Günel Fərhadqızı: “Rusiya bu məsələdə Gürcüstanı nəyəsə məcbur edə bilməyəcək”
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin başa çatması Rusiya və Ermənistanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunun açılması ilə bağlı cəhdlərini intensivləşdirib.
Gürcüstan prezidentinin eks müşaviri Vaxtanq Maisaya bildirib ki, Moskva-Suxumi-İrəvan dəmir yolu 23 il əvvəl Gürcüstan-Abxaziya münaqişəsi ucbatından fəaliyyətini dayandırıb: “Rusiya Baş naziri Dmitri Medvedyev İrəvana səfəri zamanı bəyan etdi ki, Ermənistanın Avrasiya İttifaqında iştirakı birbaşa bu dəmir yolunun bərpa edilməsindən keçir. Yəni Medvedyev yumşaq formada Tiflisə ultimatum göndərdi. Ermənistanda Moskvanın bu layihədə lobbiçiliyini artıracağına ümid edirlər. Maraqlıdır ki, Gürcüstanın siyasi elitasının yerli seçkiyə başı o qədər qarışdı ki, Medvedyevin çıxışına reaksiya belə vermədilər. Medvedyevin bəyanatı isə kifayət qədər təhdid xarakterli idi. Rusiya Avrasiya İttifaqının genişlənməsi və inkişafında maraqlıdır və Ermənistana dəhlizin açılması üçün qəti addımlar atacaq”.
Bunun ardınca Rusiya nəqliyyat naziri Maksim Sokolov Rusiyanın Abxaziya ərazisindən dəmir yolu və avtomobil tranzitinin yenilənməsi istiqamətində Gürcüstanla danışıqlara hazır olduğunu bəyan edib: “Dialoqa hazırıq. Danışıqlar Xarici İşlər Nazirliyi tərəfindən aparılır. Sonuncu əlaqə sentyabrda olub. Danışıqların nəticəsi tranzit yolun təkcə Abxaziya yox, həm də Cənubi Osetiyadan açılması ola bilər. Hələlik Tiflislə danışıqlarda nəticə əldə etməmişik”.
Qeyd edək ki, Rusiya və Ermənistan Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunu bərpa etmək istəyirlər. İrəvan bu dəmir yolu vasitəsilə blokadadan çıxmağa çalışır. Tiflis və Bakı hələlik bu layihəyə qarşı kəskin mövqe tuturlar.
Rusiya Ermənistanı blokadadan çıxarmaq üçün Gürcüstanı buna məcbur edə biləcəkmi?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, Gürcüstan belə bir razılıq verməz: “Moskvanın əlində məhz bu məsələ ilə bağlı Gürcüstana ciddi təsir edə biləcək rıçaq yoxdur. Rusiya onsuz da Gürcüstanla düşmən mövqedədir. Hətta münasibətlərin gərginliyi onların arasında müharibə ilə də nəticələnmişdi. Gürcüstanın özü Ermənistanla əlaqələri qoruyub saxlayır. Ancaq Ermənistanı blokadadan çıxaracaq layihə yalnız iki hökumətin iradəsinə bağlı olan məsələ deyil. Gürcüstan bilir ki, bununla bağlı zərəri xeyrindən çox olar. Hətta belə fikirlər var ki, Gürcüstan Ermənistana qarşı tam blokadaya qoşula bilər. Bəllidir ki, Ermənistana qarşı blokadaya qoşulmaq üçün elə məsələlər var ki, Gürcüstanın özündən asılı deyil. Məsələn, Ermənistana gedən qaz kəməri Gürcüstanın özü üçün mənfəətlidir. Çünki buna görə Gürcüstan Rusiyadan əlavə qaz alaraq ehtiyacını ödəyir. Yəni Tiflis özü üçün xeyirli olan, büdcəsinə pul gətirən layihələrlə bağlı olaraq hələlik blokada siyasətinə baş qoşmaq istəmir. Tiflis-Gümrü dəmir yolu onsuz da dayandırılıb ki, bunun özü də blokadaya bənzər bir hadisədir. Tiflis, həmçinin, Ermənistanın BTQ dəmir yolu xəttinə qoşulmaq niyyətinə “yox” deyib. Çünki həmin məsələ təkcə Gürcüstanın kompetensiyasında deyil, burada söz sahibləri arasında Bakı ilə Ankara da var. Hər halda, Abxaziya dəmir yolunun bağlanması da Ermənistana yönəlik blokadanın az qala yarısını təşkil edir. Həmin dəmir yolunun açılması həm də Gürcüstanın öz ərazisində olan Suxumi separatçılarına güzəştə gedəcəyi anlamına gələr ki, bu da əhali tərəfindən böyük etirazla qarşılanar. Rusiya bu məsələdə Gürcüstanı nəyəsə məcbur edə bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ