Vüqar Qədirov: “Bu, sadəcə, İranın gözünə girmək, ona yaltaqlanmaq üçündür”
Ermənistan qışqabağı ölkənin qaz təminatında irəliləyişə nail olmaq üçün İran və Türkmənistana üçtərəfli format təklif edib. Bu barədə jurnalistlərə Ermənistanın enerji və təbii sərvətlər naziri Aşot Manukyan bildirib. Onun sözlərinə görə, İrəvan İrana təklif edib ki, Türkmənistana olan borcunun əvəzinə Ermənistana qaz versin, onun Aşqabada olan borcunu isə Ermənistan başqa məhsullarla ödəsin. Amma başqa məhsulların nədən ibarət olacağı açıqlanmır.
Xatırladaq ki, Türkmənistan 2017-ci il yanvarın 1-dən İrana nəql etdiyi məhsullara Tehranın borcu üzündən məhdudiyyət qoyub. Borcun həcmi açıqlanmasa da, məbləğın böyük olduğu bildirilir. Görünən odur ki, Ermənistan iki ölkə arasındakı gərginlikdən yararlanıb Azərbaycana təcavüzü nəticəsində düşdüyü iqtisadi blokadadan çıxmağa çalışır. Hələlik adıçəkilən ölkələrin bu təklifə nə cavab verəcəyi bəlli deyil.
Ermənistan blokadadan çıxmaq üçün bu iki müsəlman ölkəsini aldada biləcəkmi?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, bunu Ermənistanın növbəti hiyləsi adlandırmaq olar: “Yəqin ki, Ermənistan Azərbaycanın uğurla həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarından ruhlanıb belə bir addım atmaq istəyir. Ancaq onların özü də yaxşı bilir ki, bununla bağlı Azərbaycanla Ermənistanın imkanları müqayisəolunmazdır. Çünki Azərbaycan regionu əhatə edən ən böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Yaxın qonşularla münasibətdə yeni ideyaların həyata keçirilməsini önə çəkir və buna nail olur. Bu baxımdan da İran-Azərbaycan-Rusiya, Türkiyə-Gürcüstan-Azərbaycan , Türkiyə-Rusiya-Azərbaycan kimi əməkdaşlıq formatları uğurla alınıb. Ermənistanın Türkəmənistana əməkdaşlıq təklif etməsi çox gülünc bir məsələdir. Çünki həmin iki ölkənin bir-birilə nə sərhədi var, nə də Ermənistan Türkmənistanı təəccübləndirəcək mallara sahibdir. Bu, sadəcə, İranın gözünə girmək, ona yaltaqlanmaq üçündür. İran Ermənistana nəfəslik açan ölkədir. İrəvan bunu dərk edir. Hazırda Türkmənistan İranla aralarında olan borc səbəbindən həmin ölkəyə embarqo qoyubsa, bunun həlli iki ölkədən asılı olan məsələdir. Çünki onlar yaxın və müsəlman ölkələridir. Belə məsələdə Ermənistan kimi dilənçi bir ölkənin təşəbbüsü əla almaq cəhdi İrana yaltaqlanmaq kimi yozula bilər. Türkmənistanla İran arasında hansısa çözülməsi müşkül olan siyasi tipli problem yoxdur. Xırda iqtisadi anlaşılmazlıqdır ki, o da tezliklə həllini tapa bilər. Bu baxımdan da Ermənistanın hiyləgər siyasətinin fayda verəcəyinə inanmıram. Fikir verirsinizsə, Ermənistan Türkmənistana verə biləcəyi malların adını açıqlamır. Çünki həmin potensiala sahib deyil”.
Məhəmmədəli QƏRİBLİ