Seyid Camal Əzimbəyli: “Ona görə də dini abidələr məhv ediləndən sonra onun belə bir açıqlama ilə çıxış etməsi səmimi deyil”
“Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsindən qaçmaq üçün dini abidələri qorumaq lazımdır”. Bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill Rusiya Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən bildirib.
O xatırladıb ki, bu yaxınlarda onun dəvəti ilə Azərbaycan və Ermənistanın dini liderləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması imkanlarını müzakirə ediblər: “Biz dini təyinatlı abidələrin qorunmasının vacibliyini vurğulayan bəyanat qəbul etdik. Biz tərəfdən prinsipial mövqe ifadə olunub. Azərbaycan və Ermənistanın dini liderləri etiraf ediblər ki, dini abidələrin və ənənələrin təhqiri münaqişəyə mənfi dini kontekst verir, bu da qarşıdurmanı daha da kəskinləşdirə bilər”.
Kirill bu məsələdə səmimidirsə, o zaman niyə indiyə qədər işğal olunmuş ərazilərdə və Ermənistanda məscidlərin məhv edilməsinə öz etirazını bildirməyib? Nəzərə almaq lazımdır ki, ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri olub. Yəni məscidlər, türbələr və digər inanc yerləri dağıdılıb. İşğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Erməni vandalları təkcə işğal etdikləri Azərbaycan ərazilərində deyil, həm də Ermənistan ərazisində olan Azərbaycana məxsus dini abidələrə qarşı da terror siyasətini həyata keçirirlər. Bu ilin martında Ermənistan Şuşa məscidi ətrafında qazıntılar aparmağa başlayıb. Bir müddət əvvəl isə qəsdən Şuşa və Ağdam məscidlərinə donuz yerləşdirərək, dini abidələri xüsusi təhqir obyektinə çevirmişdi. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib. Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.
Azərbaycanda isə xristian və digər dinlərə məxsus abidələr təmir olunur. Hansısa erməni kilsəsinin məhv edilməsindən söhbət belə getmir.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Kirillin dini abidələrin qorunması ilə bağlı səsləndirdiyi fikirlər səmimi deyil: “Əvvəla din xadimlərinin görüş keçirməsinin hansısa ziyanı yoxdur. Bu kimi görüşlər münaqişənini həllinə birbaşa təsir göstərməsə də, hər halda, tərəflər arasında təmaslar olmalıdır. Heç kəsə sirr deyil ki, Rusiya müasir Qarabağ savaşının mərkəzində durur. Bu faktdır və bunu danmaq olmaz. Belə olan halda, arzuolunan idi ki, Kirill məsələyə daha obyektiv yanaşsın. Erməni kilsəsinə Azərbaycanda necə baxıldığı göz qabağındadır. Bu, Azərbaycanın dini dəyərlərə tolerant yanaşmasının göstəricisidir. Eyni zamanda, birgə yaşayışa hazır olmasının bir nümunəsidir. Kirill istəsəydi, ermənilər işğal altındakı torpaqlarda müqəddəs ziyarətgahlara, məscidlərə toxunmazdılar. Ona görə də dini abidələr məhv ediləndən sonra Kirillin belə bir açıqlama ilə çıxış etməsi səmimi deyil. Çünki fakt göz önündədir. İşğal altında olan ərazilərdə yerləşən məscidlərin bir çoxu məhv edilib, qalanlarda isə donuzlar bəslənir. Bir dəfə də olsun Kirill bunu dilə gətirməyib, hansısa formada belə xoşagəlməz hallara öz reaksiyasını verməyib. Ən yaxşı halda, məsələyə ümumi kontekstdən münasibət bildirib. Halbuki, erməni vandalları dini və tarixi abidələri məhv ediblər. Bəzilərini saxtakarcasına özününküləşdirməyə çalışıblar. Mövcud acı reallıq bundan ibarətdir və nə yazıq ki, Kirill bütün bunları görməzdən gəlir”.
Vidadi ORDAHALLI