Elşən Həsənov: “Ermənistan real vəziyyətinə görə regional sabitliyi pozan ən başlıca dövlətdir”
Ermənistan mətbuatının verdiyi məlumata görə, İran parlamentinin spikeri Əli Laricani İrəvanı təmsil edən rəsmilərlə Sankt-Peterburq şəhərində keçirdiyi görüş zamanı Ermənistanın regional təhlükəsizlikdə oynadığı guya müsbət roldan danışıb. Düzü, bu məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərik. Çünki praktikamızdan məlumdur ki, Ermənistan KİV-ləri əksər hallarda başqa ölkə rəsmilərinin fikirlərini kontekstdən çıxararaq öz xeyirləri üçün interpretasiya edirlər.
İstənilən halda, bununla bağlı münasibəti İran tərəfi açıqlamalıdır. Ancaq bizim üçün maraqlı olan dövriyyəyə buraxılan absurd bir fikrin reallıqla nə dərəcədə uzlaşıb-uzlaşmadığına aydınlıq gətirməkdir. Doğrudanmı Ermənistan regional təhlükəsizliyin təmin olunmasında müsbət rola malikdir və İran spikeri həqiqətən belə söyləyib?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, bu tamamilə absurd bir yanaşmadır: “Gəlin Ermənistanın yerləşdiyi regiona diqqət edək. Burada hansı ölkələr var və onlardan hansı regionun təhlükəsizliyi üçün problem yaradır? Təbii ki, bu sarıdan öndə gələn Ermənistan olacaq. Çünki bu ölkənin vəziyyəti, yürütdüyü siyasət göz önündədir. Özü ilə qonşu olan bir ölkənin 20 faiz torpağını işğal etmək nəyə dəlalət edə bilər? Belə bir ölkənin regionun təhlükəsizliyinə hansı töhfəsi olar? Səslənən fikrin İran rəsmisinin adından təqdim olunması isə daha da təəccüblüdür. Cünki məhz Azərbaycanın İranla həmsərhəd olan böyük bir ərazisi hazırda terrorçuluqla məşğul olan separatçı qurumun əlindədir. Əslində, bu faktın özü İran üçün böyük təhlükə mənbəyidir. Hətta bir neçə İran KİV-ində həmin ərazilərdən kontrabanda sayılan malların keçirildiyinə dair materiallar dərc olunub. Belə olan təqdirdə, İranın yüksək çinli bir rəsmisinin oxşar absurd bəyanat səsləndirməsi nə dərəcədə məntiqi sayıla bilər? Birmənalı şəkildə deyə bilərik ki, Ermənistan bir ölkə kimi nəinki region üçün, həm də bütün beynəlxalq aləmə təhlükədir. Yadınızdadırsa, həmin ölkədən uranın satıldığına dair məlumatlar da yayıldı. Deyilən vəziyyət bütün dünyada ciddi narazılığa səbəb oldu. Ermənistanın hazırda işğal altında saxladığı ərazilər tam nəzarətsizdir. Rəsmi İrəvan bundan yararlanaraq orada ürəyi istəyəni edir. Ən çox da qanunla qadağan edilmiş fəaliyyətlərlə məşğuldur. Terrorçuların hazırlanması, narkotiklərin əkilib becərilməsi və tranziti və s. fəaliyyətlər necə təhlükəsizlik üçün qarant sayıla bilər? Ermənistanın etdiyi separatçı meyllər artıq başqa ölkələrə də sıçrayır ki, bu da bütün dünya üçün potensial təhlükə mənbəyinə çevrilmiş olur. Ermənistan real vəziyyətinə görə regional sabitliyi pozan ən başlıca dövlətdir”.
Məhəmmədəli QƏRİBLİ