Qardaş Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaq niyyəti və bu istiqamətdə atılan ilk addımlar ABŞ-da, eləcə də NATO-da indi daha böyük qıcıq yaratmaqdadır. Əvvəllər Türkiyənin bu istiqamətdə atdığı addımlara adi yanaşma tərzi sərgiləməyə çalışan Qərb dövlətləri iddia edirdi ki, S-400-ləri NATO sisteminə inteqrasiya etmək mümkün olmayacaq.
Amma bu iddialara rəğmən Türkiyənin öz niyyətindən geri çəkilməməsi artıq, ABŞ başda olmaqla, NATO ölkələrinin açıq təhdidə keçməsinə səbəb olub. Məsələn, NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Türkiyəni bu məsələdə, belə demək olarsa, dolayı yolla təhdid edib. Pavel Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması məsələsinə münasibət bildirərkən deyib: "Türkiyənin NATO-ya inteqrasiya olunmayan bu raketləri almasının nəticələri olacaq. Əlbəttə, onlar qərar qəbul etməkdə nə qədər müstəqil olsalar da, bu qərarların nəticələri ilə də üzləşməli olacaqlar".
Rəsmi Vaşinqton isə bu məsələdə daha sərt addımlar atmağa hazırlaşır. Belə ki, ABŞ hökuməti Rusiyaya tətbiq edəcəyi sanksiyalara S-400 maddəsi də əlavə edib. Məlumatlara görə, ABŞ Rusiyanın S-400 sistemi və “Kalaşnikov” silahlarını satan “Rosoboronexport” və “Almaz-Antey” şirkətlərini “qara siyahı“ya salıb. Sanksiyaların siyahısı ABŞ Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb və Konqresə təqdim edilib. Qeyd edək ki, Türkiyə ilə yanaşı, bir müddət öncə Səudiyyə Ərəbistanı da Rusiya ilə S-400 razılaşması əldə edib. Bəhreyn də Rusiya ilə S-400 komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır. Bəhreyn kral qvardiyasının komandanı Naser ben Hamad Al Xalifa də bunu təsdiqləyib: "Biz hələ danışıqlar mərhələsindəyik. Allahın köməyilə bu prosesi yekunlaşdırcağıq". Ümumiyyətlə, ərəb ölkələrinin bir çoxu artıq Rusiyanın S-400 komplekslərinə böyük maraq göstərir. Elə bu vəziyyət də ABŞ-ı çox qıcıqlandırır. Digər tərəfdən NATO üzvü olan Türkiyənin S-400 komplekslərini alması fonunda ABŞ gələcəkdə alyansa üzv digər ölkələrin də eyni addımlar atacağından ciddi əndişə keçirir. Rusiyalı ekspert Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq etməsinin kökündə də elə bunun durduğunu bildirir: “ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxır, çünki öz təsirini itirmək istəmir”. Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə patronu” olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu “patron” silahın kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “patron” olduğu düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı çıxır”. Onun sözlərinə görə, S-400-lər Türkiyəni qoruyacaq: “Bir dəli baş əyməyən Türkiyəni vurmaq qərarına gəlsə, S-400-lər buna imkan verməyəcək. Daha açıq danışsaq, bu sistem ABŞ-ın döyüş təyyarələrini vuracaq”.
İndi ABŞ S-400-ləri alanları sanksiyalarla hədəlməklə Türkiyəni bu məsələdə geri çəkilməyə vadar etməyi düşünür. Türkiyənin “Sabah” qəzeti yazır ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyası birbaşa Türkiyəni maraqlandırır: “S-400 raketləri üçün Moskva ilə müqavilə imzalayan Ankara “Ödəmə sisteminin kilidlənməsi” problemi ilə üz-üzədir. ABŞ-ın Rusiyanın bəzi şirkətlərinin adını “qara siyahı”ya daxil etməsi alınacaq raketlərin pulunun ödənilməsində problemlər yaradacaq. Yəni ödəmə sistemi ABŞ-ın əlində olduğu üçün bu alınmaya bilər. Bu, dolayısı ilə Türkiyəyə “silahı almaqdan imtina et” mesajıdır. Yəni “S-400-ləri almaq istəsən ABŞ dollarından istifadə edə bilməzsən, Amerika bankçılıq, yaxud pul transferi sisteminə girə bilməzsən, ABŞ-la əməkdaşlıq edən vasitəçi şirkətlərdən belə kömək istəyə bilməzsən” deməkdir”. Amerikanın “National İnterest” dərgisinin yazarı Stefen Biren isə bildirir ki, S-400-lər ABŞ üçün ciddi problemə çevrilir. O vurğulayır ki, istehsalı təkcə Rusiyaya məxsus olan S-400 sistemi Orta Şərqdə bütün oyunların qaydalarını dəyişib: “S-400 400 kilometr məsafədən 4 fərqli tipdəki raketləri fırlatmaq potensialına sahibdir. ABŞ istehsalı olan “Patriot” sistemi 96 kilometr mənzilli sadəcə bir raket fırlatmaq qabiliyyətindədir. Bu iki sistemin müqayisəsi ABŞ-ın S-400-ə qarşı hər hansı bir silaha sahib olmadığını göstərir. Elə bu da dünyada S-400-ə daha çox maraq yaradır”.
Beləliklə, real vəziyyət S-400-lə bağlı maraqlı bir situasiyanın yarandığını göstərir. Amma ekspertlər hesab edir ki, Türkiyə, bütün təhdidlərə rəğmən, S-400-lərin alışını həyata keçirəcək. Razılaşmalara əsasən, Türkiyə artıq gələn il iki S-400 alacaq, daha iki kompleks Türkiyə ərazisində yığılacaq. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Kojin bununla
bağlı bildirib: "Müqavilə imzalanıb, onun yerinə yetirilməsinə dair hazırlıq aparılır. Siz bilirsiniz ki, S-400 bir sıra texniki vasitələrdən ibarət olan ən mürəkkəb sistemlərdən biridir, odur ki, burada çoxsaylı xırdalıqlar mövcuddur. Qərb ölkələri hələ də hərbi təchizatla bağlı Türkiyəyə təzyiq göstərməyə cəhd edirlər. Amma bunlar əbəsdir".
Tahir TAĞIYEV