Mübariz Əhmədoğlu: “Erməni lobbisi nə qədər çalışsa belə, bu məsələdə iki ölkənin münasibətlərinə kölgə sala bilməz”
Son vaxtlar Rusiyanın bir sıra yüksək vəzifəli məmurlarının türk pomidorlarının guya Azərbaycan ərazisi vasitəsilə qanunsuz daşınması barədə ittihamları artıb. Bəzi məmurlar bununla bağlı Rusiya mətbuatına açıqlamalarında Azərbaycana yönəlik müxtəlif əsassız fikirlər səsləndirirlər. Halbuki, sözügedən fikirlər reallığı əks etdirmir.
Bu arada yayılan məlumata görə, bir neçə gün əvvəl “Rosselxoznadzor” Ermənistandan, Azərbaycandan və Belarusdan pomidorların idxalı üzərində nəzarəti sərtləşdirib.
Şənbə günü isə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov bu mövzunu hətta Rusiya prezidenti Vladimir Putinlə görüşdə yenidən qaldırmağı lazımlı bilib. Həmçinin, Azərbaycandan Putinə şikayət edib: “Biz, sözsüz, ciddi iş aparmalıyıq ki, türk pomidorları Belarus, Azərbaycan vasitəsilə qaçaqmalçılıqla Rusiyaya düşməsin və bu sahəyə ayırdığımız səyləri və yönəltdiyimiz investisiyaları heçə endirməsin".
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə Rusiya mətbuatına açıqlamasında bu ittihamlarla razı olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycandan Rusiyaya pomidor ixracının artması təbii istehsal artımı ilə bağlıdır: “Artan tələbi nəzərə alaraq 2014-2016-cı illərdə pomidor istehsalı üçün nəzərdə tutulmuş ərazi 1,6 dəfə genişləndirilib. Bu ilin 6 ayı ərzində pomidor istehsalı 261,7 min ton təşkil edib. 2016-cı ildə pomidor istehsalı 502,7 min ton olub”.
O da heç kəsə sirr deyil ki, zaman-zaman erməni lobbisi Rusiya-Azərbaycan münasibətlərini pisləşdirmək üçün səy göstərir. Bəzi hallarda, erməni loibbisinə yaxın olan ölkə məmurları buna cəhd edirlər. O baxımdan iki ölkənin münasibətlərini korlamaq üçün pomidorla bağlı əsassız məlumatlar erməni lobbisinin işi ola bilərmi?
Məsələyə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu bunu istisna etdi. O bunu onunla əlaqələndirdi ki, Rusiya Ermənistan üzərindən də pomidor idxalına nəzarəti artırıb: “Nəzərə almaq lazımdır ki, erməni lobbisi Rusiya-Türkiyə münasibətlərinin arasına girə bilmir. Baxmayaraq ki, erməni lobbisi bu məqsədlə bütün resurslardan istifadə edir. Onlar çalışırlar ki, Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərini korlasınlar. Rusiyanın ölkə daxilində pomidor istehsalını artırmaq üçün böyük planı var. Bu məqsədlə bir sıra layihələrə böyük investisiya yatırılıb. Türkiyədən pomidor idxalı genişləndirilsə, o zaman Rusiyanın bu sahəyə qoyduğu sərmayə səmərə verməz. Yəni idxal olunan Türkiyə pomidoru ilə rəqabət apara bilməz. Başqa bir tərəfdən, Rusiya məmurları nəzərə almalıdırlar ki, Azərbaycanın Türkiyə ilə birbaşa ümumi sərhədi yoxdur. Bəzən Rusiya ilə Türkiyə münasibətlərində tərəflər tarixi ifratçılığa varır. Məsələn, Ərdoğan hökuməti Rusiya ilə münasibətləri yaxşılaşdırır, o biri tərəfdən də bəyan edirlər ki, Krım Ukrayna torpağıdır. Düşunmürəm ki, erməni lobbisi bu məsələdə öz niyyətinə çata bilsin. Çünki pomidor idxalı məsələsində Rusiya Ermənistana da embarqo qoyub. Birinci Rusiya Ermənistan vasitəsilə bu ölkəyə gələn Türkiyə pomidorunu dayandırdı. Məsələ ondadır ki, Ermənistan Gürcüstan üzərindən müxtəlif yollarla Türkiyə pomidorunu əldə edib Rusiyaya ixrac edirdi. Erməni lobbisi nə qədər çalışsa belə, bu məsələdə Rusiya-Azərbaycan münasibətlərinə kölgə sala bilməz. Başqa bir tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında 2 il öncə yaşanan məlum hadisələrdən sonra Azərbaycan pomidoruna tələbat artdı. O üzdən, ölkədə pomidor istehsalı xeyli genişlənib. İstehsal olunan məhsulun böyük hissəsi Rusiyaya ixrac olunur. Ona görə də guya Türkiyə pomidorunun Azərbaycan üzərindən Rusiyaya ixrac olunması barədə səslənən fikirlər reallığı əks etdirmir”.
Vidadi ORDAHALLI