Məhəmməd Əsədullazadə: “Ancaq bu o demək deyil ki, münaqişənin həll edilməsi mümkünsüzdür”
Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq. Məlum olduğu kimi, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.
“Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub. Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.
RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: “Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həlli yoxdur. Onların problemləri uzun müddət qalacaq”.
Jirinovski bunu onunla əsaslandırmağa çalışıb ki, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir: “Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu onların şəhəridir, paytaxtıdır. Ərəblər isə hesab edirlər ki, onlarındır. Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsünüz ki, burada əsas məsələ SSRİ-nin qanunsuz parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır”.
O da heç kəsə sirr deyil ki, Jirinovski dünyada qeyri-ciddi siyasi imicə malikdir. Çünki zaman-zaman reallıqdan uzaq, ziddiyyətli fikirlər səsləndirib. O cümlədən, Dağlıq Qarabağ problemi ilə də bağlı bu kimi bənzər açıqlamalar səsləndirib. Bütün hallarda, Jirinovskinin Qarabağla bağlı son açıqlamasına politoloqlar hansı prizmadan yanaşır? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Jirinovskinin indiki məqamda belə bir açıqlama ilə çıxış etməsi təsadüfi deyil: “Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə, məlum olduğu kimi, heç bir müsbət irəliləyiş əldə olunmadı. Ermənistan prezidenti görüşdən dərhal sonra Qarabağ münaqişəsinin həll variantının olmadığını və mürəkkəb bir problem olduğunu qeyd edərək, əslində, danışıqlardan yayınmaq kursunu davam etdirdi. Təbii ki, Sarkisyanın bu bəyanatının arxasında Moskvanın olması şübhəsizdir. Başqa bir tərəfdən, artıq rəsmi Kremlin danışan dili, RLDP lideri Vladimir Jirinovski qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır. Jirinovskinin indiki məqamda problemin həll yolunun olmamasını deməsi təsadüfi deyil. Məsələ ondadır ki, Sarkisyanla Jirinovskinin ortaq fikirləri Kremlin region siyasətinin tərkib hissəsini təşkil edir. Rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı konkret siyasətini Jirinovski ortaya qoydu. Deməli, Rusiyanın moderatorluğu və Minsk Qrupunda həmsədrliyi yalnız münaqişənin dondurulmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, Jirinovski Rusiyanın rəsmi şəxsidir. Kifayət qədər Kremlin ən yaxın danışmanıdır. Moskva Jirinovskiyə çox ciddi siyasi dəstək verir. Onun xarici ölkələrdə dövlət başçıları səviyyəsində qəbul edilməsi, beynəlxalq və regional məsələləri onunla müzakirə etmələri bir daha sübut edir ki, Jirinovski ciddi qəbul edilən fiqurdur. Onun dedikləri birbaşa Kremlin, daha konkret desək, Putinin siyasətini əks etdirir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Jirinovskinin bu bəyanatına cavab verməsi mütləqdir. Bütün bunlara baxmayaraq, biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün variantları nəzərdən keçirməliyik. Jirinovskinin belə bir açıqlama ilə çıxış etməsi o demək deyil ki, münaqişənin həll edilməsi mümkünsüzdür. Təbii ki, bu belə deyil”.
Vidadi ORDAHALLI