Məhəmməd Əsədullazadə: “İşğalçı ölkənin həm Avropaya, həm də Asiyaya çıxışı olan bir layihədən kənarda olması, sözün həqiqi mənasında, onlar üçün biabırçı vəziyyətdir”
Bakı-Tiflis-Qars dəmir yolu sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında inteqrasiya prosesləri daha da inkişaf edəcək. Çünki sözügedən layihə çox böyük əhəmiyyətə malikdir.
Bu arada Ermənistanda əsl matəm ab-havası hökm sürür. Erməni politoloqları hazırkı vəziyyətin ölkə üçün acınacaqlı hal aldığını qeyd etməklə yanaşı, BTQ-nin Ermənistanın beynəlxalq təcridini gücləndirəcəyini vurğulayırlar. Onlar bunu onunla əsaslandırırlar ki, Ermənistanın xarici siyasəti praqmatizmə deyil, sadəcə bir sıra faktorların BTQ-nin həyata keçməsinə əngəl olacağı ilə bağlı ümidlərə əsaslandığını göstərdi. Erməni məmurları guya bu layihənin iqtisadi cəhətdən faydalı olmaması ilə bağlı uzun-uzadı əsaslar gətirməklə yanaşı, Gürcüstanda Saakaşvilinin yerinə gələn yeni hakimiyyətin buna imkan verməyəcəyinə çox ümid bəsləyirdilər. Ancaq onların bu ümidləri boşa çıxdı. Bəzi erməni politoloqlarının fikrincə, Azərbaycan son illər Ermənistanı təcrid edə biləcək, onun bölgədəki mövqelərini zəiflədəcək və Dağlıq Qarabağ ətrafında status-kvonu dəyişdirə biləcək layihələri gerçəkləşdirməyə nail olur.
Ermənistanın regional inteqrasiyadan kənarda qaldığını qeyd edən politoloqların fikrincə, BTQ burada əsas rollardan birini oynayacaq. Bir sözlə, ermənilər də açıq şəkildə etiraf edirlər ki, son proseslər Ermənistanın dünyadan təcrid olunmasını daha da sürətləndirəcək. Regional proseslərə qlobal müstəvidən baxılsa, açıq-aydın görmək olar ki, İrəvanın Dağlıq Qarabağda status-kvonu saxlamaq cəhdləri olduqca perspektivsiz görünməklə bərabər, onun tamamilə təcridinə, habelə Ermənistanın daxilində təhlükəli demoqrafik situasiyanın əmələ gəlməsinə gətirib çıxaracaq.
Bütün bu deyilənlərin fonunda, BTQ Ermənistanın beynəlxalq izolyasiyasının dərinləşməsində necə rol oynayır?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşır: “Cənubi Qafqazda Qərbin dəstəyi ilə həyata keçirilən geosiyasi miqyaslı enerji və nəqliyyat lahiyələri region ölkələrinin iqtisadi inkişafını səciyyələndirən əsas amillərdən biridir. Qeyd edim ki, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi inkişafına böyük töhfə verib. Hesab edirəm ki, bu kimi layihələr region ölkələrinin ümumi təhlükəsizliyinə töhfə verəcək və onları qlobal enerji sahəsində əsas iştirakçıya çevirəcək. Bu da üç ölkənin beynəlxalq siyasi arenada əsas rolunu artıracaq və iqtisadi inteqrasiya prosesində özünəməxsus yer tutacaq. Hazırda regionun digər ölkəsi olan Ermənistan isə Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bu kimi layihələrdən kənar saxlanır. 2007-ci ildə tikintisi başlanan Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiyanın birləşdirilmısində müstəsna rola malikdir. Ermənistan bir daha bu layihədən kənar saxlanmaqla öz işğalçı siyasətinin qurbanı olmaqdadır. BTQ dəmir yolu region ölkələrini həm Avropaya, həm də Asiyaya bağlayan əsas yoldur. Göründüyü kimi, Ermənistanın həm Avropaya, həm də Asiyaya çıxışı olan bir layihədən kənarda olması, sözün həqiqi mənasında, onlar üçün biabırçı vəziyyətdir. Ermənistan işğalçı siyasətindən əl çəkərsə, bu layihədə iştirak edə bilər. Öz yüklərini Avropa və Asiya bazarlarına çıxara bilər. Sözügedən iqtisadi gəlirdən məhrum olan rəsmi İrəvanın bundan sonra da iqtisadi izolyasiyası davam edəcək. Bakıda BTQ dəmir yolunun möhtəşəm açılışı Ermənistana bir mesaj idi. Blokada vəziyyətində olan işğalçı Ermənistanın sosial və iqtisadi inkişafında mühüm rol oynaya biləcək BTQ dəmir yoluna qoşulması yalnız işğal etdiyi ərazilərdən çıxmaqla baş tuta bilər. Hazırda isə bu qeyri-mümkündür. Hesab edirəm ki, BTQ Ermənistanın dünyadan daha da təcrid olunmasına öz təsirini göstərəcək”.
Vidadi ORDAHALLI