Fikrət Sadıqov: “Bunun strateji, iqtisadi, siyasi əhəmiyyəti çox yüksəkdir”
Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu, tarixi və qlobal layihədir. Sözügedən layihə ölkələri bir-birinə daha yaxın edəcək: “Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik”.
İlham Əliyev çıxışında onu da nəzərə çatdırıb ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olub: “Biz heç bir yerdən heç bir yardım almadıq, heç bir kredit almadıq, daxili imkanlar hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır”.
Prezidentin fikrincə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tiflis-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqların daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Başlıca məqamlardan biri də sözügedən dəmir yolunun regionda sabitliyin və təhlükəsizliyin təminatında rolunun artmasıdır ki, bu da bölgənin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Maraqlıdır, bəs ekspertlər bu faktora necə yanaşır?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu məsələdə dəmir yolu müəyyən rol oynayacaq: “Nəzərə almaq lazımdır ki, Azərbaycan bu layihənin həm təşəbbüskarıdır, həm də onun ərsəyə gəlməsində böyük rol oynayıb. Çünki Bakı-Tiflis-Qars iki qitəni birləşdirən nəqliyyat qovşağıdır. Belə olan halda, təbii ki, bunun strateji, iqtisadi, siyasi əhəmiyyəti çox yüksəkdir. Başqa bir tərəfdən, BTQ Avropadan Asiyaya gedən yolun ən qısa variantıdır. Eyni zamanda, həm qısa, həm də alternativsiz yoldur. Yük və sərnişindaşımadan əlavə, sözügedən dəmir yolu strateji əhəmiyyətli bir layihədir. Ona görə də BTQ Azərbaycanın daha da güclənməsinə təkan verəcək. Eyni zamanda, ölkənin regionda aparıcı bir dövlətə çevrilməsində bunun böyük rolu olacaq. Yəni biz, faktiki olaraq, bu məsələdə yenidən öz xarici siyasətimizin üstünlüyünü nümayiş etdirməli olduq. Dünyaya bəyan edirik ki, Azərbaycan möhkəmlənən və regionda təhlükəsizliyi təmin edən aparıcı bir dövlətdir. Bütün bunlar önəmli faktor olduğu üçün regionda sabitliyin, təhlükəsizliyin davamlı şəkildə qorunmasına öz töhfəsini verəcək. Nəzərə almaq lazımdır ki, BTQ dəmir yolu təkcə iqtisadi baxımdan önəmli rola malik deyil. Eyni zamanda, geosiyasi baxımdan da rolu var. Bu, regionda təhlükəsizlik və sabitliyin daha etibarlı şəkildə qorunmasına öz təsirini göstərəcək. O baxımdan hesab edirəm ki, bu məsələdə Prezidentin səsləndirdiyi fikirlər reallığa əsaslanır. Başqa bir tərəfdən, BTQ-nin fəaliyyətə başlaması region ölkələri arasında inteqrasiyanın dərinləşməsinə öz töhfəsini vermiş olacaq. Ona görə də layihənin önəmi var və bundan irəli gələn məsələləri nəzərdən qaçırmaq olmaz”.
Vidadi ORDAHALLI