Elşən Mustafayev: “Rusiya hələ proseslərin axarına tamaşa edir, yetişən ərəfədə Ermənistana öz sözünü deyəcək”
Avropa Birliyi ilə Ermənistan arasında bağlanacaq sazişin mətni gözlənilmədən ictimaiyyətə açıqlanıb. “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqda” sazişin bu ilin noyabrında Brüsseldə – Şərq Tərəfdaşlığı Sammitində imzalanması gözlənir. Saziş layihəsinin mətninin tərcüməsi Ermənistan Xarici İşlər Nazirliyinin saytına da yerləşdirilib.
Bir ay qabaq AB-nin Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalski demişdi ki, sazişin mətni imzalanana qədər sirr kimi saxlanacaq. Ermənistan XİN-dən deyiblər ki, belə sazişlərin mətni adətən qabaqcadan dərc edilmir, amma hər iki tərəfin razılığı ilə mətn ictimaiyyətə açıqlanıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan deyib ki, mətnin açıqlanmasında qeyri-adi heç nə yoxdur. Bu onu göstərir ki, tərəflər sənəd üzərində işi tam başa çatdırıblar.
Ermənistanın AB ilə sazişi imzalamağa hazır olduğunu ölkə prezidenti Serj Sarkisyan bu yaxınlarda BMT-nin tribunasından da bildirib.
Aşotyanın sözlərinə görə, sazişin imzalanması qarşısında heç bir maneə yoxdur.
Sənədin layihəsi AB ilə Ermənistan arasında siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlığı, Ermənistanın Birliyin proqramlarında fəal iştirakını nəzərdə tutur.
Saziş layihəsində o da qeyd olunur ki, “Metsamor” atom elektrik stansiyasının bağlanması vacibdir, Qarabağ probleminin sülh yolu ilə həlli, danışıqların Minsk Qrupu formatında davamı mühümdür.
Aşotyan deyib ki, sənəddə Minsk Qrupu formatının əks etdirilməsi Ermənistanın maraqlarına uyğundur, çünki onun iddiasına görə, Azərbaycan münaqişənin həllinə Minsk Qrupundan kənar formatların cəlb edilməsinə çalışır. Aşotyan hesab edir ki, AB belə cəhdlərə qarşı olduğunu nümayiş etdirir.
Saziş layihəsinin mətni 2013-cü ildə imzalanması gözlənilən, amma baş tutmayan sənədlə demək olar ki, eynidir.
Maraqlıdır, bu sənədin ictimaiyyətə açılması ilə paralel olaraq, Ermənistanın aparıcı KİV-ləri və politoloqları belə bir təbliğat aparmağa başlayıb ki, həmin sənəddə Rusiya ilə münasibətlərə xələl gətirəcək nəsə yoxdur. Ermənistan, bir növ, sənəd imzalanana kimi bu üsulla Rusiyanın başını tovlamağa çalışır.
Doğrudanmı Ermənistanın atacağı addım Rusiyaya ziyan etmir?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Ermənistan bu üsulla Rusiyanın fikrini yayındırmağa çalışır: “Ancaq Rusiya nəhəng dövlətdir, nəyin baş verdiyini gözəl bilir. Ermənistan düşünür ki, Rusiyadan istədiyini alıb, indi də bir az Qərblə oynasın və yalnız bu siyasət onları səfalətdən xilas edə bilər. Sənəddə konkret olaraq Rusiyaya yönəlik bəndlər olmaya bilər. Ancaq mahiyyət baxımından Rusiya ilə həmin sazişi imzalayan ölkələr üz-üzə durub. Yəni fərqli cəbhələr sayılır. Məsələn, Azərbaycanın həmin sənədə imza atması Rusiya üçün Ermənistanla eyni dərəcədə müqayisə edilə bilməz. Çünki Azərbaycan müstəqil siyasət yürüdür, Rusiyanın heç bir boyunduruğuna girməyib. İstədiyi istiqamətə kurs götürə bilər. Ermənistan isə Rusiya ilə eyni sırada yer alır, daha doğrusunu desək, onun vassalıdır. İndi belə bir ölkə birdən-birə Rusiyanın əlindən çıxıb başqa yerə meyllənmək istəyir. Ermənistan belə bir sevdaya hələ 2013-cü ildə düşmüşdü.Həmin il Ermənistan qəfildən sazişi imzalamaqdan imtina etmiş, Rusiyanın təşəbbüsü ilə yaradılmış Avrasiya İttifaqına qoşulmuşdu. Müşahidəçilər bunun Kremldən gələn ciddi təzyiqlərlə bağlı olduğunu vurğuladılar. İndiki sənəd layihəsində iqtisadi məsələlərə aid müddəalar əvvəlkindən xeyli fərqlənir. “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən Gürcüstan, Ukrayna və Moldovadan fərqli olaraq, Ermənistana azad iqtisadi zonaya daxil olmaq haqqı verilmir. Əgər imzalanarsa, sənədi həm Ermənistan parlamenti, həm də Avropa Birliyinin üzvü olan ölkələrin parlamentləri təsdiqləməlidir. Ermənistan rəhbərliyi sazişin layihəsini Rusiyadan sığortalanmaq üçün açıqlayıb. Yəni xalq görsün ki, hakimiyyət onları işıq gələn tərəfə çəkir, amma Rusiya buna imkan vermir. Yəqin ki, Rusiya hələ proseslərin axarına tamaşa edir, yetişən ərəfədə Ermənistana öz sözünü deyəcək”.
Məhəmmədəli QƏRİBLİ