Yeganə Hacıyeva: “Azərbaycanın AŞPA-dan çıxması bizim bütün Avropa institutları və ölkələrilə münasibətlərimizin bitəcəyi anlamına gəlmir”
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı tutduğu qərəzli mövqeyi həmin qurumla ölkəmiz arasında ciddi narazılıq yaradıb. Məlumdur ki, AŞPA əksər hallarda Azərbaycana təzyiq göstərməklə bəzi istəklərinin həyata keçməsini istəyir. Buna da Azərbaycan hakimiyyəti haqlı olaraq sərt reaksiya verir. Hətta ölkənin, yeri gəlsə, AŞPA-dan çıxa biləcəyinə də dair fikirlər səslənir.
Bu məsələyə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da aydınlıq gətirib. N.Məmmədov bildirib ki, ədalətin olmadığı yerdə Qərbin tez-tez bəhs etdiyi universal dəyərlərin heç bir yeri ola bilməz: “Ədalət yoxdursa, insan haqları, azadlıqları məsələlərindən məqsədli istifadə ediləcək, siyasi amil kimi ortaya qoyulacaq".
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların ədalətli olmasını istəyir: “Avropa Şurasının bir üzvünün ərazisinin bir hissəsini işğal altında saxlayan başqa bir dövlət də bu qurumun üzvüdür. Ancaq həmin işğalçıya - Ermənistana heç kim heç nə demir”.
N.Məmmədov qeyd edib ki, 21-ci əsrdə, insan intellektinin ən yüksək həddə inkişaf etdiyi bir dövrdə dünyada, ölkələr arasında baş verən proseslər göz önündədir: "İraqda, Suriyada, Liviyada, Afrikanın onlarla dövlətində hər gün minlərlə insan həlak olur, amma bu barədə danışan yoxdur. Amma bu proseslər öz-özünə baş vermir. Belə olan halda isə təkcə bu proseslərin baş verdiyi dövlətlər əziyyət çəkmir. Təhlükə böyüyür və böyük dövlətlər də son nəticədə bundan əziyyət çəkirlər. 20-ci əsrdə iki dünya müharibəsi olub, o müharibələri kiçik dövlətlər yaratmayıb, başlamayıb. Belə hallarda böyük dövlətlərin özləri üçün də ciddi təhlükələr yaranır. Əsas məsələ də budur".
N.Məmmədov Azərbaycanın Avropa Şurasından (AŞ) çıxıb-çıxmaması məsələsi haqqında da danışıb: "Söhbət ondan gedir ki, buna Azərbaycan qərar verə bilər. Azərbaycan isə səbrlidir və lazım bildiyi zaman öz maraqları çərçivəsində hər bir addımı ata bilər. Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir. Məsələ Azərbaycanın bu qurumdan çıxarılması formasında da qoyula bilməz".
Göründüyü kimi, dövlətin rəsmi şəxsi Azərbaycanın AŞPA kimi qurumdan çıxmaq kimi hüququ özündə saxladığını bildirir. Belə nəticəyə gəlmək olar ki, ölkəmizə qarşı əsassız təzyiqlər geniş vüsət almağa başlasa, Azərbaycan belə bir addım ata bilər. Azərbaycanın AŞPA-dan çıxması bizim bütün Avropa institutları və ölkələrilə də münasibətlərimizin bitəcəyi anlamına gəlir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildrdi ki, AŞPA Avropa Şurasının 47 üzv dövlətin milli parlamentlərinin çoxsaylı siyasi qruplarına məxsus nümayəndələrinin və deməli, çoxsaylı maraqların təmsil olunduğu bir siyasi qurumdur: “Həmçinin, heç kimə sirr deyil ki, Avropa Şurası müxtəlif maraqlara xidmət edən, müxtəlif lobbi qruplarının öz məqsəd və məramlarını həyata keçirmək üçün fəaliyyət göstərdiyi bir qurumdur.
Azərbaycan müstəqilliyinin bərpasından sonra xarici siyasətində strateji istiqamət kimi Avropaya inteqrasiya istiqaməti tutmuş, Avropa Şurasına üzv olduqdan sonra isə bu istiqamətdə böyük işlər göüb. Müxtəlif konvensiyalara qoşulub , qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırıb, sivil cəmiyyətin, insan haqları və demokratik təsisatların bərqərar olması və s. kimi uzun bir yol gəlib. Əlbəttə, Azərbaycanın üzv olduğu, əməkdaşlıq etdiyi istənilən beynəlxalq siyasi təsisatdan gözləntisi olub. Biz bu təsisatların Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməsini gözləmişik. Üzvlüyün ilk dövründə Azərbaycan nümayəndə heyətinə rəhbərliyi o zaman millət vəkili olan, hazırkı Prezident İlham Əliyev edib. Onun beynəlxalq münasibətlər sahəsində böyük təcrübəyə malik olması ilə ölkəmizin AŞPA-da maraqlarının ən yüksək səviyyədə qorunması prosesi getmiş, Ermənistanın işğalçılıq siyasətinin ifşası baş vermiş, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının dünya ictimaiyyətinə çatdıran iki sənəd - "Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" qətnaməsi və "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı sənədlər qəbul edilib. Belə uğurlu fəaliyyət Azərbaycanın Qərbə, Avropaya yönəlmiş strateji istiqamətindən narazı və narahat olan siyasi dairələri, 100 illik fəaliyyətə malik erməni lobbisini qıcıqlandırmaya bilməzdi. Bu qüvvələr son illər AŞPA-da açıq-aşkar anti-Azərbaycan fəaliyyətini həyata keçirməyə nail olublar. Azərbaycanın AŞPA-dan çıxması bizim bütün Avropa institutları və ölkələrilə münasibətlərimizin bitəcəyi anlamına gəlmir. Biz AB ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Avropa və beynəlxalq maliyyə institutları ilə dərin əməkdaşlığımız mövcuddur. AB-yə üzv dövlətlərin əksəriyyəti ilə ikitərəfli iqtisadi və siyasi əməkdaşlığımız mövcuddur.
Ancaq Avropa Şurasından çıxmağımız Ermənistanın və antı-Azərbaycan qüvvələrinin əlinə böyük fürsət verər, onlara ərazi bütövlüyümüz və iqtisadi inkişafımızla bağlı müəyyən addımlar ata bilməyə imkan yaradar.
Azərbaycanın imtinası isə, bir qurum olaraq, AŞ-nin bütövlüyünü sarsıda biləcək bir proses olar . İstənilən çağırışların olmasına baxmayaraq, Avropa Şurasının Azərbaycanı üzvlükdən çıxarması da real deyil”.
Məhəmmədəli QƏRİBLİ