Məhəmməd Əsədullazadə: “Ona görə də onun heç bir razılaşmaya getməyəcəyi güman olunur”
Məlum olduğu kimi, Prezident İlham Əliyevlə Cenevrədəki görüşündən dərhal sonra düşmən ölkənin rəhbəri Serj Sarkisyan erməni diasporunun nümayəndələri ilə bir araya gəlib.
Sarkisyan Qarabağ probleminin həlli variantları ilə bağlı konkret razılaşmanın olmadığını deməklə yanaşı, danışıqların ruhuna zidd, pozucu xarakterli bir sıra fikirlər səsləndirib: “İstəyirəm ki, bir şeydən hamı əmin olsun. Bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu yoxdur. Yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Bu məqsədlə hər şey edəcəyik”.
Sarkisyanın məlum açıqlamasından sonra Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkə üzərindən Ermənistan prezidentinin təxribatçı açıqlamasına cavab verməli oldu. Administrasiya rəsmisi Ermənistan dövlət başçısının yenə öz ampluasında olduğunu, Sarkisyanın adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf saydığını qeyd etdi: “Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o bunu etdi. Söz versə də, sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir”.
Göründüyü kimi, Sarkisyan danışıqlarda razılaşdırılmış məqamlardan əlavə açıqlamalar verməklə, bir növ, nümayişkaranə şəkildə bu addımı atdı. Bunda Sarkisyanın bir sıra məqsədləri ola bilər. Başlıca məqsəd danışıqların real nəticə verməsini əngəlləmək idi ki, o, məlum açıqlama ilə, bir növ, buna nail oldu. Digər tərəfdən, Ermənistanda gələn il parlament seçkiləri keçiriləcək. Görünür, Sarkisyan bu cür radikal xarakterli açıqlamalar verməklə parlamentdə üstünlüyü əldə edəcəyinə ümid edir. Bütün bu deyilənlərin fonunda, Sarkisyan razılaşdırılmış məqamlardan niyə kənara çıxdı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra faktorlarla əlaqələndirdi: “Cenevrədə Ermənistan prezidenti Serj Sarkisyanla Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşündən gözləntilər o idi ki, danışıqlar prosesi bərpa olunsun. Bəzi konkret məsələlər ətrafında müəyyən razılıqlar əldə olunub. Amma görüşdən sonra Sarkisyanın qeyri-standart fikirləri, danışıqları sabotaj edən dəyərləndirmələri ümumən danışıqların ruhuna kölgə salmış oldu. Çünki ikitərəfli görüşdə müəyyən məsələlər barədə açıqlama verilməməsi nəzərdə tutulmuşdu. Göründüyü kimi, Sarkisyan razılaşmalara əməl etmədiyini ortaya qoydu. Bundan sonra da hesab edirəm ki, bu kimi razılaşdırılmış məsələlərdə erməni dövlət başçısı etibarsız bir şəxs kimi xarakterizə olundu. Qarabağ danışıqlarını davam etdirmək üçün ümumi prosesi rəsmi İrəvan yenidən zədələdi. Demək olar ki, Azərbaycana Ermənistan seçim imkanı qoymur. Təbii ki, Ermənistan rəhbərliyi status-kvonun qorunmasında, cəbhə bölgəsində davamlı atəşkəsdə maraqlıdır. Bununla da Azərbaycan razılaşmayacaq. Ermənistana təzyiqlər bütün istiqamətlərdə artırılacaq. İşğalçı ölkənin rəhbərliyi özünü riyakar və etibarsız kimi qəbul etdirdi. Danışıqlar formatında irəliləyişin olmamasından Ermənistan daha çox itirəcək. Hesab edirəm ki, işğalçı ölkəyə qarşı ölçü götürülməli, müdafiənin ön xəttində düşmənin güclənməsinin qarşısı alınmalıdır. Sarkisyanın razılaşdırılmış danışıqlardan kənara çıxması onun müstəqil siyasətə malik olmamasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, rəsmi Moskva ilə məsləhətləşmədən Sarkisyan hansısa addımlar ata bilməz. Həmçinin onun artıq Dağlıq Qarabağ probleminin həll olunmasında ciddi bir istəyi yoxdur. Çünki Qarabağ kartından istifadə edərək hakimiyyətdə qalır. Ona görə də onun heç bir razılaşmaya getməyəcəyi güman olunur”.
Vidadi ORDAHALLI