“Metsamor” atom elektrik stansiyasının (AES) region, hətta Avropa məkanı üçün ciddi təhdid mənbəyi olması barədə Azərbaycanın etdiyi xəbərdarlıqlara bu gün hətta Ermənistanda belə xüsusi diqqətlə yanaşanların sayı artır. Burada da etiraf olunur ki, köhnəlmiş bu stansiya böyük təhdid mənbəyidir.
“Nairit” zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan “1in.am” saytına müsahibəsində bildirib ki, stansiya ilk növbədə Ermənistanın özü üçün ciddi təhlükədir: “Hazırda “Metsamor” atom elektrik stansiyasının texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır. Ermənistanda bu cür nüvə stansiyasının mövcudluğu rusların mənafeyinə uyğundur. Çünki bu gün nüvə elektrik stansiyasını onlar idarə edir. Əslində, nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anaxronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslar sərf etdik və bu baş verdi. Hələ heç vaxt hansısa ölkədə tikilən nüvə stansiyası bərpa edilməyib. Nüvə stansiyamız artıq anaxronizmdir və onun texnologiyaları köhnəlib”. "Metsarmor"u Çernobılla müqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: “Bilirsiniz, potensialdan daha artıq təhlükə var. Çernobılı unutmayaq. Çernobıl fəlakətinin səbəbi texnoloji problem idi. Bizim nüvə stansiyamız da Çernobılın bənzəridir. Biz bunu nəzərə almalıyıq”.
Bu arada məlum olub ki, Rusiya “Metsamor” AES-i nüvə yanacağı ilə təmin edəcək. Artıq bununla bağlı Rusiya “Rosatom”unun TVEL yanacaq şirkəti Ermənistanla müqavilə imzalayıb. Məlumata görə, TVEL “Metsamor” AES-i 100 faiz yanacaqla təmin edəcək. Amma qeyd olunduğu kimi, Rusiyanın stansiyanı saxlamaq niyyəti artıq Ermənistanın özündə də müəyyən qüvvələrin narazılığına səbəb olub. Digər tərəfdən, son proseslər göstərir ki, “Metsamor” AES Rusiya və Avropa arasında yeni ziddiyyət predmetinə çevrilməkdədir.
Məlumdur ki, gələn ay İrəvan Avropa İttifaqı ilə yeni əməkdaşlıq sazişi imzalamağa hazırlaşır. Amma əməkdaşlığın əvəzi olaraq Avropa İttifaqı Ermənistandan atom elektrik stansiyasını bağlamağı tələb edir. Erməni ekspertlərin fikrincə, bu tələb Ermənistanda ciddi qarşıdurma yaranmasına səbəb olacaq. Əvvəla, erməni hakimiyyəti bu stansiyanın fəaliyyətində maraqlıdır. Amma yuxarıda qeyd olunduğu kimi, stansiyanın dayanmasını tələb edən ermənilərin də sayı az deyil. Digər tərəfdən, “Metsamor” AES məsələsində Rusiya və Avropa arasında fərqli mövqe mövcuddur. Avropa İttifaqı ilə sazişdə qurum tərəfindən tələb edilir ki, “Metsamor” atom elektrik stansiyasının istismarı dayandırılmaqla Ermənistan ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə istehsal güclərini əvəzləməyə yönəlmiş addımlar atsın. Bir daha qeyd edək ki, Ermənistanla Avropa İttifaqının əməkdaşlığı barədə geniş və hərtərəfli sazişin imzalanması noyabrın 24-də Brüsseldə xarici işlər nazirlərinin sammitində gerçəkləşdirilməlidir. Saziş bütün Avropa İttifaqı üzvü olan ölkələr və Ermənistan tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. İndi bu sazişə uyğun olaraq “Metsamor” AES-in fəaliyyətinin dayanması istiqamətində addımlar atılmalıdır. Amma bu məsələdə Rusiyanın fərqli mövqedə olması Ermənistana asan seçim etməyə imkan vermir. Ekspertlər isə hesab edir ki, yaşanan ziddiyyətlərə baxmayaraq, ciddi təhdid mənbəyi olduğu üçün “Metsamor” AES-in fəaliyyəti dayanmalıdır.
Qeyd edək ki, “Metsamor” AES 1980-ci ildə istifadəyə verilib. Ermənistanda istifadə olunan elektrik enerjisinin orta hesabla 45 faizini stansiyanın ikinci bloku istehsal edir. Birinci blok isə hazırda dayandırılıb. Azərbaycan, İran və Türkiyənin rəsmi dövlət qurumları AES-in fəaiyyətinin qonşu dövlətlərin ekoloji vəziyyətinə ziyan vurduğu haqda səlahiyyətli beynəlxalq təşkilatlar qarşısında onun istismarının birdəfəlik dayandırılmasına dair dəfələrlə məsələ qaldırıb. Amma hələ də bu tələbə riayət edilmir. Halbuki, Çernobılda baş verənlərin acı təcrübəsi və “Fukusima-1” AES-də baş vermiş faciə fonunda “Metsamor” AES yeni təhdid mənbəyidir. Digər tərəfdən, uzun illər boyu qəza vəziyyətində olan bu stansiya təkcə region üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir. Digər tərəfdən, “Metsamor” nüvə döyüş başlıqları və radioloji silah istehsalı üçün daimi xammal mənbəyi kimi qalmaqdadır. İndilikdə Ermənistan bilərəkdən “Metsamor” AES-in fəaliyyətinə son qoymur və mövcud təhlükəyə baxmayaraq, bu atom elektrik stansiyasından siyasi manipulyasiyalar üçün istifadə edilməsində də maraqlıdır. Daha bir problem odur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində “Metsamor” AES üçün anbar kimi istifadə olunan obyektlər aşkar edilib. Həmin anbarlardakı radioaktiv materialların kütləvi şəkildə oğurlanması və satılması haqda məlumatlar var. Bundan əlavə, Ermənistan ərazisində radiaoaktiv materialların saxlandığı hərbi və sənaye təyinatlı çoxlu obyekt yaranıb. Beləliklə, həmin tullantılar “çirkli bombalar” yaradılmasında istifadə edilə bilər. Bu isə təkcə Azərbaycan yox, bütün dünya üçün ciddi təhdiddir. Çünki “çirkli bombalar”ın əldə edilməsi bu gün terrorçuların xüsusi maraq dairəsindədir.
Nahid SALAYEV