Aqşin Əliyev: “Mərkəzi Asiya ölkələri isə bu layihədə yaxından iştirak etmək imkanı qazanırlar”
Məlum olduğu kimi, oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolunun təntənəli açılış mərasimi baş tutub. Verilən reaksiyalardan bəlli olur ki, layihənin reallaşmasına yalnız onda təmsil olunan ölkələr sevinməyib. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Avrasiyada daha yaxşı ticarət və kommersiya əlaqələrinin qurulması baxımından atılmış mühüm addımdır.
Səfir bildirib ki, bu layihə Yeni İpək Yolunun mühüm hissəsidir. Diplomat bu baxımdan həm Azərbaycan, həm də Gürcüstanın yerləşdiyi coğrafi mövqenin dünya üçün əhəmiyyətini də qeyd edib.
Avropa İttifaqı adından yayılan bəyanatda da bildirilir ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addımdır: “Avropa İttifaqı yeni dəmir yolu dəhlizini alqışlayır ki, bu da sərmayələr, infrastrukturun təkmilləşdirilməsi və logistikanın əlaqələndirilməsi ilə birgə bağlantıların daha yaxşı qurulmasına, yeni biznes imkanlarının yaranmasına və ticarətin artmasına səbəb olacaq. Bu, Şərq Tərəfdaşlığı, eləcə də onun Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun məsələdir.
Avropa İttifaqı hər zaman qonşu tərəfdaş ölkələrlə bağlantıların yaxşılaşmasına yönələn layihələri dəstəkləyib. Türkiyə ilə Bolqarıstan, eləcə də Azərbaycanla Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması ilə bu layihə qədim İpək Yolu boyu Avropa ilə Asiya arasında quru ilə sürətli və etibarlı nəqliyyat bağlantısı təmin edəcək”.
Bəyanatda qeyd edilir ki, təşkilat enerji sahəsində sistemlərin oxşar bağlantısını təmin edəcək “Cənub Qaz Dəhlizi”ni də dəstəkləyir.
Bununla yanaşı, Mərkəzi Asiya ölkələri də BTQ-ni dəstəkləyən bəyanatla çıxış ediblər. BTQ-nin kənardan belə dəstək almasının səbəbi nədir?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bunun həm siyasi, həm də iqtisadi səbəbləri var: “Əvvəl bu layihənin reallaşacağına şübhə ilə yanaşanlar hazırda ortada olan nailiyyətlə hesablaşmağa məhkumdurlar. Artıq bir sıra Asiya ölkələri, o sıradan Çin yükdaşımalarla bağlı Azərbaycanla danışıqlara başlayıb. Yada salaq ki, Çindən çıxan yüklər Qazaxıstan və Türkmənistandan, Xəzər dənizindən su yolu ilə Ələt limanına, daha sonra isə Gürcüstandan Türkiyənin Aralıq dənizindəki limanlarına çıxarılacaq. BTQ, həmçinin, bölgədəki nəqliyyat koridoruna çox ciddi alternativdir. Bu yol Marmaray vasitəsilə Türkiyə-Çin-Avropa dəmir yolunda önəmli bir rola sahib olacaq.
Yada salaq ki, Çindən Avropaya gedən bütün dəmir yolları buna qədər Rusiyadan keçirdi. BTQ Rusiyadan keçən yoldan 7 min km. qısa olmaqla öz iqtisadi üstünlüyünü sübut edir. Ekspertlərin fikrincə, BTQ-nin işə düşməsi Rusiyadan keçən yolun önəmini xeyli azaldacaq. Məhz bu istiqamətdə Rusiyanın rolunun azalması ABŞ və Avropanın ürəyincədir. Mərkəzi Asiya ölkələri isə bu layihədə yaxından iştirak etmək imkanı qazanırlar ki, bunun da vasitəsilə öz yüklərini təhlükəsiz və ucuz qiymətə Avropa bazarına çıxara biləcəklər. Verilən dəstəklərin də kökündə məhz bu amil durur”.
Məhəmmədəli QƏRİBLİ