Elşən Həsənov: “Sərhədləri hamının üzünə bağlamaq da olmaz”
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 78-ci iclasının iştirakçılarını qəbul edib. İlham Əliyev qəbul zamanı sərhədlərin qorunması ilə bağlı olduqca maraqlı fikirlər səsləndirib:
“Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik”.
Daha sonra ölkə başçısı sərhədlərin necə qorunması ilə bağlı yeni yanaşma ortaya qoyub:
“Hamımız sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları, ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20 faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda, təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim Sərhəd Xidmətinin rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və təcrübə mübadiləsi aparacaqsınız”.
Göründüyü kimi, ölkə başçısı bu yanaşması ilə sərhəd mühafizəsində yeni bir baxışın əsasını qoymuş olur. “Dosta açıq, düşmənlərə isə bağlı” kimi təqdim edilən bu konsepsiyanın öyrənilməsi, tətbiqi hansı faydaları verə bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, sərhədlərin qorunması ilə bağlı məsələ hazırda bütün dünyanı narahat edən problemdir: “Bilirsiniz ki, hazırda qanusuz miqrasiya, terrorçuların yerdəyişməsi, narkotrafik, insan alveri kimi qlobal mahiyyətli cinayətlərlə ciddi mübarizə aparılır. Həmin kateqoriyalı cinayətlərin öhdəsindən gəlmək bir ölkənin gücü xaricindədir. Bu baxımdan da Bakıda keçirilən görüşü vacib saymaq olar. Çünki bu sahədə informasiya mübadiləsi, birgə fəaliyyət olduqca vacibdir. Azərbaycan bir neçə ölkə ilə həmsərhəddir. Həmin ölkələrdən birilə isə faktiki olaraq müharibə şəraitində yaşayırıq. Bu baxımdan da sərhədçilərimizin üzərinə ağır yük düşür. Real vəziyyətin təhlili göstərir ki, bizim sərhədlərimiz etibarlı qorunur. Buna baxmayaraq, ayıq-sayıqlığımızı qorumalıyıq. Ölkə başçısı generalları qəbul edərkən doğrudan da sərhəd mühafizəsi üçün vacib olan ideya irəli sürdü. Həmin fakir, bir növ, klassik atalar deyimilə də üst-üstə düşür. “Qapımız dost üzünə həmişə açıqdır” kimi deyimi nəzərdə tuturam. Biz qapalı ölkə deyilik. Tam qapalı olmaq avtoritar, diktatura üsulları ilə idarə edilən ölkələrə xasdır. Bizim əməkdaşlıq etdiyimiz MDB ölkələri də bu qəbildən deyil. Buna görə də sərhədləri hamının üzünə bağlamaq da olmaz. Yəqin ki, son vaxtlar Azərbaycana gələn turistlərin sayındakı artımı görürsünüz. Bütün bunlar dostlara açıq qapı siyasətinə görə olub. Bu sahədə Azərbaycan qanunları çox liberallaşdırılıb. Eyni zamanda, pis niyyətlilərə qarşı isə sərt tədbirləri həyata keçirir. Bu qızıl orta prinsipinə əməl olunması bütün ölkələr üçün uğur gətirə bilər”.
Məhəmmədəli QƏRİBLİ