Vüqar Qədirov: “Dövlətləri öz xarakterlərinə görə təsnifatlandırmaq lazımdır”
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyada təşkil olunan “Aralıq dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşdə deyib ki, Ermənistan qaçqınlara himayədarlıq edən ölkədir.
Nazirin sözlərinə görə, Ermənistan 10 minlərlə Suriyadan gələn qaçqına qucaq açan 3-cü ölkədir. Ermənistanın xarici işlər naziri konkret rəqəm də açıqlayıb və bildirib ki, suriyalı qaçqınların sayı 22 mindən çoxdur. Qeyd edək ki, münaqişə başlamazdan öncə Suriyada 110 minə yaxın erməni yaşayıb.
Ermənistan Suriya qaçqınları ilə bağlı yürütdüyü saxta siyasətlə nə demək istəyir?
Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin sədri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, bu da Ermənistanın növbəti uydurmasıdır: “Bizə məlumdur ki, Ermənistan Dağlıq Qarabağda süni məskunlaşma aparmaq istəyir. Dünyanın müxtəlif ölkələrindən Dağlıq Qarabağa miqrant cəlb etməyə çalışsa da, bununla bağlı uğurlu nəticə əldə edə bilmir. Suriyadan bir neçə ailədən ibarət qaçqınlar gətirildi. Onlar çıxılmaz vəziyyətdə olan ailələr olublar. Odun-alovun içindən hara desən pənah aparardılar. Biz sonradan həmin ailələrin verdiyi müsahibələrlə tanış olduq. Məlum oldu ki, o cür acınacaqlı vəziyyətdən gələn ailələr Ermənistanı, ən əsası da qondarma qurumun ərazisini tərk ediblər. Ermənistan özü belə göstəricilərə görə acınacaqlı vəziyyətdədir. Oranın öz köklü əhalisi aclıq və səfalət ucbatından Ermənistanı tərk edir. Həmin ölkə öz ərazisində etnik təmizləmə aparıb. Necə ola bilər ki, bir milyonluq qaçqın problemini yaradan bir ölkə özünü qaçqınlara himayədarlıq edən kimi qələmə versin? Cənab Prezident BMT baş katibilə görüşəndə də bu məsələni diqqətə çatdırdı ki, Ermənistan mənşəyi bilinməyən adamları gətirib Dağlıq Qarabağ ərazisinə doldurmaq istəyir. Məsələnin hər iki aspekti bizim üçün məqbul deyil. Əvvəla mənşəyi bilinməyən adamların tarixi Azərbaycan torpaqlarında nə işləri var? İkinci bir tərəfdən isə Ermənistan rəqəmləri süni şəkildə şişirtməklə özünü mələk obrazında təqdim etmək istəyir. Mən bunun başlıca günahını mühüm tədirləri təşkil edənlərdə görürəm. Axı qaçqınların yaranmasında əvəzolunmaz “xidmətləri” olan bir ölkə həmin kateqoriyadan olan adamların problemlərinin həlli ilə bağlı keçirilən dünya miqyaslı tədbirdə nə gəzir? Heç formallıq xatirinə də Ermənistan həmin tribunada olmamalıdır. Nə qədər ki, beynəlxalq birliyin işğalçıya, bəşəriyyətə ciddi problemlər yaradan ölkəyə sərt münasibəti yoxdur, biz belə anlaşılmazlıqlarla üz-üzə qalmış olacayıq. Dövlətləri öz xarakterlərinə görə təsnifatlandırmaq lazımdır”.
Məhəmmədəli QƏRİBLİ