Daşdəmir Əliyev: “Atəşkəsi pozmaqla ermənilər yalnız diqqəti özlərinə cəlb etməyəcəklər, eyni zamanda, Azərbaycan əsgərinin gülləsinə tuş gələcəklər”
Oktyabrın 21-də Silahlı Qüvvələrin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin komandirləri və digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrin qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdıran nazir cəbhə xəttində yaranmış son vəziyyətin təhlilini apararaq qarşıda duran vəzifələri xüsusi qeyd edib.
General-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti-döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb.
Z.Həsənovun düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar verdiyi müvafiq tapşırıqlar ön cəbhədə yeni vəziyyətin yaranmasına səbəb ola bilərmi?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, müdafiə naziri tərəfindən verilən son tapşırıqlarda xüsusilə diqqət çəkəni təxribatların qarşısının qətiyyətlə alınması ilə bağlıdır: “Biz düşmənlə müharibə şəraitində yaşayırıq. Buna görə də ön cəbhədə hər zaman diqqətli və sayıq olmalıyıq. Şükürlər olsun ki, bu sarıdan vəziyyət ürəkaçandır. Aprel hadisələri zamanı və ondan sonra da gördük ki, ermənilərin təxribatları bumeranq effekti verir. Onlar qazanmaq əvəzinə itki verirlər. Cənab nazirin təxribatların üzərində bir daha dayanması təsadüfi deyil. Məlumdur ki, ermənilərin cəbhə xəttində seçdikləri ənənəvi taktika var. Onlar Azərbaycanda mühüm tədbirlər olanda, Dağlıq Qarabağ problemi ilə bağlı mühüm danışıqlar ərəfəsi və ondan sonra, hətta öz daxillərində etirazlar qızışanda cəhbə xəttində təxribata əl atırlar. Cenevrə danışıqlarından sonra biz bunu daha aydın hiss edirik. Onlar bu cür təxribatlarla diqqəti başqa proseslərdən yayındırıb yalnız təhlükəsiziyə yönəltmək istəyirlər. Təsadüfi deyil ki, ermənilər danışıqlar prosesində işğal etdikləri torpaqlardan deyil, atəşkəsə nəzarət mexanizmlərindən dəm vururlar. Artıq onların bu hiylələri də keçməyəcək. Nazirin xüsusilə ön xətdə yerləşən hərbi hissələrimizə belə bir xüsusi tapşırıq verməsi cəbhədə yeni vəziyyətin yaranmasına səbəb olacaq. Düşmənin təxribatının qarşısı layiqincə alınmaqla yanaşı, həm də onlara daha sərt cavab veriləcək. Əvvəl ermənilər belə təxribatları törətməklə nəyəsə nail ola bilirdisə, bundan sonra məhz etdikləri hiyləgərliyə görə əks həmlə ilə üzləşə bilərlər. Cənab nazirin fikirlərindən bu nəticəyə gəlmək olar ki, ya ermənilər təxribatdan əl çəkməlidir, ya da onlara qarşı daha amansız tədbirlər görüləcək. Belə başa düşülür ki, atəşkəsi pozmaqla ermənilər yalnız diqqəti özlərinə cəlb etməyəcəklər, eyni zamanda, Azərbaycan əsgərinin gülləsinə tuş gələcəklər”.
Məhəmmədəli QƏRİBLİ