahiyyəti və ondan çıxış yollarının tapılması ilə bağlı təkliflər ümumi sözlərlə ifadə edilib. Dağlıq Qarabağ problemilə bağlı sülh yaratmaq missiyasını həyata keçirməyin formula sadədir. Burada nələrləsə interpretasiya etmək lazım deyil. Bu mətndən görünür ki, onlar istəklərini ümumi sözlərlə ifadə edirlər. Dağlıq Qarabağla bağlı fikir bildirəndə işğalçı göstərilmirsə, ondan işğal etdiyi torpaqlardan çıxmaq tələb olunmursa, onda bu yersiz cəhd nəyə gərəkdir? ABŞ kimi ölkə açıq mətnlə deyir ki, Ermənistan işğal olunmuş 7 rayondan çıxmalıdır. Bizim qulağımızın dibində yaradılan platformada isə bu detalın üstündən sükutla keçirlər. Biz onsuz da dünyada ikili standartlarla üzləşirik. Kataloniyada baş verən hadisələr Dağlıq Qarabağdakı ilə mahiyyət etibarilə eynidir. Ancaq baxın görün həmin məsələyə hansı formada reaksiya verirlər. Bizdəki separatizmin mahiyyəti onlardakından daha təhlükəli və aqressivdir. Belə olan təqdirdə, qonşu ölkədəki platformaçılar öz işlərilə məşğul olsalar yaxşıdır. Əlində kifayət qədər təzyiq resursları olan təsisatlar bu istiqamətdə bir iş görə bilmirsə, bunlar əbəs yerə özlərini niyə yorurlar ki?”
Məhəmmədəli QƏRİBLİ