Elşən Mustafayev: “Belə ciddi mövzunun ümumi sözlərlə əhatələnməsi sazişin imzalanmasını şübhə altında qoya bilər”
Artıq xeyli vaxtdır Ermənistan KİV-ləri və rəsmiləri Ermənistanın Avropa Birliyilə imzalamağa hazırlaşdığı Şərq Tərəfdaşlığı Sazişi ilə bağlı özlərinə xeyir edən formada təbliğata start veriblər.
Onların KİV-lərində bildirilir ki, imzalanacaq saziş əvvəlkilərdən mahiyyət etibarilə fərqlənəcək. Deyilir ki, bu saziş iki il əvvəl Riqada imzalanan regional münaqişələrə münasibətdə müddəaların salınması baxımından prinsipial fərqə malik olacaq. Ən əsas məqam kimi sənəddə regional münaqişələrlə bağlı konkret deyil, ümumi müddəaların yer alacağı ilə bağlı erməni təbliğatının qurulmasıdır.
Ermənistanın bu istiqamətdə sevincli danışması anlaşılandır. Onlar münaqişə ocağı kimi Dağlıq Qarabağı nəzərdə tuturlar və hesab edirlər ki, imzalanacaq sənəddə bu konfliktlə bağlı ümumi sözlər yazılacaq. Yəni tərəflərə çağırış ediləcək ki, münaqişə beynəlxalq hüquq əsasında dinc yolla həll edilsin və sair. Bu iddiaları nə dərəcədə əsaslı saya bilərik? Şərq Tərəfdaşlığının yekun zirvə sənədində ərazi bütövlüyü prinsipi konkret göstərilməsə, nə baş verə bilər?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ermənistan Avropa Birliyi ilə saziş imzalamaq üçün bütün vasitələri işə salıb: “Rusiyadan bu yöndə sığortalanmaq üçün Ermənistan hakimiyyəti ölkənin daxilindəki qərbpərəst mətbuatı və siyasətçiləri fəallaşdırıb. Birmənalı şəkildə Qərbə inteqrasiyanın vacibliyi vurğulanır. Bu, bir növ, Rusiyaya da sərf edir. Çünki dilənçi kökündə olan Ermənistanla lazım olan bütün işləri görüb, onları asılı salıb. Ermənistan Rusiyanın yaratdığı KTMT-də var, Rusiyanın hərbi bazaları həmin ölkədədir. İndi Ermənistanı dolandırmaq lazımdır ki, Rusiya da bunu etmək istəmir. Çünki özünün də vəziyyəti qənaətbəxş deyil. Bu səbəbdən də Ermənistanın bəzi problemlərinin AB hesabına həll edilməsinə qarşı çıxmır. Sanki “Yel qayadan heç nə qopara bilməz” deyimi əsas götürülür. Məsələnin digər tərəfi isə Ermənistan əhalisinin buna razı salınmasıdır. Məhz bu məqsədlə də sənədi mətbuata ötürdülər. Bununla da hər şey həllini tapmadı və əksinə, ortaya yeni suallar çıxdı. İndi də ermənilər müxtəlif növ yalan təbliğatla məsələni sazişin imzalanacağı günə kimi gətirib çıxarmaq istəyirlər. Deyirlər ki, sənəddə regional münaqişələrlə bağlı konkret nəsə olmayacaq. Ancaq onlar gözəl bilirlər ki, AB bu yaxınlaşmanı yalnız Ermənistanla deyil, başqa ölkələrlə də edir. Azərbaycan tərəfinin də bununla bağlı şərtləri var. O şərtlərdən biri də ölkələrin ərazi bütövlüyü məsələsinin yekun sənəddə qeyd edilməsidir. AB rəsmiləri dəfələrlə bildiriblər ki, bu müddəa sənəddə öz əksini tapacaq. Bunsuz mümkün deyil. Çünki ərazi bütövlüyünə təminatın verilməsi yalnız Azərbaycanla Ermənistan arasında olan problem deyil. Belə ciddi mövzunun ümumi sözlərlə əhatələnməsi isə sazişin imzalanmasını şübhə altında qoya bilər. Hesab edirəm ki, bununla bağlı ermənilər ağ yalan danışırlar”.
Məhəmmədəli QƏRİBLİ