Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi müstəqillik tariximizdəki mühüm addımlardandır. Bir çoxları, hətta ölkənin siyasi palitrasında təmsil olunan bəzi müxalifət nümayəndələri bu layihəni xülya adlandırırdılar. Lakin tarix sübut etdi ki, yanılan məhz onlar olublar. Artıq BTQ xəttilə ilk qatar yola düşdü. Layihənin ərsəyə gəlməsində ölkə başçısı İlham Əliyevin şəxsi əzmkarlığını, inadcıl təşəbbüskarlığını xüsusi qeyd etmək lazımdır. Təbii ki, bu cür meqalayihələrin reallaşmasında İlham Əliyevin həm də dünyada öz sözünə əməl edən ciddi siyasi rəhbər kimi tanınmasının da xüsusi rolu var.
Hazırda reallaşan layihə barədə ilk ideya 1992-ci ildə ortaya atılıb. Həmin vaxt bu istiqamətdə məsləhətləşmələr yalnız Türkiyə ilə Gürcüstan arasında aparılıb. Tarixi proseslər göstərdi ki, elə həmin vaxtdan da birgə dəmir yolunun çəkilməsi ideya olaraq kağız üzərində qalıb. Layihənin ərsəyə gəlməsi Azərbaycanın dəstəyi nəticəsində mümkün oldu. Gəlin tarixə bir qədər ekskurs edək. Məlum olur ki, Prezident İlham Əliyev 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. Yalnız bundan sonra - 2005-ci ilin may ayının 25-də Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbyacan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsilə bağlı bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də İlham Əliyev layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ tikintisinin təməli qoyulub və həmin kənddəki stansiyanın açılışı keçirilib. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Göründüyü kimi, bu layihənin ərsəyə gəlməsində Azərbaycanın və onun Prezidenti İlham Əliyevin rolu böyük və əvəzsizdir.
“Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da hesab edir ki, layihənin ərsəyə gəlməsində Azərbaycan dövlətinin və xüsusilə də ölkə başçısının gərgin səyləri danılmazdır: “Bu gün çoxlarını Bakı-Tiflis-Qarsa nə qədər vəsait xərcləndiyi maraqlandırır. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə BTQ layihəsinə qarşı çıxaraq tikintinin maliyyələşdirilməsindən imtina etdilər. Buna görə də layihənin maliyyələşdirilməsini Azərbaycan öz üzərinə götürdü. Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyə 220 milyon dollar kredit verib.
Türkiyə hökuməti BTQ layihəsinin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar ayırıb. Azərbaycan ərazilərini işğalda saxladığı üçün Ermənistan bu dəfə də nəhəng regional layihədən kənarda qalıb. BTQ-nin önəmi heç də Azərbaycanın boru kəmərlərinin əhəmiyyətindən az olmayacaq. Borular yerin altında idi, onun faydasını nə birbaşa sadə vətəndaşlar, nə də kiçik və orta biznes hiss edə bilmirdi. Dəmir yolu isə yerin üstündədir və bütün yaşayış məntəqələri bunun faydasını görəcək - sərnişinlər də, istehsalçılar da, yükdaşıyanlar da, hətta stansiyalardakı xırda ticarətçilər də”.
Məhəmmədəli QƏRİBLİ