Aqşin Əliyev: “İki paytaxt arasındakı başqa bir mübahisə uzunluğu 1240 km təşkil edən dövlət sərhədlərinə aiddir”
Qırğızıstan parlamenti Qazaxıstanın Bişkekə 100 milyon dollar yardım etməsi ilə bağlı razılaşmanın ləğvini dəstəkləyib. Müqavilənin ləğvinə parlamentdəki 108 deputatın hamısı səs verib.
Qeyd edək ki, Qırğızıstan-Qazaxıstan münasibətləri bir müddət öncə pozulub. Rəsmi Bişkek Qazaxıstanı ölkənin daxili işlərinə müdaxilədə günahlandırıb. Astana isə bu iddiaları rədd edib.
Orta Asiya regionunda yerləşən bu iki türkəsilli ölkə arasında nə baş verir?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, bütün bu proseslər Qırğızıstanda keçirilən prezident seçkisindən sonra başladı: “Bişkekdə təntənəli mərasim iştirakçıları üçün gözlənilməz bir çıxış edildi. Seçkilərdən sonra Almazbek Atambayev rəsmi mətnin oxunuşunu bir anlığa dayandıraraq, Mərkəzi Asiyanın 77 yaşlı siyasətçisi Nursultan Nazarbayevi təhqir etməyə başladı. Qazaxıstan prezidentinin komandasını oğurluqda qınayaraq, əlavə edib: “Bu gün Qazaxıstanı qazaxlar deyil, çingizilər idarə edir”.
Atambayev bildirib ki, Qazaxıstan prezidenti müxalif Qırğızıstan prezidentliyinə namizəd Omurbek Babanovu qəbul edib və Bişkekin keçirdiyi seçkilərə müdaxilə edir. Bundan sonra qazax diplomatiyası Bişkekə sərt cavab verdi. Bəyanatların məğzi belə idi ki, iki dost dövlətin arasındakı münasibətlərdə bu cür fikirlər yolverilməzdir.
Bişkek artıq uzun illərdir Astanaya qarşı kin yığıb. Atambayevin fikrincə, Nazarbayev bütün bu illər ərzində qırğızlara münasibətdə olduqca təkəbbürlü olduğu üçün, məsələn, MDB sammitlərində AİB-ə girmək üçün Qırğızıstanın namizədliyi müzakirə olunarkən, Bişkekdə hesab edildiyi kimi, Qırğızıstan məhsullarının AİB bazarlarına çıxışına süni maneələr yaradıb.
Vladimir Putinin Mərkəzi Asiya ölkələri üzrə 2017-ci il fevral turnesi Bişkeklə Astana arasında növbəti qalmaqal fonunda keçib. Atambayev o zaman Qazaxıstanı növbəti qırğız inqilabı dövründə sərhədləri bağlamaqda ittiham edib. Astana bu dəfə Qırğızıstanın Qazaxıstana daşınan kənd təsərrüfatı məhsulları üzərində nəzarəti sərtləşdirib. Atambayev o vaxt Astananı “daha keyfiyyətli və daha ucuz məhsulla rəqabətə tab gətirmək iqtidarsızlığında” ittiham edib.
İki paytaxt arasındakı başqa bir mübahisə uzunluğu 1240 km təşkil edən dövlət sərhədlərinə aiddir. Tərəflər hələ 2011-ci ildə saziş imzalayıb, lakin Qırğızıstanın sərhədyanı kəndlərinin sakinləri Bişkeki satqınlıqda qınayaraq hökumət və polislə toqquşmalarla başa çatan kütləvi etiraz yürüşü təşkil ediblər. Yerli sakinlər hətta Qazaxıstanın sərhəd rayonlarını su ilə təmin edən kanalı bağlayıblar. Yalnız iki ölkənin baş nazirlərinin görüşündən sonra məsələ bitib. Narazılığın kökündə duran amillər bunlardır”.
Məhəmmədəli QƏRİBLİ