Məhərrəm Zülfüqarlı: “Bu baxımdan görülən tədbirlər Türkiyə rəhbərliyini qane edir”
“Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razıyıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-lərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan xalqının 15 iyul gecəsində onlarla eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilir: “Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk”.
Türkiyə prezidenti onu da bildirib ki, ölkəsi bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də Azərbaycanla yaxın əməkdaşlıq edir. Səlahiyyətli orqanlar arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda, əməliyyat sahəsində əməkdaşlıq artan sürətlə davam edir.
Azərbaycan həqiqətən də bütün çətin zamanlarda Türkiyənin yanında olub və qardaş ölkə olaraq dəstəyini əsirgəməyib. O baxımdan ekspertlər Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirləri necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan həqiqətən də bu yöndə bir sıra işlər görüb: “Əvvəla Azərbaycan-Türkiyə əlaqələri, münasibətləri qardaşlıq səviyyəsində davam edir. Zaman-zaman bu belə olub. Azərbaycan qardaş ölkəyə öz köməyini əsirgəməyib. 2016-cı ilin iyulunda hərbi qiyam baş verəndə Azərbaycan Türkiyənin təhlükəsizliyi naminə nə lazım idisə onu etdi. Hətta beynəlxalq qurumlarda keçirilən tədbirlərdə belə Azərbaycan qardaş ölkənin mənafeyini müdafiə etdi. Yəni Türkiyənin iştirak etmədiyi tədbirlərdə belə qardaş ölkəni müdafiə etdi. Bu baxımdan görülən tədbirlər Türkiyə rəhbərliyini qane edir. Çünki FETÖ qruplaşmasının qardaş ölkəyə qarşı apardığı təxribatların qarşısının alınmasında Azərbaycan öz yardımını əsirgəməyib. Bu da qardaş ölkə tərəfindən bəyənilir. Bir sıra dünya ölkələrində, o cümlədən Azərbaycanda FETÖ-nun təhsil ocaqları vardı. Həmin təhsil ocaqları bağlandı. Onların təsiri altında olan Qafqaz Universiteti digər ali məktəblə əvəz olundu. Eyni zamanda, Azərbaycanda onların təsiri altında olan “Zaman” qəzeti çıxırdı. Sözügedən mətbuat orqanı bağlandı. Bütün bunların hamısı o deməkdir ki, Azərbaycan Türkiyənin təhlükəsizliyi üçün nə lazımdırsa onu edib. Eyni zamanda bundan sonra da etməyə hazırdır. O baxımdan Ərdoğanın bununla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir”.
Vidadi ORDAHALLI