Təkcə region yox, daha böyük coğrafi məkan üçün böyük əhəmiyyətə malik olan növbəti layihənin işə salınması qarşıdakı dövrdə Azərbaycan üçün yeni böyük dividendlər vəd edir. Söhbət Bakı-Tiflis-Qars dəmir yolu xəttindən gedir. Artıq bəllidir ki, işə salınan bu layihə həm tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artıracaq, həm də ölkənin iqtisadi mövqelərini gücləndirəcək, gəlirlərini daha da artıracaq.
Ən əsası isə, bu xətt Ermənistanın işğal siyasətinə görə regionda təcridini dərinləşdirəcək, onun daha böyük iqtisadi problemlər məngənəsinə yuvarlanmasını təmin edəcək. Bunu gürcü politoloqu Qeorqi Xuxaşvili də təsdiq edir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin siyasi ambisiyaları xalqın iqtisadi maraqlarından üstündür. Bu da Ermənistanda iqtisadi problemləri daha da dərinləşdirir.
Politoloq Bakı-Tiflis-Qarsı “Əsrin layihəsi” adlandırıb və bu yolun təkcə region üçün deyil, Asiya və Avropa üçün də mühüm əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulayıb. O, Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasının məhz rəsmi İrəvanın böyük və ölümcül səhvinin nəticəsi olduğunu bildirib. Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri olan Ermənistan “Əsrin layihəsi”ndən kənarda qalıb: “Bu da Ermənistanın özü üçün daha çox pisdir. Bu layihədən kənarda qalmaq Ermənistana çox böyük zərər vurur. Bu ölkənin iqtisadi problemləri daha da dərinləşir”. Onun fikrincə, bu problem Ermənistanın özü tərəfindən yaradılıb: “Rəsmi İrəvanın siyasi ambisiyaları iqtisadiyyatı üstələyir. Ona görə də rəsmi İrəvan onu regional layihələrdən kənarda qoyan ölümcül səhvinə görə çox böyük zərər çəkməlidir”.
Bununla yanaşı, o da faktdır ki, belə mühüm layihələrdən kənarda qalmaq Ermənistanın iqtisadi problemlərinin daha da dərinləşməsi anlamına gəlir. Hətta bu fakt ermənilərin özləri tərəfindən də açıq şəkildə etiraf olunur. Bu barədə “arntimes” portalında analitik yazı ilə çıxış edən müəllif Ayk Qevorkiyan qeyd edir ki, Ermənistanın xarici borcu iqtisadiyyatından daha tez artır. O, Ermənistanın xarici borcunun artıq 6 milyard dolları ötdüyünü bildirib. Müəllif qeyd edir ki, Ermənistan borcla yaşayan dövlətlər siyahısına daxil olub ki, bu da onun müstəqil siyasət aparmasına imkan vermir: “Hökumət Avropa banklarından borc alaraq Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəyir, hökumət xarici borclarını borc alaraq ödəyir və bu hal iqtisadiyyatın daha da pis vəziyyətə düşəcəyindən xəbər verir”.
Digər ekspertlərin fikrincə, qonşu dövlətlərə, yəni Azərbaycana, Türkiyəyə və Gürcüstana əsassız ərazi iddiaları üzündən, xüsusən Azərbaycanın torpaqlarını işğal etməsi və ona qarşı hələ də davam etməkdə olan hərbi təcavüz səbəbindən regionda özü-özünü təcrid etmiş Ermənistanı qarşıdakı dövrdə daha böyük problemlər gözləyir. Ümumiyyətlə, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkədir. Sovet İttifaqı dağılan gündən bütünlüklə Rusiyaya bağlı olan Ermənistan onun xarici siyasi və iqtisadi ambisiyalarından asılıdır. Geosiyasi baxımdan da təcrid olunmuş Ermənistanı iqtisadi fəlakətdən xilas edən varlı erməni diasporu da yardımları azaldır. Qeyd edək ki, indiyə qədər hər il diaspor tərəfindən buraya yönəldilən özəl transferlərin məbləğı təxminən iki milyard dollara çatıb. Amma indiki prezident Serj Sarkisyanın erməni xalqını qarət etməsindən və bütövlükdə ölkədə mafioz klanın hökmranlıq etməsindən narazı olan diaspor da artıq Ermənistana köməyini dayandırır. Bütün bunlar ölkəni fəlakətə sürükləyir. “Husisapail Network” adlı erməni nəşri də yazır ki, ağır və düşdüyü təcrid vəziyyəti səbəbindən Ermənistanın əhalisi sürətlə azalır. Qeyd olunur ki, ilbəil daha fəlakətli miqyas alan mühacirət əhalinin ölkədən kütləvi şəkildə qaçması dərəcəsinə çatıb. Ermənistan Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Gevorq Poqosyanın fikrincə, əhalinin kütləvi şəkildə “yolüstü ovqatda” olmasına səbəb Ermənistan iqtisadiyyatının düşdüyü kədərli vəziyyətdir. Ölkədə həyata keçirilən iqtisadi siyasətə mənfi münasibət bəsləyən paytaxt sakinləri yeganə çıxış yolunu bu ölkəni tərk etməkdə görür. Hesab edilir ki, mühüm geosiyasi və geoiqtisadi layihələrdən kənarda qaldıqca Ermənistanın üzləşdiyi problemlərdən xilas olması mümkün olmayacaq. İşğal davam etdikcə Ermənistan üçün gələcəkdə də bu regionda icra ediləcək hər hansı geosiyasi layihənin iştirakçısı olmaq perspektivi görünmür. Elə bu da Ermənistanın məhvini sürətləndirən başlıca amillərdən sayılır.
Nahid SALAYEV