Yeganə Hacıyeva: “AŞPA Norveçin etdiyi şikayətə obyektiv yanaşmalı və Yaqlandı cəzalandırmalıdır”
Norveç hökuməti Avropa Şurasının baş katibi olan Yaqlandın əməllərindən elə həmin qurumun özünə şikayət ünvanlayıb. Buna səbəb Yaqlandın öz “Facebook” səhifəsində Norveç hökumətinin siyasətini tənqid etməsi olub.
Qeyd edək ki, Yaqland öz səhifəsində Norveçi İspaniyanın Barselona şəhərində baş verən hadisələrə passiv yanaşma ortaya qoymasına görə sərt tənqid edib. Göründüyü kimi, əslən Norvecdən olan və dünyanın mühüm təsisatlarından birinə rəhbərlik edən bir siyasətçi öz ölkəsinin başqa bir dövlətin daxili işlərinə qarışmasını istəyir. Belə xislətdə olan bir adamı nə dərəcədə demokratik düşüncə sahibi saymaq olar? Xatırladaq ki, Yaqland daim Azərbaycan əleyhinə də qərəzli çıxışları ilə tanınıb.
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bu faktın özü bəzi avropalı siyasətçilərin iç üzünü açmış olur: “Yayılan informasiyalardan məlum olur ki, Yaqlandın hərəkətlərindən elə öz ölkəsi bezib. Sən demə, o, ayda bir neçə dəfə Norveçin yürütdüyü siyasəti tənqid edirmiş. Axırda Norveç hakimiyyəti ondan təmsil olunduğu təsisata şikayət etməyi çıxış yolu sayıb. Yaqland Norveçin xarici işlər naziri olub. O, müstəqil bir siyasətçi kimi Norveç barədə fikirlər səsləndirsəydi, kimsə ona söz deyə bilməzdi. Nəzərə alaq ki, Yaqland Avropa Şurasının baş katibi postunu tutur və bu statusundan istifadə edərək diqqəti özünə cəlb edib lazımsız fikirlər paylaşır. Onun şərhləri çox vaxt şəxsi fikri kimi yox, təmsil olunduğu qurumun mövqeyi kimi qeyd olunur. Bu səbəbdən də Norveç kimi demokratik bir ölkə onun barəsində şikayət etmək zorunda qalıb. Ən dəhşətlisi isə budur ki, Yaqland Norveçi İspaniyanın daxili işinə qarışmamağa görə tənqid edir. Təsəvvür edirsinizmi, Kataloniyada baş verən separatçı meylli referenduma İspaniya hakimiyyəti müdaxilə etdi və bunun da nəticəsində hökumət qüvvələrilə nümayişə çıxanlar arasında toqquşmalar oldu. Yaqlandın deməyindən bu çıxır ki, Norveç hökuməti həmin proseslərin episentrində olmalıydı. Heç bir mandat almadan Norveç hökuməti bunu edə bilməzdi. Məgər özünü demokratiyanın çarçısı sayan Yaqland bunu bilmir? Bilir, sadəcə, öz xislətini, hadisələrə olan yanaşma tərzini ortaya qoyur. Təəssüflər olsun ki, biz bu yanaşmada demokratik düşüncədən əsər-əlamət görmədik. İndi təsəvvür edin ki, belə düşüncəli adamlar çox vaxt konfliktlərin həllində neytral mövqedən çıxış edirlər. Mənə elə gəlir ki, AŞPA mütləq mənada Norveçin etdiyi şikayətə obyektiv yanaşmalı və Yaqlandı cəzalandırmalıdır”.
Məhəmmədəli QƏRİBLİ