Ramil Hüseynov: “Bir neçə ildən sonra Kazimirovun belə açıqlama ilə çıxış etməsi səmimi görünmür”
1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunda Rusiyadan olan həmsədr Vladimir Kazimirov Ermənistan mətbuatına müsahibəsində işğal olunmuş rayonların Azərbaycana qaytarılmasının vacibliyindən danışıb.
Kazimirov prezidentlərin Cenevrə görüşünə toxunaraq, “belə görüşlər əhəmiyyətlidir” deyə bildirib: “Lakin son nəticədə nizama salınma yoxdur. Belə münaqişələrdə tərəflər nəinki müqavilələr imzalamağı, həm də razılaşmalarını yerinə yetirməyi bacarmırlar. Yəni müqavilə imzalanırsa, bunu yerinə yetirmək lazımdır. Mən bu gün münaqişəyə real yanaşma görmürəm”.
V.Kazimirov qeyd edib ki, münaqişənin həlli üçün tərəflər siyasi və diplomatik məsuliyyət daşımalıdırlar: “90-cı illərdə Azərbaycan ərazilərini itirdi. Bu gün danışıqlar mövzusu olan ərazilər Qarabağətrafı rayonlar deyil. Əgər Azərbaycan məsələnin siyasi yolla həllinə qərar versə, onda Ermənistan 90-cı illərin müharibəsində aldıqları əraziləri həqiqətən azad etməlidir”.
Kazimirov rayonların qaytarılmasının əvəzinə Qarabağın statusunun həll edilməsi məsələsini şərh edərkən bildirib ki, Azərbaycan belə bir öhdəlik götürmür: “Ermənistanda anlamalıdırlar ki, bu ərazilər müharibə zamanı əldə olunub və onlara aid deyil. Yəni Azərbaycana qaytarmalıdırlar. Əlbəttə, Dağlıq Qarabağın statusu müzakirə olunacaq, lakin bundan əvvəl rayonları qaytarmaq lazımdır”.
O da məlumdur ki, V.Kazimirov indiyə qədər daha çox Ermənistanın mövqeyindən çıxış edib. İstər həmsədr olanda, istərsə də ondan sonrakı dövrlərdə, birmənalı olaraq, ermənilərin mövqeyini müdafiə edib. O üzdən, onun indi belə açıqlama ilə çıxış etməsi qəribə görünür. Ancaq onu da nəzərə almaq lazımdır ki, son dövrlər ABŞ-ı təmsil edən keçmiş həmsədrlər bənzər açıqlamalar verib. Məsələn, Kerri Kavano, Metyu Brayza, Ceyms Uorlik işğal olunmuş rayonların geri qaytarılmasının vacib olduğunu bildiriblər. Bu baxımdan Kazimirovun belə bir açıqlama ilə çıxış etməsini ekspertlər necə şərh edirlər?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Kazimirovun açıqlaması qeyri-səmimidir: “Əvvəla ona görə ki, o, həmsədr olduğu dövrdə heç vaxt tərəfsiz mövqedən çıxış etməyib. Düzdür, onun belə mövqedən çıxış etməsinin kökündə Rusiyanın işğalçı Ermənistana verdiyi dəstək dayanıb. Ancaq buna rəğmən, o, diplomat olaraq tərəfsizliyini qorumağa borclu idi. Ancaq o bunu etmədi. 1996-cı ildə həmsədrlikdən azad edildikdən sona isə Dağlıq Qarabağla bağlı zaman-zaman verdiyi açıqlamalar qərəzli xarakter daşıyıb. Açıqlamalarında ən elementar normaları belə gözləməyib. O üzdən, bir neçə ildən sonra Kazimirovun belə açıqlama ilə çıxış etməsi səmimi görünmür. Görünür, ABŞ-ın keçmiş həmsədrlərinin beynəlxalq hüquq normalarından çıxış edərək sülh danışıqlarında işğal olunmuş ərazilərin boşaldılmasının vacib şərt olmasını bildirməsi Kazimirovu belə açıqlama verməyə vadar edib. Sanki bunula Rusiyanın mövqeyi barədə obyektiv rəy formalaşdırmaq istəyir. Ancaq hamıya bəllidir ki, o vaxt Rusiya hakimiyyətinin yardımı sayəsində Ermənistan Azərbaycan ərazilərini işğal edib. Ermənistanın özünün belə bir imkanları o dərəcədə yox idi. Rusiyanın yardımı olmasaydı, Ermənistan Azərbaycan qarşısında duruş gətirə bilməzdi. Bir məqamı da nəzərə almaq lazımdır ki, Rusiya açıq formada Dağlıq Qarabağdakı separatçı fəaliyyəti dəstəkləyə bilməz. Belə olsa, bunun özü Rusiyanın mövcudluğu üçün potensial təhlükədir. Çünki Rusiyada bir sıra etnik baxımdan fərqli muxtar regionlar var. Dağlıq Qarabağdakı separatizmə açıq dəstək Rusiyada mərkəzdənqaçma meyllərini sürətləndirə bilər”.
Vidadi ORDAHALLI