Ermənistan üzündən hələ də, demək olar, bütün cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşıdurmanın miqyasının istənilən an genişlənə bilmə ehtimalı yüksəlir. Bütün bunlar eyni zamanda erməni tərəfinin Cenevrə danışıqlarında əldə olunan razılıqlara əməl etmək niyyətində olmadığını da aydın surətdə meydana qoyur. O da aydındır ki, cəbhəboyu vəziyyət gərgin olaraq qalmaqda davam edərsə, bu, az qala bütün dünyanın böyük ehtiyatla yanaşdığı Dağlıq Qarabağ münaqişəsinin alovlanmasını qaçılmaz edəcək. Hər halda, İrəvanın atdığı addımlar çox risqli və təhlükəlidir.
Digər tərəfdən, beynəlxalq təzyiq mexanizmlərinin işə salınmadığı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb eldən 4 qətnaməsinin hələ də icra olunmadıığ bir şəraitdə savaş ehtimalı da sürətlə yüksəlir. Məsələ ilə bağlı rəsmi Bakının mövqeyi kifayət qədər dəqiq və aydındır: bu münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapa bilər. Amma Ermənistanın bu reallıqla barışmaması, öz qüvvələrini işğal olunmuş rayonlardan çıxarmaması Dağlıq Qarabağ münaqişəsinin güc tətbiqindən başqa həll variantına yer qoymur. Münaqişənin hərbi həllinin ən çox Ermənistana zərbə vuracağını isə düşmənin özünün də yaxşı bildiyi məlum həqiqətlər sırasında yer alır. Bunun ən real isbatı qismində isə erməni ordusundakı mövcud durum göstərilir.
Ermənistan ordusunun acıncaqlı vəziyyətinin əsas carçıları qismində isə bu gün əsgər anaları çıxış edir. Yeri gəlmişkən qeyd edək ki, hökümət binasının qarşısında əsgər anaları tərəfindən növbəti etiraz aksiyası keçirilib. Etirazçılar müdafiə naziri Vigen Sarkisyanla görüşmək istədiklərini deyiblər. Onların sözlərinə görə, ordu rəhbərliyi yalnız danışmaqla məşğuldur, lakin orduda qətl hallarının qarşısının alınması üçün heç bir iş görülmür. Etirazçı əsgər analarından biri bildirib: "Prezident Serj Sarkisyan Vigen Sarkisyanı bitki kimi yetişdirib. Buna görə onlar bir-birini yaxşı qiymətləndirirlər". Etirazçılar müdafiə sektorundakı dəyişiklikləri əlavə pul yığımına vasitə kimi qiymətləndiriblər. Erməni mediası isə yazır ki, əslində, həmişəki kimi, müdafiə naziri Vigen Sarkisyanın əsgər analarının tələbiən etinasız yanaşacağı gözlənilən idi. "Jamanak" qəzeti bu xüsusda yazır: " Vigen Sarkisyan müdafiə naziri təyin edildikdən sonra da orduda hansısa dəyişiklik baş vermədi. Əksinə, sosial şəbəkələrdə orduda neqativ halların daha böyük sürətlə artmasına dair hər keçən gün maraqlı məlumatlar peyda olur. Özü də bu zaman məlumat mənbəyi kimi əsgərlərin özləri çıxış edir. Elə bu da həmin məlumatların həqiqəti əks etdirdiyinə heç bir şübhə yeri qoymur. Xüsusən də Dağlıq Qarabağda hərbçilərin vəziyyətinin qətiyyən yaxşı olmadığı məlumdur. Amma belə görünür ki, Serj Sarksiyan və komandası vəziyyəti dəyişmək iqtidarında deyil. Bu reallıqlardan Azərbaycan tərəfi də yaxşı xəbərdardır".
Orduda daha bir çatışmazlıq kimi “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı meydana çıxan faktlar göstərilir. Qanun layihəsinin müzakirəsi zamanı Vigen Sarkisyan bildirib ki, cəmiyyət üçün təhlükə yaradan, yalnız məhdud sayda xəstəliklər olduğu halda əsgərin məcburi müalicəsi aparılır". “Yelk” fraksiyasının deputatı Artak Zeynalyan isə hərbi çağırışçıların müalicəsinə belə yanaşmanı orduda acınacaqlı vəziyyətin real təcəssümü kimi qiymətənləndirib. O hesab edir ki, elə bu vəziyyət də Ermənistan ordusunda xidmət edən hərbçilərin sağlamlıq problemlərinin nədən qaynaqlandığını ortaya çıxarır. Deputat bildirir ki, erməni əsgər anaları və aprel döyüşlərində yaralanan hərbçilər tərəfindən səsləndirilən şikayətlərin əslində bir səbəbi var. Ermənistan müdafiə naziri yalnız kəskin xəstəliklərin "müalicəsi" ilə bağlı məsələləri öhdəsinə götürür. Qalan hərbi qulluqçular isə ya intihar etməli, ya da nəinki ordudan, hətta ölkədən də uzaqlaşmalıdır. Xatırladaq ki, düşmən ordusunda ağır xəstəlikdən ölən hərbçilərin sayı kifayət qədərdir. İndi belə bir ordunun müharibə başlayacağı təqdirdə Azərbaycanın qarşısında duruş gətirməsinin mümkünsüzlüyü Ermənistanda da açıq etiraf edilir.
“İravnuk” qəzeti məsələ ilə bağlı bildirir ki, prezident Serj Sarksiyan idarəçiliyi dövründə, digər sahələrlə yanaşı, orduda da acınacaqlı vəziyyətin yaranması cəmiyyətin ondan narazılığını artırıb: “Amma Sarksiyan, həmişə olduğu kimi, bu narazılığı görməzdən gəlir. Nəticə də odur ki, orduda tənəzzül sürətlə davam edir. İndi iş o yerə çatıb ki, əsgər təminatını ödəmək üçün hökumət tələbələri belə möhlət hüququ vermədən hərbi xidmətə aparır”. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan parlamentində “Müdafiə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Artıq tələbələr bu qanuna etiraz olaraq parlament binasının önündə aksiya keçirib. Onlar xidmətdən yayınmadıqlarını, lakin elmlə məşğul olmaq hüququnun pozulmasına etiraz etdiklərini bildiriblər. Məlumat üçün bildirək ki, Ermənistanda orduda məcburi hərbi qulluq müddəti 2 ildir. Yeni qanuna görə, universitetdə təhsil müddətində tələbəni hərbi xidmətdən bir şərtlə azad etmək olar ki, həmin şəxs Müdafiə Nazirliyi ilə müqavilə bağlasın ki, təhsili başa vurn kimi orduda xidmətə yollanacaq və 2 il yox, 3 il xidmətdə olacaq. Bu da ciddi narazılıq yaradan məqamlardan biridir. Hökumətin gəncləri belə istismar etməsi isə əhalidə narazılıq yaradır. Azərbaycan Parlamentinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu xüsusda bildirir ki, tələbələrin möhlət hüququndan məhrum edilməsi Ermənistanın son həddə əl atdığını göstərir. Millət vəkili qeyd edib ki, Ermənistanda əhali çatışmır və bu, ilk növbədə özünü silahlı qüvvələrə çağırışda göstərir: “Çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində Ermənistan hakimiyyəti mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Bu gün Ermənistanda sadəcə olaraq silah daşıyacaq əsgər və zabit çatışmır. Rəsmi 3 milyon əhalinin yarım milyonu Rusiyada çalışır. Onların da Ermənistana qayıtmaq fikri yoxdur. Bütün dünyada tələbələr cəmiyyətin intelektual sərvətidir. Onlar cəmiyyəti gələcəkdə idarə və təmsil edənlərdir. Tələbələri döyüş bölgəsinə göndərməklə Ermənistan hakimiyyəti əksinə, özünə qarşı böyük bir dalğanın yaranmasına səbəb olur. İlk növbədə ali məktəb tələbələri Ermənistan ordusunda baş verən özbaşınalıqlara dözə bilməyəcək və bu baxımdan konflikt yaranacaq. Həmçinin onların valideynləri ölkə hakimiyyətinə qarşı güclü bir müxalifət formalaşdıracaqlar”. A.Mirzəzadə vurğulayıb ki, Ermənistan hakimiyyətinin istifadə etdiyi son imkan da tükənəcək: “Bu bir daha onu göstərir ki, Ermənistan dərin uçurumdadır. Ermənistan Dağlıq Qarabağın onun üçün ciddi problemlər yaratdığının fərqindədir. Onlar bu məsələdə dönüş etməsə, nəinki Ermənistanın müdafiə qabiliyyəti ciddi surətdə zəifləyəcək, ümumiyyətlə Ermənistan dövləti xəritədən silinəcək”.
“İravnuk” qəzeti isə yazır ki, əslində, hökumət tələbələri orduya aparmaq hesabına belə olsa, çağrışçıların sayı ilə bağlı yaranan problemləri həll edə bilməyəcək: “Orduda da, ölkədə də problemlərin həlli Serj Sarksiyan iqtidarının dəyişməsindən keçir. Məhz bu iqtidar ölkəni kollaps həddinə çatdırıb. Yenə də bu iqtidarın sayəsində erməni gəncləri ölkəni tərk edir, qalanlar da hərbi xidmətdən yayınmaq üçün ən müxtəlif cəhdlərə əl atırlar. Çünki orduda həyatda qalmalarına təminat yoxdur”. Elə əksər ekspertlər də Sarkisyan rejiminin dəyişməsindən sonra Qarabağ münaqişəsinin həllini tapa biləcəyini vurğulayır. Məsələn, tanınmış rusiyalı politoloq Yevgeni Mixaylovun sözlərinə görə, rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif təkliflərinin olmasına baxmayaraq, Ermənistanın məqsədi Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaqdır: “Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsini yaradanlardan biridir, elə bu səbəbdən də hakimiyyətə gəldi. O, ümumi geosiyasi vəziyyətə diqqət yetirmir və “köhnə skripkasında” ifasını davam etdirir. Münaqişənin həlli ilə bağlı hər hansı dəyişiklik Ermənistan prezidenti vəzifəsindən gedəndən, yaxud bu istiqamətdə gözlənilməz dəyişikliklərdən sonra mümkün ola bilər”.
Bu arada bir maraqlı məqamı da qeyd edək ki, erməni mediasında yayılan məlumatlara əsasən, Sarksiyanın köhnə silahdaşları, xüsusən də keçmiş Qarabağ döyüşçülərinin hamısı prezidentdən narazıdır. Səbəb də odur ki, onların çox ciddi sosial problemləri var. Bir qismi müalicə almağa pul tapmır, əksəriyyəti isə evsizdir, hətta təqaüd ala bilmirlər. Elə bu durum da Sarksiyanın mövqelərini əhəmiyyətli dərəcədə zəiflədib. İndi də orduda artan problemlər və bunun Qarabağ münaqişəsinə mümkün təsirləri erməni cəmiyyətində Sarksiyandan daha böyük narazılıq yaradıb. Ermənistandan fərqli olaraq isə, Azərbaycan ordusunun şəxsi heyət, eləcə də maddi-texniki təminatı ən yüksək səviyyədədir. Son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika alınb. Dağlıq Qarabağda indi elə bir hərbi hədəf yoxdur ki, bu gün ordumuz onu məhv edə bilməsin. Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür. Onları yerində oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Belə vəziyyətdə Azərbaycan öz torpaqlarının davamlı işğalı ilə, status-kvonun süni şəkildə uzadılması ilə barışa bilməz. Bu səbəbdən Ermənistan mövqeyində əhəmiyyətli dəyişikliklər etməsə, Azərbaycanın qalibiyyəti ilə sonuclanacaq yeni Qarabağ savaşının başlanması qaçılmazdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.