Məhəmməd Əsədullazadə: “Bu görüş yalnız düşmən tərəfə lazımdır ki, atəşkəsi qorusun”
Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayır. Bunu erməni KİV-lərinə açıqlamasında amerikalı həmsədr Endryu Şoffer deyib.
Onun sözlərinə görə, bu günlərdə prezidentlərin Cenevrədə görüşməsi müsbət haldır: “Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk Qrupu ilə konstruktiv işə hazır olmaları müsbət amildir”.
Diplomat qeyd edib ki, ABŞ həmsədr ölkə olaraq Minsk prosesinə sadiqdir: “ABŞ tərəfləri atəşkəs rejiminə hörmət etməyə və danışıqları ən yüksək səviyyədə davam etdirməyə çağırır. Həmsədrlər yaxın həftələrdə gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar”.
Bütün bunlara rəğmən, reallıq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar müsbət nəticə vermir. ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər rəsmilərin verdiyi bəyanatlar da danışıqların nəticəsinə təsir etmir. Problem olduğu kimi qalmaqdadır. Cenevrə görüşü ərəfəsində müəyyən konstruktiv nəticənin olacağına ümid edilirdi. Lakin bunlar da heç bir nəticə vermədi. Məsələ ondadır ki, Ermənistan prezidenti Serj Sarkisyan görüşdən sonra İsveçrədəki erməni diasporunun nümayəndələri ilə görüşdü. Bu zaman xüsusi olaraq bəyan etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Ermənistanın bu cür destruktiv mövqe sərgiləməsi fonunda, növbəti danışıqlarda hansısa uğur əldə etməyə ümid etmək nə dərəcədə doğrudur?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, növbəti danışıqlardan müsbət bir nəticə gözləmək reallığa uyğun deyil: “Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə danışıqlar prosesindən sonra verdiyi açıqlama, təbii ki, prosesi əngəlləmək, sülh imkanlarını sıfıra endirmək idi. Bu açıqlamadan sonra erməni tərəfi ilə hər hansı bir danışıqların aparılması rəsmi İrəvanın imitasiya siyasətinə xidmət etmiş olar. Serj Sarkisyanın verdiyi açıqlamada sülhə sadiq olmasını qeyd etsə də, bu, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Halbuki, reallıq ondan ibarətdir ki, Sarkisyanın siyasəti heç də sülhə və təhlükəsizliyə xidmət etmir. Məhz Cenevrədə aparılan danışıqlardan sonra erməni tərəfinin atəşkəsi mütəmadi pozması bir daha sübut edir ki, hazırkı Sarkisyan rejimi danışıqlarda maraqlı deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil edəcəklər. Bu görüşdə masada olan və müzakirə edilən həll planını bir daha nəzərdən keçirəcəklər. Yəni bununla bağlı növbəti müzakirələr olacaq. Qeyd edim ki, xarici işlər nazirlərinin bu görüşündə müsbət irəliləyişlər əldə olunmayacaq. Prezidentlərin görüşündə irəliləyiş yoxdursa, o zaman nazirlər səviyyəsində keçiriləcək görüşdən nəsə gözləmək doğru olmaz. Bu görüş yalnız düşmən tərəfə lazımdır ki, atəşkəsi qorusun. Hesab edirəm ki, işğalçı ölkəyə mütəmadi olaraq təzyiqlər edilməli, kompromisə gəlincə bu təzyiqlər davam etməlidir. Bu gün Qafqazda sülh və təhlükəsizlik yalnız Ermənistanın işğalçı siyasətinə son veriləndən sonra bərqərar olacaq. Ona görə də beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidirlər”.
Vidadi ORDAHALLI