Aydın Mirzəzadə: “Danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür”
Qabil Hüseynli: “Görüşdən sonra Sarkisyan bildirdi ki, iki prezidentin görüşü münaqişəni həll edə bilməz”
Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.
Görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı yayılıb: "Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezident Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçirdilər.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa, Endrü Şefer - Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də qatılıb".
Bəyanatda qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib: "Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".
Verilən bəyanatdan aydın olur ki, yekunda iki mühüm istiqamət üzrə razılığa gəlinib - danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görmək və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq.
Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər.
Danışıqlarda əldə edilən razılaşma perspektiv üçün nə vəd edir?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin sözlərinə görə, görüşdən dərhal sonra verilən birgə bəyanatdakı müddəalar optimizm üçün əsaslar verirdi: “Çünki təmas xəttində gərginliyin azaldılması və intensiv danışıqlar prosesinin bərpası problemin həllinə hansısa təkanın verəcəyinə ümidlər yaradırdı. Ancaq Sarkisyanın verdiyi açıqlama bunları alt-üst etdi. Ermənistan prezidenti Serj Sarkisyan Cenevrə görüşündən öncə demişdi ki, o görüşdən heç nə gözləmir. Görüşdən sonra isə Sarkisyan bildirdi ki, iki prezidentin görüşü münaqişəni həll edə bilməz. Sarkisyan Rusiyanın himayəsi altında hərəkət etməyə, həmçinin, Rusiyanın dəstəyini çiynində hiss etməyə öyrəşib. Görünən budur ki, təkbətək görüşdə Sarkisyanı məmnun etməyən məqamlar ortaya çıxa bilər. Onların əsas məqsədi Azərbaycan torpaqlarına sahiblənməkdir. Bunu da beynəlxalq qüvvələrin köməyi ilə həyata keçirmək istəyirlər. Bu isə baş tutası deyil. Ona görə də görüş nəticəsiz qalır. Ermənistan işğalçı dövlətdir və öz şərtlərini diqtə edə bilməz. Digər dövlətin ərazisini işğal edən, etnik təmizləmə aparan dövlət sanksiyaya məruz qalmalıdır. Təəssüf ki, bu sanksiya tətbiq edilmir. Bundan sonra ola bilsin ki, bu məsələ BMT və ATƏT çərçivəsində geniş müzakirə edilsin”.
Millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Cenevrədə zirvə görüşü Azərbaycanın diplomatik uğurudur: “Ermənistan Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların keçirilməsi üçün mümkün olmayan şərtlər irəli sürürdü, ancaq sonra özü bu şərtlərdən imtina edərək danışıqlara getdi. Ümumən götürdükdə Azərbaycanın mövqeyi qəbul edilir. Digər tərəfdən isə Azərbaycan dəfələrlə danışıqlara ortada konkret bir təklif olarsa, həmçinin, Ermənistan tərəfdən konstruktiv mövqe olarsa, gedəcəyini bildirmişdi. İndi prezidentlərin danışıqları davam etdirmək və gərginliyi azaltmaq üçün addımlar atmaq barədə razılığa gəlməsi göstərir ki, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi artıq əsas prinsip kimi götürülür və Ermənistan bu gün işğal kursunun davam etdirilməsinin ilk növbədə onun maraqlarına böyük zərbə olduğunun fərqinə varır”.
Məhəmmədəli QƏRİBLİ