Bu gün erməni ordusunda müşahidə edilən başlıca problemlərdən biri də şəxsi heyətlə təminat məsələsidir. Ermənistanda hazırda müşahidə olunan demoqrafik problem isə yaxın tezlikdə orduya çağırmağa əsgər tapılmasını ciddi sual altında qoyur. Sosioloqlar bildirir ki, belə davam edərsə, beş ildən sonra Ermənistanda hərbi xidmətə çağırışçı tapılmayacaq. Hazırda ölkəni sosial vəziyyəti ağır olanlarla yanaşı, iş adamları da tərk edir. Onları narahat edən əsas problem isə qanunsuzluq, anarxiya, rüşvət və korrupsiyadır.
“Sosiometr” Sosial Araşdırmalar Mərkəzinin direktoru Aqaron Adibekyan isə qalan əhalinin də ağır vəziyyət üzündən köç etməyə hazırlaşdığını bildirir. Adibekyan vurğulayır ki, Ermənistan əhalisinin 45 faizi mütləq kasıblıq həddində yaşayır. O qeyd edib ki, apardıqları araşdırmalar nəticəsində həmin 45 faizin 10 faizinin dilənçi vəziyyətdə yaşadığı məlum olub: "Müəyyən etdik ki, ağır sosial vəziyyətlə əlaqədar uşaqlar məktəbə getmir. Ailələr buna səbəb kimi həmin uşaqların ayaqqabı və isti geyimlərinin olmamasını göstərir”. Adibekyanın sözlərinə görə, Ermənistanda əhalinin 900 min nəfəri kasıbdır, onların 310 min nəfəri isə yoxsul vəziyyətdədir. Mərkəz rəhbəri deyib kl, dünya üzrə ümumi daxili məhsulun həcminə görə Ermənistan 135-ci yerdədir və bu da ölkənin çox ağır durumda olmasının real təzahürüdür.
Araşdırmalar göstərir ki, Ermənistanda rəsmi orta əməkhaqqı təxminən 185 min dram və ya 340 dollardır. Lakin ümumi siyahıdan oliqarxlar çıxarsa, əhalinin əksəriyyətinin orta əməkhaqqı bu məbləğin yarısından azacıq çoxdur. Elə həmin rəsmi statistikaya görə, ölkədə işsizlərin sayı 18 faiz, yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ermənilərin sayı isə 29,8 faizdir. Bu təəccüblü deyil, çünki ölkədə orta pensiya 41 min drama və ya təxminən 80 dollara bərabərdir. Halbuki, İrəvan sakinləri qış aylarında təkcə qaz üçün 60 min dram, yəni təxminən 116 dollar, yay aylarında isə 20 min dram, yəni təxminən 40 dollar ödəməli olur. Erməni xalqı bu vəziyyətdə yalnız xaricdəki qohumlarının onlara göndərdiyi pullar hesabına yaşaya bilir. Amma bu pulların da məbləği getdikcə azalır. Belə vəziyyətdə qalan əhali üçün əsas çıxış yolu Ermənistanı tərk etməkdir.
BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan bildirir ki, bu gedişlə Ermənistan əhalisinin sayı növbəti iki on ildə 2,5 milyon nəfərə qədər azala bilər. Buna səbəb kimi yenə ölkədəki demoqrafik vəziyyət və miqrasiya problemləri göstərilir. Fondun məlumatına görə, ölkə əhalisinin artımı üçün doğuş sayının çoxalması və repatriasiya məqsədilə müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyonadək arta bilər. Ayrapetyanın sözlərinə görə, nəzəri olaraq bu mümkün görünsə də, praktiki cəhətdən çox çətindir. Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı da sadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir. O bildirib ki, Ermənistanın gəlirlərin bərabərsizliyi baxımından dünya ölkələri sırasında ilk onluqda qərarlaşması həmin məqsədin necə çətin olduğunu sübut edir. Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır. Reallıqda isə ölkədə iki milyondan da az adam yaşayır. Digər tərəfdən, erməni demoqrafların fikrincə, müstəqillik illərində Ermənistan qocalan millət ölkəsinə çevrilib, çünki yaşı 63-dən çox olan ölkə sakinlərinin sayı əhalinin ümumi sayının 12,6 faizi qədərdir. Demoqrafların hesablamalarına görə, yaxın tezlikdə Ermənistanda yaşı 65-ə çatmış sakinlərin sayı əhalinin ümumi sayının 25-27 faizi qədər olacaq. Bu, dövlət üçün sosial təminat baxımından ciddi siqnal olacaq.
Erməni ekspert Liya Xocoyan bildirir ki, əmək qabiliyyətli insanlar ağır sosial şərait, işsizlik, məhkəmə instansiyalarının ədalətsizliyi, korrupsiyanın hədsiz artması, oliqarxlaşma və inhisarlaşma səbəbindən ölkədən köçüb gedir. Onun sözlərinə görə, hökumət ölkədə əsl iqtisadi xaos yaradıb və vəziyyətdən çıxış üçün xarici borclara ümid edir. Amma bu borcu ödəmək getdikcə daha müşkül olur: “Ermənistanın xarici borcunun real gəlirlərdən çox olması bu ölkənin tam defolt həddinə yaxınlaşmasından xəbər verir. Beynəlxalq maliyyə təsisatları bununla əlaqədar dəfələrlə narahatlıq bildiriblər. Ermənistanda deyirlər ki, guya ölkədə yoxsulluq səviyyəsi 32 faizdir, həqiqətdə isə bu göstərici 60 faizdən çoxdur. Xaricdən cəlb edilən vəsaitlərə baxmayaraq, ölkədə davamlı inkişaf yoxdur, iqtisadi baza və müvafiq struktur yaradılmayıb“. Bütün bunlar fonunda Ermənistanı demoqrafiya sarıdan da ciddi böhran gözləyir.
Tahir TAĞIYEV