Qardaş Türkiyənin Suriyada hərbi iştirakını genişləndirməsi bu ölkənin ABŞ-la onsuz da soyuq olan münasibətlərinin bir qədər də gərginləşməsinə xidmət etməkdədir. Proseslərin gedişi göstərir ki, yaşanan gərginlik Türkiyəni burada yeni qanlı savaşa da cəlb edə bilər. Bütün bunlara əsas səbəb Türkiyənin Rusiya və İranla birgə hərəkət etməsi, eyni zamanda Suriyanın İdlib şəhərinə daxil olmasıdır. Artıq ilk mərhələdə Türkiyəyə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olub. Hazırda isə bu say artmaqdadır.
Qeyd edək ki, Ankara Astanada əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı bildirir: "Biz Astana prosesinə başladıq. Rusiya, Türkiyə və İran - üçümüz birlikdə qərar qəbul etdik. Türkiyə Silahlı Qüvvələri İdlibdə əməliyyata başladı. Heç kim bizə bunu niyə etdiniz deyə bilməz. Suriya ilə sərhədi olan bizik".
O həmçinin qeyd edib ki, Türkiyə müttəfiq dövlətlərin ona qarşı ikiüzlü davranışından çox narahatdır. "Üz-üzə gələndə söz verirlər, hər cür təminat verirlər, daha sonra arxamızda min oyundan çıxırlar. Türkiyəni Qərb və dünyadan təcrid üçün əlindən gələni edənlər nahaq yerə əziyyət çəkir. Yanımızda olanları unutmadığımız kimi, ayağımızın altını qazanları da unutmayacağıq. Müttəfiq dediyimiz dövlətlərin ölkəmizə qarşı ikiüzlü davranışından çox narahatıq. Üz-üzə gələndə hər cür təminat verənlər arxamızda min oyundan çıxır. Bizə haqq və azadlıqdan dərs verənlərin sərf etməyəndə bu məsələlərdən əl çəkdiklərini açıq-aşkar görürük. Terror qrupları ilə qol-qola girib bölgəmizdə gəzməyə başlayırlar". Türkiyə prezidenti bir daha vurğulayıb ki, İŞİD-ə qarşı mübarizə adı altında PKK qolları olan PYD və YPG terror qruplarına pulsuz-parasız silah verilir: "Bu qədər silah-sursat verməkdə əsas məqsəd nə ola bilər".
Onu da qeyd edək ki, türk ordusu İdlib əməliyyatı çərçivəsində ilk mərhələdə PKK-PYD ünsürlərinin nəzarətində olan Afrin yaxınlığında mövqe tutub. Belə bir vaxtda bəlli olub ki, PKK terrorçuları türk ordusunun əməliyyatlar apardığı İdlibə hücuma hazırlaşır. Türkiyə mediası PKK terrorçularının kütləvi halda İdlib istiqamətinə toplaşdığını bildirir. PKK-nın Afrin bölgəsi üzrə komandiri Əhməd Sultan qeyd edir: “Rakkada qazandığımız zəfərdən sonra bütün gücümüzü İdlib üçün Afrinə yönləndiririk”. Türkiyə mediası onu da vurğulayır ki, kürdlərin bu istiqamətdə hərəkətinə dair göstəriş ABŞ-dan gəlib. Qeyd olunur ki, ABŞ İŞİD-in Rakkanı PKK-ya təslim etməsindən sonra Suriya və İraqdakı bütün terrorçuları İdlibə yönləndirib. Elə Əhməd Sultan da İdlib hücumunda PKK-nın müttəfiqlərinin də böyük payı olacağını bildirib. Hücum planında dinc xalqın təhrik edilməsinə xüsusilə diqqət ayrılıb. Belə ki, terror təşkilatı Türkiyənin İdlibdəkin əməliyyatlarına “işğalçı” donu geyindirəcək və dinc xalqı bu işğalçılığa qarşı ayağa qaldırmağa çalışacaq. Bu çərçivədə bəzi cinayətlərin işlənəcəyi, həmçinin türk əsgərlərini günahkar göstərən video və dəlillərin hazırlanacağı ehtimal edilir. PKK-nın bu planının bütün detallarını bilən Türkiyə Silahlı Qüvvələri isə baş verə biləcək mümkün hadisələrə qarşı tədbir görüb. Ordunun insansız kəşfiyyat təyyarələri 24 saat kəşfiyyat uçuşu həyata keçirir. Amma Türkiyəni narahat edən əsas məsələ terrorçulara ABŞ tərəfindən verilən dəstəkdir. Hesab edilir ki, baş verənlər İdlibdə böyük qanlı savaşa rəvac verəcək. Bu savaşda əsas tərəflərdən biri də Türkiyə olacaq.
Qeyd edək ki, bu vaxta qədər ABŞ PYD-yə xeyli silah ötürüb. Pentaqon bildirib ki, bu avadanlıq məxsusi olaraq Rakkanın zəbt edilməsi məqsədilə verilir. Pentaqonun sözçüsü Den Uayt bu xüsusda bildirib: "Biz partnyorumuz Türkiyənin təhlükəsizlik narahatlığından xəbərdarıq. Biz Türkiyə hökumətinə və xalqına təminat veririk ki, ABŞ əlavə təhlükəsizlik risqlərinin önlənməsinə və NATO müttəfiqimizin müdafiəsinə sadiqdir". Amma indi PYD ABŞ-dan aldığı silahları geri verməyərək onları İdlibdə Türkiyəyə qarşı istfiadə etməyə hazırlaşır. Elə bu da Türkiyə üçün İdlibdə döyüşlərin asan olmayacağıın göstərir. Hesab edilir ki, İdlib və ətraf əraziləri kürdlərin vasitəsilə nəzarət altına almaq istəyən ABŞ-ın burada öz planları var. Həmin plana əsasən, ABŞ Suriyanın şimalında yeni böyük aviabazanın qurulmasına çalışır. Bu bazanın qurulmasını başa çatdırandan sonra amerikalılar daha dörd aviabazanın genişləndirilməsini həyata keçirəcək. İsrail kəşfiyyatına yaxın “Debka” portalının məlumatına görə, bazaların hamısı Suriyanın İraqla sərhəd şimal zonalarında yerləşdiriləcək. Belə vəziyyət isə Rusiyanın da maraqlarına cavab vermir. Ona görə gözlənir ki, ABŞ-ın bölgədə planlarına qarşı Rusiya da hərəkətə keçsin. Bu isə bölgədə savaşın miqyasının daha da böyüməsi anlamına gələcək.
Nahid SALAYEV