Xəzər Teyyublu: “Rusiya Ermənistanın olub qalanını da başına döyüb əlindən alaraq onlara köhnə silahları verirsə, bunun harası rüşvət oldu?”
Ermənistan Cenevrə danışıqlarında iştirak etməyin şokundan çıxa bilmir. Bəli, məhz iştirak etməyin. Çünki həmin ölkə aprel hadisələrindən sonra danışıqlar prosesini tərk etdiyini bəyanladı. Yalnız irəli sürdüyü müəyyən şərtlərə əməl ediləcəyi təqdirdə prosesə qayıdacağını söylədi. Ancaq gözümüzün önündə tamamilə fərqli mənzərə çanlandı.
Azərbaycanın tutduğu prinsipial mövqe Ermənistanı masa ətrafında oturmağa vadar etdi, özü də heç bir şərtə əməl olunmadan. Ermənistan düçar olduğu bu məğlubiyyəti bütün vasitələrlə ört-basdır etmək istəyir. Hətta öz mətbuatlarında dövriyyəyə belə bir izah buraxıblar ki, Rusiya Ermənistanı ona külli miqdarda hərbi sursat satmaqla razılığa gətirib. Yəni demək istəyirlər ki, Rusiya rüşvət müqabilində Ermənistanı Cenevrə görüşündə iştiraka razı sala bilib. Bu versiyanı nə dərəcədə inandırıcı saymaq olar?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə bildirdi ki, belə uydurmalarla Ermənistan rəhbərliyi öz xalqının gözündə ucalmağa çalışır: “Ermənistan Rusiyanın forpostudur. Heç bir vəchlə onlar Moskva ilə şərtlə, diqtə ilə danışa bilməz. Ermənistan münaqişənin əvvəlindən, yəni atəşkəs imzalanandan sonra qeyri-konstruktivlik ortaya qoyur. Ancaq artıq manevr imkanları bitdiyi üçün, danışıqları birdəfəlik tərk etmək istəyirdi. Cəbhə xəttində baş verən və Azərbaycanın üstün mövqedə qərarlaşması ilə nəticələnən aprel hadisələrindən sonra Sarkisyan danışıqlar prosesini tərk etdiklərini bəyan etdi. Müəyyən şərtlər səsləndirildi. Ancaq, göründüyü kimi, onların heç birinə əməl olunmadığı təqdirdə Sarkisyan yenidən danışıqlar masasına qayıtdı. Hazırda Ermənistanda vəziyyət fərqlidir. Ölkə səfalətdən qurtulmaq üçün Qərbə doğru istiqamət götürmək istəyir. Ancaq Rusiyanın yumruğu buna imkan vermir. Müxtəlif bəhanələr, erməni xislətində olan biclikləri işə salmaqla buna nail olmaq istəyirlər. Onların mətbuatı bu yöndə çox fəaldır. Bir növ, hibrid müharibə aparırlar. Ermənistanın rüşvət müqabilində danışıqlara qayıtması ilə bağlı xəbərlərin yayılması da həmin psixoloji müharibənin tərkib komponentidir. Demək istəyirlər ki, getdik heç bir mühüm sənəd imzalamadıq, amma əvəzində silah aldıq. Rusiya silah istehsal edən və onun satışından vəsait əldə etməkdə maraqlı olan ölkədir. Ermənistanın olub qalanını da başına döyüb əlindən alaraq onlara köhnə silahları verirsə, bunun harası rüşvət oldu? Tamamilə absurd bir yanaşmadır”.
Məhəmmədəli QƏRİBLİ