Aydın Mirzəzadə: “Məsələ ondadır ki, ölkədə əhali çatışmır və bu, ilk növbədə, özünü silahlı qüvvələrə çağırışda göstərir”
Ermənistan parlamentinin keçirilən iclasında “Müdafiə haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. Yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir. Beləliklə, hərbi xidmət yaşı çatmış təhsil alan şəxslər əsgər aparılacaq. Məlumata əsasən, qanun layihəsinin lehinə 86 deputat, əleyhinə isə 9 nəfər səs verib.
Ancaq sözügedən məsələ ölkədə birmənalı qarşılanmır. “Yelk” (Çıxış) blokunun parlament fraksiyasının rəhbəri Ermənistan silahlı qüvvələrinin formalaşdırılması prinsipini özündə əks etdirən, həmçinin, hərbi-sənaye kompleksinin inkişaf templərini nəzərdə tutan qanun layihəsini tənqid edib. Bununla yanaşı, bu qərar İrəvanda tələbələrin etiraz aksiyasına səbəb olub. Tələbələr sözügedən qanuna etiraz olaraq parlament binasının önündə aksiya keçiriblər. Onlar müdafiə naziri Vigen Sarkisyanın təqdim etdiyi qanun layihəsini tənqid edərək, hərbi xidmətə getmək istəmədiklərini bildiriblər. Tələbələr xidmətdən yayınmadıqlarını, lakin elmlə məşğul olmaq hüququnun pozulmasına etiraz etdiklərini bildiriblər: “Biz bilirik ki, orduya gedənlər qayıdandan sonra oxumaq istəmirlər”.
Etirazçılar Müdafiə Nazirliyinin rəsmiləri ilə görüş tələb ediblər. Onlar “orduda elmlə məşğul olmaq üçün bütün şərait yaradılacaq” vədlərinin yalan olduğunu düşünürlər. Ermənistanda vəziyyət o həddə gəlib çatıb ki, çıxılmaz vəziyyətdə qalan rejim tələbələrin belə hərbi möhlət hüququnu ləğv edir. Prinsipcə, bu təəccüblü deyil. Ona görə ki, Ermənistanda acınacaqlı sosial-iqtisadi vəziyyət üzündən əhalinin sayı azalıb. Ölkəni tərk edənlərin sayı dayanmaq bilmir. Doğum səviyyəsi çox aşağı düşüb. Bir müddət əvvəl qadınları orduya cəlb etməklə vəziyyətdən çıxmaq istədilər. Bunun da fayda vermədiyini görüb tələbələrin təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edirlər.
Maraqlıdır, ekspertlər buna necə yanaşır? Bu nə deməkdir? Sözügedən məsələni dəyərləndirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, tələbələrin möhlət hüququndan məhrum edilməsi Ermənistanın son həddə əl atdığını göstərir: “Məsələ ondadır ki, Ermənistanda əhali çatışmır və bu, ilk növbədə, özünü silahlı qüvvələrə çağırışda göstərir. Çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində Ermənistan hakimiyyəti mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Bu gün Ermənistanda, sadəcə olaraq, silah daşıyacaq əsgər və zabit çatışmır. Rəsmi 3 milyon əhalinin yarım milyonu Rusiyada çalışır. Onların da Ermənistana qayıtmaq fikri yoxdur. Bütün dünyada tələbələr cəmiyyətin intellektual sərvətidir. Onlar cəmiyyəti gələcəkdə idarə və təmsil edənlərdir. Tələbələri döyüş bölgəsinə göndərməklə Ermənistan hakimiyyəti, əksinə, özünə qarşı böyük bir dalğanın yaranmasına səbəb olur. İlk növbədə ali məktəb tələbələri Ermənistan ordusunda baş verən özbaşınalıqlara dözə bilməyəcək və bu baxımdan konflikt yaranacaq. Həmçinin, onların valideynləri ölkə hakimiyyətinə qarşı güclü bir müxalifət formalaşdıracaqlar. Onu da qeyd etmək istəyirəm ki, Ermənistan hakimiyyətinin istifadə etdiyi son imkan da tükənəcək. Buna heç bir şübhə yoxdur. Bu bir daha onu göstərir ki, Ermənistan dərin uçurumdadır. Ermənistan Dağlıq Qarabağın onun üçün ciddi problemlər yaratdığının fərqindədir. Onlar bu məsələdə dönüş etməsə, nəinki Ermənistanın müdafiə qabiliyyəti ciddi surətdə zəifləyəcək, ümumiyyətlə, Ermənistan dövləti xəritədən silinəcək. O baxımdan hesab edirəm ki, yaranan bu cür vəziyyət Ermənistana yaxşı heç nə vəd etmir”.
Vidadi ORDAHALLI