Ermənilər mütəmadi olaraq Azərbaycana qarşı təxribat xarakterli addımlar atmaqla məşğuldur. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Ermənistandan həmişə təxribat xarakterli addımlar gözləməli və ehtiyatlı olmalıdır: "Çünki onların mayası təxribatla yoğrulub. Ermənilərdən yaxşı heç nə gözləmək olmaz. Bir ölkənin ki başçısı hərbi cinayətlər törədə, ondan başqa nə gözləmək olar? Serj Sarkisyan ölkəsini kriminal qanunlarla idarə edir. Ermənilər təxribatlar törətməklə gündəmə gəlmək istəyirlər ki, yaddan çıxmasınlar. Ermənistana normal bir ziyalı rəhbərlik etməyib. Öncə xalqımıza qarşı cinayətlərin törədilməsində iştirak edən Robert Köçəryan, sonra da soyqırımın birbaşa iştirakçısı olan Serj Sarkisyan Ermənistanda prezident postunu tutdu. Belə bir ölkədən başqa nə gözləmək olar? Cinayətkarın prezident olduğu ölkədən, onun ətrafından başqa heç nə gözləmirik. Biz bu təxribatların qarşısını ala bilirik".
Millət vəkili Elman Nəsirov isə deyib ki, Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq üçün təxribatlar edir. 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə keçirilən Avropa ermənilərinin 4-cü “konqresi” də bu fəaliyyətin tərkib hissəsidir. Millət vəkili bildirib ki, erməni lobbisi bu cür hərəkətləri ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı günahkar çıxartmaq istəyir: "Onlar çalışırlar ki, Azərbaycanı sülh prosesinə mane olan tərəf kimi tanıtsınlar. Ona görə də bu istiqamətdə müxtəlif təxribatlar törədirlər. Amma bu halların qarşısı alınır və ermənilərin niyyətləri boşa çıxır".
E.Nəsirov qeyd edib ki, ermənilər bu hərəkətləri ilə Cenevrə danışıqlarını pozmağa cəhd edirlər: "Ermənistan rəsmiləri öz çirkin əməllərini gizlətmək üçün Azərbaycanı ittiham etməyə çalışırlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, danışıqlarda razılığa gəlmək, problemi həll etmək niyyətləri yoxdur. Cenevrə danışıqlarından sonra ermənilərin bu cür təxribatlara əl atmalarının məqsədi danışıqlara, sülh prosesinə zərbə endirməkdir. Onlar bu hərəkətləri ilə beynəlxalq ictimaiyyətin fikirlərini çaşdırmağa cəhd edirlər".
Qeyd edək ki, 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib. Konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsinə cəhd olub. İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, qondarma rejim “nümayəndələri”nin tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.