Seyid Camal Əzimbəyli: “Bir şərqşünas kimi deyə bilərəm ki, ermənilərin hazırda yaşadıqları əraziyə köçmələri yaxın zamana təsadüf edir”
Ermənistan mətbuatı ABŞ-ın vitse-prezidenti Mayk Penslə bağlı maraqlı məlumat yayıb. Bildirilir ki, vitse-prezident Vaşinqtonda “Xristianlığa kömək“ tədbirində çıxışı zamanı deyib ki, bundan sonra onun ölkəsi dini təqiblərə məruz qalan qurbanlara USAİD adlı təşkilat vasitəsilə yardım göstərəcək.
Pens bildirib ki, ABŞ gələcəkdə BMT-yə bu istiqamət üzrə maliyyə yardımları ayırmayacaq, çünki onlar lazımi effekt vermir. “Xristianlığa kömək” adlı tədbirdə çıxışı zamanı o, xristianların harada “sıxışdırıldığını” da qeyd edib.
Gəlin ABŞ-ın yüksək dövlət rəsmisinin bu xüsusda cızdığı coğrafiyaya diqqət edək: “Xristianlıq daha çox ilk meydana gəldiyi ərazilərdə sıxışdırılır. Bura Siriya dağlarını, Livan vadisini, Ermənistan dağlarını, Dəclə-Fərat çayları arasındakı əraziləri və Nil çayı vadisini aid edə bilərik”.
Tarixi bilgilərdən məlumdur ki, ermənilər hazırda yaşadıqları ərazilərə xristianlığın yaranması tarixilə müqayisədə çox-çox sonralar köçüblər. Bəllidir ki, xristian dini yarananda indiki Ermənistan ərazisində azərbaycanlılar yaşayıb. Belə olan təqdirdə, ABŞ-ın vitse-prezidentini yalan fikirlər səsləndirməyə nə vadar edir? Onun bu fikirlərində erməni diasporunun təsirləri duyulurmu?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-ın yüksək vəzifəli adamının belə bir fikirlər səsləndirməsi olduqca maraqlıdır: “Mən bunu təsadüf də saymıram. Çünki bu ranqda olan dövlət məmuru nə istədi danışa bilməz. Onun fikirləri tamamilə təfriqə salmağa yönəlib. Pens bilməlidir ki, bütün səmavi dinlərə inanan vətəndaşlar vahid Allahı tanıyır, bütün peyğəmbərləri qəbul edirlər. Dinlər arasında elə bölücülük salmaq gərək deyil. Özü də bunu dünyanın hegemon ölkəsinin ikinci şəxsi deyirsə, düşünməyə dəyər. Çünki bəllidir ki, sadalanan ərazilərin bir çox yerlərində hazırda xristianlar yaşamırlar. Yaxın Şərqin əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edirlər. Biz orada baş verən bütün proseslərdə ABŞ-ın barmağını da görürük. Bu açıqlama da ABŞ-ın gələcək strategiyası üçün nəzərdə tutula bilər. Görünür, ABŞ bu adla yeni ərazilərə soxulmaq istəyir. Burada Ermənistanın adını xristianlığın ilkin yaranış yerlərindən biri kimi çəkilməsi də diqqətçəkəndir. Belə yalan və təfriqəçi fikirlərə görə Pensi qınayıram. Çünki bir şərqşünas kimi deyə bilərəm ki, ermənilərin hazırda yaşadıqları əraziyə köçmələri yaxın zamana təsadüf edir. Bu faktlar yalnız bizim mənbələrdə deyil, tarixə aid bütün klassik vəsaitlərdə də öz əksini tapır. Yaxın Şərqdə ölənlərin dini kimliyi Pensi maraqlandırırsa, bilsin ki, orada ölənlərin və didərgin salınanların əksəriyyəti xristianlar yox, müsəlmanlardır”.
Məhəmmədəli QƏRİBLİ