Aqşin Əliyev: “Axı necə ola bilər ki, əsgərlər bir-birini güllələsin, onu qarşı tərəfin üstünə yıxasan?”
İşğalçı Ermənistan ordusunda daha iki əsgər ölümü baş verib. Yayılan xəbərlərə görə, bunlar 1998-ci il təvəllüdlü Aram Xaçatryan və 1997-ci il təvəllüdlü Qraç Avetisyandır. “Armenpress” saytı yazır ki, Ermənistan İstintaq Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən A.Xaçatryanın oktyabrın 19-da döyüş mövqeyindəki hərbi hissədə sağ çiynindən güllə yarası aldığı və hospitala aparılarkən yolda öldüyü bildirilib. İstintaq Komitəsinin araşdırmaları nəticəsində onun qəsdən öldürüldüyü təsdiqini tapıb və qatilin axtarışlarına başlanıb. Hətta komitənin xəbərinə görə, hərbi hissənin adı çəkilməyən bir kiçik serjantı olayda şübhəli qismində həbs olunub.
Maraqlıdır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra düşmən ölkənin mətbuatı Azərbaycanın razılaşmanı pozaraq cəbhədə gərginliyi artırdığı barədə haray-həşir qoparmış və Xaçatryan soyadlı əsgərin guya Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldürüldüyünü bar-bar bağırmışdı. Hətta həmin əsgər ölümündən sonra təltif edilmişdi. Göründüyü kimi, bu hadisə ilə bağlı yaydıqları son məlumatda ermənilər özlərini ifşa edirlər.
Ermənilərin bu tip cılız dezinformasiya buraxmaqda məqsədi nədir?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Ermənistan hərbi məlumatları daim öz əhalisindən gizlədir: “Buna baxmayaraq, orada fəaliyyət göstərən bəzi QHT-lər və KİV-lər əsl həqiqətləri açıb ictimaiyyətə açıqlaya bilirlər. Qeyd etdiyiniz son hadisə ilə bağlı isə Ermənistanın marağı tamamilə başqa olub. Fikir verirsinizsə, Cenevrə danışıqlarından sonra Ermənistan cəbhədəki fəallığını artırıb, atəşkəsi mütəmadi şəkildə pozur. Ən maraqlısı isə budur ki, bütün bu halların baş verməsində Azərbaycanı günahlandırır. Məqsəd bəllidir. Azərbaycanı sülh tərəfdarı olmayan ölkə kimi qələmə verib, danışıqların mənasız olduğuna dünyanı inandırmaq. Ölkəmizin rəsmiləri isə bu təxribatlarla bağlı daha sərt xətt tutacaqlarını bəyan ediblər. Ermənilər özlərini cəbhə xəttində itirdikləri kimi, informasiya müharibəsində də müvazinətlərini qoruya bilmirlər. Özlərinin geniş şəkildə tirajladığı informasiyanı elə öz mediaları təkzib etdi. Axı necə ola bilər ki, əsgərlər bir-birini güllələsin, onu qarşı tərəfin üstünə yıxasan? İnformasiyanın sürətlə yayıla bildiyi bir zəmanədə bələ ağ yalanı cəmiyyətə sırımaq mümkün deyil. Axı həmin işlə bağlı cinayət işi açılıb. Ölən, öldürülən əsgərin valideynləri var. Bunu bir necə gün gizli saxlamaq olar, sonra üstü mütləq açılacaq. Bu fakt ermənilərin nə dərəcədə saxtakar olduqlarını bütün dünyaya sübut etdi. Ermənistan hərbi itkilərini də çox əcaib şəkildə pərdələyir. Daha çox isə baş verən itkiləri Azərbaycanın üstünə yazmağa çalışır ki, bu da çox vaxt ifşa edilir. Qeyri-döyüş şəraitində, “dedovşina” zəminində baş verən itkilərin törədilməsilə bağlı faktlar tamamilə təhrif edilir. Bunlara əyani şahid olmaq üçün Ermənistanda bu sahəni tədqiq edən QHT-lərin fəaliyyətinə nəzər salmaq kifayətdir”.
İradə SARIYEVA