Mehman Muradlı: “Avropa Şurası bütün sahələrdə obyektiv olsa, belə hallar üzə çıxmaz”
Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Avropa Şurasının (AŞ) saytında verilən məlumata görə, ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın dörd ən mütərəqqi layihəsi AŞ tərəfindən mükafatlandırılıb.
Bu mötəbər mükafata layiq görülən ölkələr sırasında məhkəmə sistemi sahəsində nailiyyətləri olan Azərbaycan da var. Müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurası elektron məhkəmənin tərkib hissəsi olan “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” adlı layihə ilə iştirak edib və bu layihə Avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Digər üç layihə Norveç, Bolqarıstan və İtaliya tərəfindən təqdim edilib. Qeyd edək ki, oktyabrın 27-də Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində baş tutan “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır.
Çox maraqlıdır ki, Avropa Şurası bir tərəfdən Azərbaycana təzyiq göstərərək qətnamələr qəbul edir, digər tərəfdən isə Azərbaycanı mükafatlandırır. Olduqca maraqlı olan bu təzadı necə izah etmək olar?
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, Avropa Şurasının Azərbaycanı belə bir mükafata layiq görməsi obyektiv yanaşmadan xəbər verir: “Bilirsiniz ki, Avropa Şurasına üzv olan ölkələrin üzərlərinə götürdükləri öhdəliklərdən biri də Avropa İnsan Haqları Məhkəməsilə bağlıdır. Yəni bütün üzv ölkələr həmin məhkəmə ilə sıx əməkdaşlıq edir. Hətta həmin məhkəmənin qəbul etdiyi qərarlar üzv ölkələrdə məcburi icraya yönəldilir. Azərbaycanın bu sarıdan göstəriciləri çox yüksəkdir. Xatırladaq ki, aparıcı Avropa ölkələrilə bağlı kifayət qədər icra edilməmiş qərar qalır. Söhbət Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilən qərarların yerli hökumətlər tərəfindən icra olunmamasından gedir. Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan maksimum dərəcədə Avropa məhkəmə sistemilə əməkdaşlığa çalışır. Mükafatda xüsusilə yerli məhkəmələr tərəfindən aparılan islahatlar və ümumilikdə ədliyyə sistemimizin bu yöndə həyata keçirdiyi mütərəqqi addımlar qeyd edilir. Məhkəmə sisteminin elektronlaşması ilə bağlı ölkəmizdə doğrudan da çox işlər görülüb. Avropa Şurası bu məsələdə obyektivliyi kənara qoya bilməzdi. Çünki müqayisəli təhlillər də bunu deməyə əsas verir ki, Azərbaycan bu istiqamətdə xeyli iş görüb. Azərbaycanla bağlı qəbul edilən qətnamələrə gəldikdə, orada olduqca maraqlı detallar diqqəti cəlb edir. Məhz həmin qətnamələrdə və Azərbaycana sanksiya tətbiqilə bağlı edilən çağırışlarda məhkəmə sistemi daha çox tənqid olunur. Əsasən də konkret ittihamlarla həbs edilən bəzi tanınmış məhbusların guya siyasi motivlərlə həbs edildikləri qabardılır. Təzada fikir verin. Bir tərəfdən Azərbaycanın məhkəmə sistemi siyasi sifarişlər icra etməkdə günahlandırılır, digər tərəfdən isə həmin sistem şəffaf işinə görə mükafata layiq görülür. Hər ikisini də Avropa Şurası edirsə, demək, qurum özü-özünü təkzib edir. Çox zərərli haldır. Hesab edirəm ki, Avropa Şurası bütün sahələrdə obyektiv olsa, belə hallar üzə çıxmaz”.
Məhəmmədəli QƏRİBLİ