Daşdəmir Əliyev: “Təxribatçı Ermənistan həmsədrlər tərəfindən öz adı ilə çağırılmalıdır”
Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdən sonra ermənilər ənənəvi taktikalarını işə salıb. Cəbhədə qəsdən atəşkəsi pozurlar. Gəlin Müdafiə Nazirliyinin yaydığı son bəyanata diqqət edək:
“Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub”.
Qeyd edək ki, baş tutan görüşdən sonra yayılan bəynatlarda bildirildi ki, tərəflərin razılığa gəldiyi məsələlərdən biri də təmas xəttində itkilərin azaldılması istiqamətində addımların atılması ilə bağlı olub. Ancaq biz tamamilə fərqli mənzərəni seyr edirik və görürük ki, Ermənistan nəinki əldə olunan razılaşmaya məhəl qoymur, daha da aqressiv mövqe sərgiləyir. Yaranmış vəziyyətə həmsədrlər hansı reaksiyanı verməlidirlər?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Ermənistan bu məsələdə öz ənənəvi taktikasına sadiqlik nümayiş etdirir: “Bunun bir sıra səbəbləri var. Birincisi, görüşün nəticəsiz olduğuna dair rəy formalaşdırmaq. Çünki məhz bu istiqamətlə bağlı müəyyən razılaşmanın olduğu bildirilirdi. Ancaq Sarkisyanın diqtəsilə baş verən gərginliklə Ermənistan bütün diqqəti təhlükəsizliyin təmin olunmasının vacibliyinə yönəltmək istəyir. Bununla da başqa proseslər arxa plana keçmiş olur. İkinci bir tərəfdən isə Ermənistanın daxilində olan narazı elektoratı daim müharibə xofu altında saxlmaqla erməni rəhbərliyi özü siyasətini yürüdür. Çox təəssüflər olsun ki, vasitəçilər bu məsələdə passiv mövqe ortaya qoyurlar. Azərbaycan münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır. Ona görə də biz dünya birliyinin bütün məsuliyyətli üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası işində prinsipial mövqe ortaya qoyulmasına ümid edirik. Son danışıqlar prosesində həmsədrlər də iştirak edib. Burada xüsusi rol sözsüz ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşməlidir. Çünki onların iştirakı ilə əldə olunan razılaşma dərhal pozulur. Həmsədrlər sülh danışıqlarının mühüm mərhələsindən sonra Ermənistanın belə təxribatlara əl atmasını kəskin şəkildə pisləməlidirlər. Tərəfləri atəşkəsə çağırmaqla məsələ həllini tapmayacaq. Təxribatçı Ermənistan həmsədrlər tərəfindən öz adı ilə çağırılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ