Yeganə Hacıyeva: “Qarşıda vaxt var, yəqin ki, razılıq istiqamətində səylər davam etdiriləcək”
Avropa İttifaqının üzv ölkələri noyabrda Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsini razılaşdırıblar. Bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ötən sammitin bəyannaməsində ölkələrin ərazi bütövlüyü ilə bağlı ikili yanaşmanın nümayiş etdirilməsinə və bu bəyannamədə də eyni mövqenin əksini tapıb-tapmayacağı barədə suala cavabında deyib.
Y.Han bildirib ki, hazırda “Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan 6 ölkə ilə bəyannamə mətni barədə müzakirə aparılır: “Mən ümid edirəm ki, noyabrın ortalarına qədər razılıq əldə olunacaq və bu razılıq tədbirin özündə də davam edəcək. Çünki keçən dəfə sammitin iflasına yaxın olan çox çətin bir vəziyyət yarandı. Bu dəfə biz bundan çəkinməliyik. Hər kəs problemləri bilir və bu məsələ ötən sammitdən bu yana dəyişməyib. Hətta daha əvvəlki sammitdən ötən sammitə kimi də dəyişməmişdi. Biz bu kimi problem və münaqişələri bəyannamələrlə həll edə bilmərik. Mənim məsləhətim hər zaman qarşıdurma yaradacaq dildən çəkinmək və konkret nəticə verəcək məsələlərə köklənməkdir. Bu, insanların da fundamental marağındadır. Mən ümid edirəm ki, biz razılığa gələ biləcəyik. Hər kəs bu dəfə eyni hadisənin baş verməməsi üçün keçən sammitdən dərs götürməlidir”.
“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsində Azərbaycanın ərazi bütövlüyü məsələsinin necə əks ediləcəyilə bağlı suala Y.Hanın verdiyi cavabı necə dəyərləndirə bilərik?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, məhz yekun qətnamənin necə tərtib ediləcəyilə bağlı məsələ ətrafında müzakirələr qızışıb: “Bilirsiniz ki, ermənilər çox arxayın halda deyirlər ki, həmin sənəddə ümumi müddəalar olacaq. Yəni Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağ konfliktinə ümumi anlamda işarəyə rast gəlinməyəcək. Azərbaycan isə belə bir detalın mütləq mənada sənəddə yer almasını istəyir. Y.Hanın cavabı məni qane etmədi və hesab edirəm ki, bu məsələdə onun yayınmaq cəhdi hiss edilir. O belə bir ifadə işlədir ki, problemin mahiyyəti hamıya bəllidir. Sammitlərdən bu tərəfə heç nə dəyişməyib və bəyannamələrlə nəyisə həll edə bilmərik - bununla sanki o demək istəyir ki, çox dərinə getməyək, hamının razılaşdığı tərzdə bir yekun sənəd hazırlayaq. Han hətta bu cür fikir ayrılıqlarının sammitin dağılmasına səbəb ola biləcəyinə də işarə edir. Ermənistanın bu məsələdə ultimatumu bəllidir. Onlar deyib ki, belə detal sənədə salınacaqsa, Ermənistan sazişdən çıxacaq. Təbii ki, bununla bağlı Azərbaycanın da mövqeyi qətidir. Bir sözlə, Avropa rəsmisinin son fikirləri gərginliyin aradan qalxmadığına və daha da dalana dirəndiyinə bir işarədir. Qarşıda vaxt var, yəqin ki, razılıq istiqamətində səylər davam etdiriləcək”.
Məhəmmədəli QƏRİBLİ