Məhəmməd Əsədullazadə: “Qurum çalışır ki, hüququn aliliyi və insan haqları, siyasi məsələlər bəndlərdə yer alsın”
“Hazırda Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq”. Bunu Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Tallində “Şərq Tərəfdaşlığı” biznes sammiti çərçivəsində mətbuat nümayəndələri ilə görüşdə deyib.
Komissar bidirib ki, sazişin əhatə etdiyi sahələri müəyyənləşdirmək üçün vaxt lazımdır: “Avropa İttifaqı qanunun aliliyi və bundan irəli gələn məsələləri razılaşmaya daxil etmək istəyir. Bununla bağlı razılıq mövcuddur. Hazırda danışıqlar davam edir. Bunu hələ başa çatdırmamışıq. Əminəm ki, bir neçə ay ərzində buna nail olacağıq. Danışıqların nəticəsi olaraq sənədin adının da necə olacağını müəyyənləşdirməliyik. Anlayırıq ki, razılaşmanın adı da özlüyündə bir mesajdır".
Qeyd edək ki, ötən ilin noyabrında Avropa Birliyi Şurası Avropa Komissiyasına və onun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinə Avropa Birliyi və onun üzv dövlətləri adından Azərbaycanla hərtərəfli razılaşma ilə əlaqəli məsələ üzrə danışıqları aparmaq üçün mandat verib.
Yeni razılaşma əməkdaşlıq haqqında 1996-cı ildən qüvvədə olmuş keçmiş analoji sənədi əvəz edəcək. Yeri gəlmişkən, o həm də Avropa Birliyi və Azərbaycanın bu gün rastlaşdıqları ümumi məqsədləri və problemləri nəzərə alacaq. Bütövlükdə, bunu ekspertlər necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa İttifaqının Cənubi Qafqaz siyasəti daim geosiyasi-geoiqtisadi əsaslara dayanıb: “İttifaq regionun əsas açar ölkəsi olan Azərbaycanla iqtisadi əlaqələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Burada əsas enerji sektorunu nəzərə alsaq, Azərbaycanın Avropa üçün enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etməliyik. TANAP və TAP layihələrini İttifaqın enerji sahəsində Azərbaycana verdiyi dəstəyin əsas nümunəsi hesab etmək olar. Azərbaycan çalışır ki, “Şərq Tərəfdaşlığı” çərçivəsində Avropa ilə siyasi əməkdaşlığı genişləndirsin və strateji tərəfdaşlıq çərçivəsində saziş bağlansın. Bu istiqamətdə hazırda danışıqlar davam edir. Düzdür, burada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müəyyən narahatedici bəndlər də var idi. Halbuki, “Şərq Tərəfdaşlığı” üzvü olan Moldova, Ukrayna və Gürcüstanla bağlı ərazi bütövlüyü məsələlərində konkret dəstək ifadə olunurdu. Azərbaycanla bağlı bu məsələ artıq yoluna qoyulub. İntensiv diplomatik danışıqlar aparılır. İqtisadi və enerji sahələrində Avropa İttifaqı ilə Azərbaycan arasında problem yoxdur. Avropa İttifaqı çalışır ki, hüququn aliliyi və insan haqları, siyasi məsələlər bəndlərdə yer alsın, Azərbaycan bu sahələrdə islahatları genişləndirsin. Danışıqlar əsasən bu istiqamətdə aparılır. Enerji, təhlükəsizlik və digər istiqamətlərdə detallar razılaşdırılıb. Hesab edirəm ki, noyabrın 24-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycanla bir sıra məsələlərdə razılıq əldə olunacaq. Çərçivə sazişi bağlanaraq, hər iki tərəfin maraqlarına uyğun razılıq əldə olunacaq. Azərbaycanla Avropa İttifaqının siyasi əlaqələri yüksək olarsa, Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan mühüm dəstək qazanmış olar. Bəli, İttifaq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İqtisadi sahədə uğurlu əməkdaşlığı siyasi sahəyə də transfer etmək vaxtıdır”.
Vidadi ORDAHALLI