Mehdi Mehdiyev: “Məhz həmin ərazilər ABŞ-da keçirilən tədbirdə müzakirə olunan mövzuya aid qruplarla doludur”
Ermənistan mətbuatının verdiyi məlumata görə, həmin ölkənin yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti ABŞ-a yola düşür. Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da olduqca maraqlı tədbirə qatılacaq. “Hərbiləşdirilmiş radikal qurumlara qarşı mübarizə” adı ilə keçirilən tədbirdə Ermənistanın Baş Qərargah rəisi Akopyanın çıxış edəcəyi də gözlənir.
Məlumatda o da qeyd edilir ki, həmin tədbirdə dünyanın 90 ölkəsindən yüksək çinli nümayəndələrin iştirakı nəzərdə tutulub. Ermənistanın işğalçı, radikal silahlı qruplaşmalardan ibarət olan, başqa ölkənin ərazisini işğal edən bir ölkə kimi belə məzmunlu tədbirlərə dəvət olunması nə dərəcədə doğrudur?
Ekspert Mehdi Mehdiyevin sözlərinə görə, bu doğrudan da absurddur: “Tədbirin adından da görünür ki, həmin mövzuya Ermənistanın heç bir aidiyyəti yoxdur. Əksinə, Ermənistanın özünü həmin tədbirdə ittiham edib ondan xilas olmağın yolları müzakirə olunmalıdır. Çünki həmin ölkə ən təhlükəli və radikal silahlı qüvvələrlə doludur. Bu gün Ermənistanı idarə edənlərin özləri silahlı qruplaşmalarda təmsil olunublar. Onların təmsil olunduğu silahlı qruplaşmalar qanuni olmayıb. Məhz tədbirdə təhlükəli kimi göstərildiyi radikal-hərbiləşdirilmiş olub. Ermənistanın siyasi elitası milliyyətçi zəmində formalaşan silahlı qruplaşmalarda təmsil olunmaqla yanaşı, həm də çoxsayı cinayətlərə imza atıblar. Ermənistanın daxilində bu gün də elə təhlükəli elementlər var. Bu yaxınlarda şahidi olduq ki, hansısa qruplaşma polis bölməsini, orada olan dinc insanları girov götürüb öz tələblərini irəli sürürdü. Belə bir ölkə ilə tədbirin mahiyyətinə aid olan bir mövzunu diskussiya etmək yersizdir. Yaxşı olardı ki, həmin tədbirdəki tribunadan istifadə edib Ermənistanın məhz həmin parametrlərə tam uyğun gəldiyi onların diqqətinə çatdırılsın. Mən dəqiq bilmirəm, ancaq Azərbaycan nümayəndə heyəti tədbirdə təmsil olunsa, bunu mütləq etmək lazımdır. Xüsusilə də diqqəti Ermənistan dövlətinin birbaşa nəzarəti altında olan Dağlıq Qarabağ ərazisindəki separatçı quruma yönəltmək lazımdır. Məhz həmin ərazilər ABŞ-da keçirilən tədbirdə müzakirə olunan mövzuya aid qruplarla doludur. Ermənistan bir ölkə kimi terrorun və qanunsuz nə varsa, onun mənbəyidir”.
Məhəmmədəli QƏRİBLİ