Akif Nağı: “Kasprşikin addımları onun ermənilər tərəfindən öz maraqlarına işləməyə cəlb edildiyini iddia etmək üçün əsas verir”
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik yenidən qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər edib. Ermənistan mətbuatının verdiyi məlumat görə, onun qondarma qurumun “xairici işlər naziri” Masis Mailyanla görüşü keçirilib. Bildirilir ki, həmin görüşdə son günlər cəbhədə atəşkəsin mütəmadi pozulması ətraflı müzakirə edilib.
Oktyabrın 25-də Kasprşikin qondarma qurumun başqa “rəsmi”lərilə də görüşdüyü deyilir. ATƏT sədrinin nümayəndəsinin qondarma qurumla bu yöndə müzakirələr aparması nə dərəcədə qanunidir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə bildirdi ki, Kasprşikin bu tip qanunazidd addımlarına onlar daim etiraz ediblər: “Artıq görürük ki, ictmai qınaq belələrinə təsir etmir. Ən maraqlısı isə budur ki, bu adam 20 ildir deyilən postu tutur. Özü də heç bir nəticəsi olmayan fəaliyyətindən bezməyib. 20 il ərzində bir nəticəyə imza atmayıb. Qondarma qurum rəhbərliyi ilə keçirilən görüşlər heç bir nəticə verməsə də, birbaşa onların təbliğinə xidmət edir. Çox təəssüf edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də belə addımları atırlar. Həmin görüşlər erməni mediası tərəfindən tirajlanır. Onlardan da rus və Avropa mətbuatı götürür. Biz onların vəzifəsinin qabağına qondarma sözünü yazırıq, həmin mətbuat isə Kasprşiklə görüşəni prezident, xarici işlər naziri kimi təqdim edir. Belə təmasların qurulması münaqişənin nizama salınması ilə bağlı tərtib edilən formatın ruhuna ziddir. Məna etibarilə biz qondarma qurumu tərəf kimi danışıqlara cəlb etmiş oluruq. Buna da Azərbaycan hər zaman qarşı çıxıb. Hesab edirəm ki, Kasprşikin addımları onun ermənilər tərəfindən öz maraqlarına işləməyə cəlb edildiyini iddia etmək üçün əsas verir. Onun əməllərinə rəsmi etiraz olunmalıdır. Mən XİN-dən tələb edirəm ki, Kasprşikin son addımı ilə bağlı ATƏT-ə etiraz bildirsin. İndi Kasprşikdən soruşmaq lazımdır, onun keçirdiyi son görüşün münaqişənin həllinə nə kimi təsiri var? Qeyd etdiyim kimi, onun bir “xeyri” olub - qondarma qurum “rəsmilərini” təbliğ etmək”.
Məhəmmədəli QƏRİBLİ