Elşən Həsənov: “Həmin istəyin təmin olunması AB-nin nüfuzuna təsir edər və Azərbaycanla yollarını birdəfəlik ayırmış olar”
Ermənistan mətbuatı və siyasiləri indidən Avropa Birliyini şantaj etməyə başlayıb. Onlar Ermənistanla AB arasında bağlanması nəzərdə tutulan çərçivə sazişi ilə bağlı müəyyən şərtlər irəli sürürlər. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, sazişlə bağlı bütün işlər görülüb və top artıq Ermənistan tərəfdədir.
Aşotyan deyib ki, yekun sammitdə Dağlıq Qarabağla bağlı məsələ də öz həllini tapmalıdır: “Bakı AB-dən ərazi bütövlüyü ilə bağlı müddəanın mütləq mənada sazişə salınmasını tələb edir. Ermənistan isə bu müddəanın sənədə salınacağı təqdirdə AB ilə saziş imzalamaqdan imtina edəcək”.
Avropa Birliyi hansı yolu tutacaq?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu məsələdə Ermənistanın səyləri əbəsdir: “Çünki Avropa Birliyi ölkələrin ərazi bütövlüyü məsələsinə xüsusilə diqqət edir. Onların, demək olar ki, bütün sənədlərində bu müddəa əsas götürülür. Yalnız Ermənistanla bağlı olan məsələ deyil. Bilirsiniz ki, Ermənistan AB ilə saziş imzalamaq üçün bütün vasitələrə əl atır. Onlar belə bir sazişi bir neçə il əvvəl imzalamağa can atdılar, ancaq nəticədə Rusiyanın şapalağını aldılar. İndi də müxtəlif imitasiyalarla belə bir yola yaxınlaşıblar. Avropa Birliyinin nümayəndələri Azərbaycan rəsmilərilə təmasda dəfələrlə bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü məsələsi onlar üçün əsasdır və bu məsələdə müzakirə ola bilməz. Ermənistan rəsmiləri bunu dərk etdikləri üçün, bəri başdan şantaj yolunu tuturlar. Ən maraqlısı isə budur ki, onlar öz adlarını Azərbaycana qoymaq istəyirlər. Guya biz bu müddəanın sənəddə öz əksini tapması üçün AB-ni Avropa Şurasından çıxacağımızla təhdid edirik. Tamamilə absurd söhbətdir. Azərbaycanla AŞPA arasında hazırda yaşanan gərginliyin kökündə tamamilə başqa məsələlər durur. Bunu da AB-də bilirlər. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələdə kimisə təhdid etməsinə ehtiyacı yoxdur. Biz öz qanuni haqqımzı tələb edirik. Ermənistan isə özünəməxsus həyasızlıqla AB-dən əlavə imtiyazlar istəyir. Ancaq unudurlar ki, AB yalnız onlarla deyil, Azərbaycanla da əməkdaşlıqda maraqlıdır. Bu səbəbdən də AB-nin ermənilərin çaldığı mahnını oynayacağını iddia etmək yersiz olar. Çünki həmin istəyin təmin olunması AB-nin nüfuzuna təsir edər və Azərbaycanla yollarını birdəfəlik ayırmış olar”.
Məhəmmədəli QƏRİBLİ