Prezidentlərin Cenevrə görüşündən artıq bir neçə gün keçsə də, onunla bağlı müzakirələr səngimir. Hadisələrin inkişaf axarı, yayılan məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, Cenevrə görüşü erməni tərəfi üçün kifayət qədər gərgin keçib və bu xüsusda nəticələr yaxın tezlikdə özünü göstərəcək. Məsələ burasındadır ki, Ermənistan rəhbərlyinin görüşlə bağlı nə deməsindən asılı olmayaraq, İrəvanın Dağlıq Qarabağ münaqişəsinə hansı prinsiplər əsasında yanaşmalı olmasına dair konkret beynəlxalq mövqe var.
Bu mövqenin nədən ibarət olması ABŞ Senatında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçrilən brifinqdə bir daha gündəmə gətirildi. 2013-2016-cı illərdə Minsk Qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik bu məsələ ilə bağlı bir daha qeyd edib ki, nizamlanmanın əsasını BMT-nin nizamnaməsi və müvafiq sənədlər, Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir: “Madrid prinsipləri”nə əsaslanan altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir: “Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən “Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur“. Xatırladaq ki, bir müddət əvvəl həmin prinsiplər sabiq həmsədr Riçard Hoqland tərəfindən də açıqlanmışdı.
1999-2001-ci illərdə Minsk Qrupunun amerikalı həmsədri olmuş səfir Kerri Kavano isə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq çoxdan bəri “dondurulmuş” münaqişə deyil: “Son illərdə tərəflərin bu münaqişənin tənzimlənməsinə dair mövqeləri daha güzəştsiz olub, regiona çoxlu sayda silahların gətirilməsi vəziyyəti daha da mürəkkəbləşdirir, əməliyyatlar şiddətlənə bilər. Münaqişənin tənzimlənməsi ilə bağlı Ki-Uestdə və Kazanda xeyli irəliləyiş əldə edilsə də, səylər nəticəsiz oldu”. Avropa və Mərkəzi Asiya üzrə “Beynəlxalq antiböhran qrupu” proqramının direktoru Maqdalena Qrono isə bildirib ki, konfliktin həllinin uzanması əslində Ermənistanın özünə ziyandır. O qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu dünyanın ən çox hərbiləşdirilmiş regionlarından biridir: “Münaqişənin eskalasiyası tammiqyaslı müharibə həddinə çata, potensial baxımından regiondakı ölkələri və digər ölkələri də bu müharibəyə cəlb edə bilər. Ermənistan qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən dərhal çıxarılmasının tələb edildiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan üçün status-kvo qəbuledilməzdir və rəsmi Bakı artıq bir neçə ildir öz hərbi potensialını artırır. Dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olan Ermənistan da, aşağı tariflər üzrə silah almasına baxmayaraq, Azərbaycanla müqayisədə zəifdir. Amma silahlı münaqişənin potensial baxımdan eskalasiyası çox böyük humanitar nəticələrə gətirib çıxara bilər”.
Beləliklə, sadalananlardan aydın görünür ki, ABŞ və ümumilikdə dünya ictimaiyyətinin Qarabağ məsələsinə yanaşmada mövqeyi konkret olaraq nədən ibarətdir. Bunu erməni tərəfi nəzərə almağa məcburdur və belə vəziyyət, aydındır ki, Cenevrə görüşünə də təsirsiz ötüşməyib. Elə bu səbəbdən indi ermənilər özləri etiraf edir ki, Cenevrə görüşü əslində, prezident Serj Sarkisyanın nə deməsindən asılı olmayaraq, Ermənistan üçün məğlubiyyət şəraitində baş tutub. Ümumiyyətlə, Serj Sarkisyanın görüşdən çıxdıqdan sonra “qalib” görüntüsü yaratmasının əksinə olaraq, Ermənistanda onun Azərbaycan prezidenti İlham Əliyevin qarşısında məğlub olduğunu düşünənlərin sayı kifayət qədərdir. Bununla bağlı “lragir” saytı yazır ki, Cenevrədə Vyana çağırışı, yəni atəşkəsə nəzarət mexanizmi səslənmədi: “Çoxları hesab edir ki, İrəvan ilkin şərt kimi irəli sürdüyü bu məsələdən imtina etdi. Bunun fonunda İlham Əliyevin görüş ərəfəsində “Ermənistan ilkin şərt olmadan danışıqların yenilənməsinə razılaşdı” açıqlaması da təsadüfi deyil. Bu baxımdan, Cenevrə görüşündə Azərbaycan ilkin şərt olmadan danışıqların başlanmasına nail oldu. Bu, Bakının qələbəsi hesab edilir. Bəs Sarkisyan niyə heç bir qazanc görünməyən bu görüşə getdi?! Onu kim inandırdı? Mümkündür ki, Rusiya Sarkisyanı buna məcbur edib”. Sarkisyanın erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlərin, xüsusən də həll variantının yoxluğu ilə bağlı dediklərinin həqiqətədən uzaq olduğunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da təsdiq edir. Öncə görüşlə bağlı verilən bəyanata toxunan nazir bildirir: “Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil. Danışıqlar substantiv olmalıdır. Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil”. Ümumiyyətlə, görüşdən sonra Sarksiyanın Ermənistanın İsveçrədəki səfirliyinə gedib orada erməni diasporunun nümayəndələri ilə bir araya gəldikdən sonra səsləndirdiyi fikirlər həmsədrlərin bəyanatında qeyd olunanlarla tam zidiyyət təşkil edir. Bu da onu deməyə əsas verir ki, Sarkisyan görüşdə bir mövqe, kənarda isə başqa mövqe tutmağa öyrəşib.
Erməni siyasi şərhçi Naira Ayrumyan da qeyd edir ki, əslində, Ermənistan danışıqlara ilkin şərt qoymadan getməklə geri çəkildiyini nümayiş etdirdi. Digər erməni şərhçi Akop Badalyan da hesab edir ki, Sarkisyan Cenevrədə Azərbaycanın üstünlük hüququnu tanıdı: “Ümumiyyətlə, Serj Sarkisyan və onun partiyasının təbliğatçıları əvvəl dedikləri sözlərdən geri çəkildi. Onlar etimad mühiti yaradılmayacağı təqdirdə görüşə getməyəcəklərini deyirdilər, hərçənd, Cenevrədə bunun tam əksi oldu”. Rusiyalı politoloq Pavel Klaçkovun Cenevrə görüşü haqda fikirləri də diqqət çəkir. Onun sözlərinə görə, Serj Sarkisyanın görüşdən sonra İsveçrədəki erməni diasporunun qarşısında dediyi fikirlər daxili siyasətə köklənmişdi: “Auditoriya da təsadüfi seçilməmişdi. Çünki diaspor hesab edir ki, İrəvan Azərbaycana güzəştə getməməlidir. Onları sakitləşdirmək üçün Sarkisyan bu sözləri dedi”. Klaçkov hesab edir ki, indi erməni tərəfi konfliktin həlli üçün əməli addımlar atmasa, yaxın gələcəkdə Qarabağda yeni toqquşmaların baş verməsi qaçılmazdır: “Çünki danışıqlarda konkret irəliləyiş yoxdur və bu atmosferdə münaqişənin eskalasiyası mümkündür”. Azərbaycan da əslində bu xüsusda konkret xəbərdarlıqlarını edib. Rəsmi Bakının niyyətində kifayət qədər ciddi olması isə vasitəçi ölkələrə də yaxşı məlumdur. Elə bu səbəbdən onlar bölgədə yeni genişmiqyaslı toqquşmaların qarşısını almaq üçün İrəvana danışıqlarda konstruktiv mövqeyə gəlməsi üçün təzyiqlər göstərməyin zəruri olduğunu yaxşı bilir. Yuxarıda səslənən fikirlərdən isə bəlli olur ki, ABŞ məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan prinsiplərin həyata keçirilməsi ilə Qarabağ münaqişəsinin həllini tapmasını istəyir. Rusiya da eyni yanaşma sərgiləyəcəyi təqdirdə problemin həlli sürətlənə bilər. Özü də nəzərə alaq ki, Rusiyanın Ermənistana təsir rıçaqları kifayət qədər böyükdür. Hətta iş o yerə çatıb ki, Ermənistan ordusu tamamilə Rusiyanın nəzarəti altındadır. Ölkənin dövlət sərhədlərini isə Rusiya qoruyur. Bu ölkənin ali baş komandanı Rusiyadan icazəsiz orduda yüksək rütbəli vəzifəlilər arasında kadr dəyişikliyi etmək hüququna belə malik deyil. Bu fonda Azərbaycanı maraqlandıran başlıca məsələlərdən biri məhz Rusiyanın Ermənistana qarşı təzyiq elementlərini işə salmasıdır. Moskva yaxşı bilir ki, belə vəziyyətdə Bakı ilə münasibətləri daha da yaxınlacaq. Bunu “1in.am” saytına açıqlamasında Rusiya Dumasının MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə İş üzrə Komitəsinin rəhbərinin müavini Konstantin Zatulin də təsdiq edir. O, misal kimi, Azərbaycanın Avrasiya İttifaqına qatılmasının mümkünlüyünü göstərir: “Azərbaycanın Avrasiya İttifaqına qatılması imkanları ilə bağlı danışıqlar çoxdan gedir. Azərbaycan həqiqətən üzvlük haqqında qərarı qəbul etmək istəmir. Lakin Qarabağ probleminin Azərbaycanın xeyrinə həll edilməsi Avrasiya İttifaqının üzvü olan Ermənistanın maraqlarına toxunur. Bu baxımdan Qarabağ məsələsi Azərbaycanın Avrasiya İttifaqına üzvlük məsələsində onun qarşısını alan əsas faktordur. Azərbaycan ümid edir ki, Bakının təşkilatda üzvlüyünü istəyən Rusiya Ermənistana təzyiqlər edəcək. Rusiya əslində Avrasiya İttifaqının genişlənməsində maraqlıdır və Moskva çox istərdi ki, Azərbaycan da burada təmsil olunsun”. Lakin Kremlə yaxşı bəllidir ki, Dağılq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan real addımlar bu məsələdə Moskvanın istəklərinin həyata keçməsinə gətirib çıxara bilər. Əks halda Rusiyanın hansısa nəticə gözləməsinə dəyməz.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.