“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur”.
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq: "Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək".
Qeyd edək ki, bir müddət əvvəl Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Bağdad sığınacağına yerləşdirilib. Uşaqların İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin apardığı barədə məlumatlar yayılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb.
Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü nəzərdə tutulur”. Bunu da E.Məmmədyarov bildirib. O, görüşün dəqiq tarixinin və yerinin isə hələlik müəyyənləşmədiyini deyib.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilib-keçirilməyəcəyi isə həmsədrlərlə görüşdən sonra məlum olacaq.
"Xəzərin hüquqi statusu məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində Moskvada görüş keçirilməsi barədə Rusiyadan təklif var. Mən Rusiya tərəfindən rəsmi dəvət almışam, hazırda vaxt dəqiqləşdirilir. Görüş bu il keçiriləcək" – deyə E.Məmmədyarov bildirib.
E.Məmmədyarov bildirib ki, gələn il Qazaxıstanda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək: "Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər həllini tapmalıdır. Bu istiqamətdə irəliləyişlər var".
E.Məmmədyarov deyib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına həsr olunacaq. O, növbəti görüşün Tehranda keçiriləcəyini deyib: “Tərəflər bu məsələ ilə bağlı böyük maraq nümayiş etdirir. Azərbaycan hətta dəmir yolu hissəsinin tikintisi üçün İrana kredit ayırmağa da hazırdır. Fikrimcə, bütün bu məsələlər prezidentlərin görüşü zamanı müzakirə olunacaq”.
2017-ci ilin noyabrında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin Bakıda görüşü olacaq. Bunu da Azərbaycanın xarici işlər naziri deyib.
E.Məmmədyarov deyib: "Saziş artıq var. Pakistan və Türkiyə həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün vacib ölkələrdən sayılır. Ona görə də bu görüş hər üç ölkədə mövcud olan bütün məsələlərin, çətinlik və təhdidlərin müzakirəsi baxımından çox vacibdir".